Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dünyanı heyran qoyan türk abidələri

Ümumtürk yadigarları UNESCO siyahısında

Dünyanı heyran qoyan türk abidələri

Biz çox istəyirik ki, türkdilli xalqlar, ölkələr arasında birlik daha da güclənsin. Bu, bizim tariximizdir, bizim mədəniyyətimizdir, bizim köklərimizdir. Eyni zamanda, bu, bugünkü vəziyyətin reallıqlarıdır.
İlham Əliyev 
Azərbaycan Respublikasının Prezidenti

 

 

 

Qədim, zəngin mədəni irsə malik olan türk xalqları tikib-yaratdıqları tarixi abidələr, maddi mədəniyyət nümunələri ilə dünyanı heyran qoyurlar. Həmin abidələrin bir çoxu özünəməxsus gözəlliyi və əzəməti ilə bu gün də turistləri özünə cəlb edir. Türk dünyasının böyük fikir adamı Xoca Əhməd Yəsəvinin mavzoleyi, Şirvanşahlar sarayı, qayaüstü təsvirləri ilə Qobustanı xatırladan “Tamqalı” kimi abidələr təkcə türk dünyası üçün dəyərli deyil, həm də UNESCO-nun Maddi Mədəni İrs Siyahısına daxil edilərək bəşəriyyətin qiymətli mədəni xəzinəsi kimi mühafizə edilir. 


Azərbaycanda UNESCO-nun Ümumdünya İrsi Siyahısına Şirvanşahlar sarayı və Qız qalası ilə birlikdə, İçərişəhər və Qobustan qaya sənəti mədəni landşaftı daxildir. 1992-ci ildə ildə UNESCO-ya üzv qəbul edilmiş Azərbaycan 1996-cı ildə təşkilatla əməkdaşlıq haqqında memorandum imzalayıb. Məhz həmin dövrdən etibarən Azərbaycan UNESCO ilə hərətərəfli əməkdaşlıq etməyə başladı. 2000-ci ildə Bakı şəhərinin tarixi mərkəzi olan İçərişəhər memarlıq kompleksinin və Qız qalasının, 2007-ci ildə isə Qobustan dövlət tarixi-bədii qoruğunun Ümumdünya irsi siyahısına salınması mədəni irsimizin beynəlxalq səviyyədə daha geniş tanıdılmasında əhəmiyyətli addım oldu. 
Şirvanşahlar dövləti hökmdarlarının Bakı şəhərində yerləşən köhnə iqamətgahı olmuş kompleks XIII əsrdən XVI əsrə qədər tikilib. Buraya sarayla yanaşı, Divanxana, Şirvanşahlar türbəsi, Şah məscidi, Saray hamamı, ovdan, Seyid Yəhya Bakuvinin türbəsi və Keyqubad məscidinin qalıqları daxildir. Kompleksə nəzər yetirdikdə memarlıq üslubu baxımından Şirvan-Abşeron memarlıq məktəbinin qədim ənənələrini görmək mümkündür. Saray da daxil olmaqla, bəzi binalar XV əsrin əvvəllərində – Şirvanşah I Xəlilullahın hakimiyyəti dövründə tikilib. Saray XIX əsrdən bəri bir neçə dəfə təmir və bərpa edilib.
Saray həyətinin cənubunda və yaxınlığında XV əsrin ikinci yarısına aid Seyid Yəhya türbəsi yerləşir. Onu “Dərviş türbəsi” də adlandırırlar. Burada I Xəlilullahın saray alimi, ilahiyyatdan əlavə, tibb, riyaziyyat və astrologiya ilə də məşğul olan Seyid Yəhya Bakuvi dəfn edilib. Türbənin korpusu səkkizbucaqlıdır, üst hissəsi isə piramida şəklindədir. 
Uzun zamanlar Bakının simvolu kimi qəbul edilmiş Qız qalası 1964-cü ildən muzey kimi fəaliyyət göstərir. Hündürlüyü 28 metr, diametri birinci mərtəbədə 16,5 metr olan qala 8 mərtəbədən ibarətdir.
 Son illər Qız qalasında və onun ətrafındakı meydanda Novruz bayramı şənlikləri keçirilir. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə keçirilən bayram şənlikləri artıq ənənəyə çevrilib.
Ümumiyyətlə, Bakıya gələn turistlərin daha çox getdiyi və bəyəndiyi tarixi abidələr arasında Şirvanşahlar sarayı kompleksi və Qız qalası mühüm yer tutur.
Açıq səma altında muzey hesab edilən Qobustan Dövlət Tarixi-Bədii Qoruğu öz unikallığına görə dünya maddi abidələri içərisində seçilir. Əsasən Mezolit (orta daş dövrü) dövrünü əhatə edən abidə o dövrün insanlarının həyat və məşğuliyyətini əks etdirən qayaüstü rəsmlərlə buraya gələn turistlərin marağına səbəb olur. Qobustan rəsmlərində nəzərə çarpan cəhətlərdən biri də əsasən ovçuluqla məşğul olan insanların həyat tərzini əks etdirməsidir. Bu təsvirlər o dövr haqqında əyani təsəvvür yaratmaqla yanaşı, həm də o dövrün insanlarının incəsənət bacarıqlarını əks etdirir və bu baxımdan qiymətlidir. Burada turistlərə təqdim edilən “Ana zağa” başda olmaqla, digər mağaralar həm də qədim yaşayış məskənləri kimi əhəmiyyətlidir. Buradakı “Qavaldaş” qədim insanların ixtirası olsa da, hələ də bəşəriyyəti öz sehrli səsi ilə heyran etmək qüdrətini saxlayır. 
Səfəvilər dövlətinin qurucusu, Azərbaycan dilini ilk dəfə dövlət dili elan etmiş Şah İsmayıl Xətainin də uyuduğu Şeyf Səfi məqbərəsi dünya miqyasında mühafizə edilən abidələrdəndir. Ərdəbil şəhərində yerləşən məqbərə kompleksi 2010-cu ildə İranın təşəbbüsü ilə UNESCO-nun Maddi Mədəniyyət İrs Siyahısına daxil edilib və həyət ətrafında düzülmüş bir-birinə bağlı binalardan ibarətdir. Bu kompleksə Şeyx Səfi türbəsindən başqa, bir neçə türbə, o cümlədən Şah İsmayıl türbəsi, Çinixana deyilən bina, məscid, zəvvarlar üçün otaqlar və s. daxildir. Abidədə diqqətçəkən cəhətlərdən biri kaşıdan düzəldilmiş nəbati ornamentlərin və daxili tərtibatın zənginliyi ilə bağlıdır. Şeyx Səfi türbəsinin ətrafında yaradılan bu kompleks Şərqdə ən böyük ziyarətgahlardandır. Kompleksə məxsus olan bir sıra əşyalar hazırda Rusiyanın Dövlət Ermitajında sərgilənir. Özünəməxsusluğu ilə seçilən bu kompleks üçün toxunmuş Şeyx Səfi xalısı İngiltərənin “Viktoriya və Albert” muzeyindədir. 
2010-cu ildə siyahıya daxil edilmiş və öz tarixini qoruyub saxlayan Təbriz Tarixi Bazar Kompleksi isə Yaxın Şərqdə ən qədim ticarət mərkəzlərindən biri olub. Böyük İpək yolu üzərində yerləşdiyindən Təbrizə yolu düşmüş səyyah, tacir və zəvvarlar buraya üz tutmuşlar. Səfəvilər zamanından öz əhəmiyyətini müasir dövrə kimi qoruyub saxlaya bilib. Orta əsrlərdə venesiyalı səyyah Marko Polo öz xatirələrində Təbrizin İpək yolu üzərində yerləşməsindən bəhs edərkən bazar barədə də məlumat verib.
Azərbaycanın UNESCO ilə uğurlu əməkdaşlığı var və bu əməkdaşlığın daha da inkişaf etdirilməsində Birinci-vitse prezident Mehriban xanım Əliyevanın fəaliyyəti xüsusi yer tutur. Mehriban xanım Əliyeva 1995-ci ildən başlayaraq, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun və Heydər Əliyev Fondunun xətti ilə Azərbaycan mədəniyyətinin dünyaya tanıdılması istiqamətində bır sıra əhəmiyyətli layihələr həyata keçirib. Milli mədəni irsimizin beynəlxalq aləmə tanıdılmasında bu layihələrin rolu danılmazdır. Bunun nəticəsidir ki, Mehriban xanım Əliyeva Azərbaycanın mədəniyyətinin qorunması, öyrənilməsi və təbliğindəki xidmətlərinə görə 2004-cü ilin avqust ayında UNESCO-nun şifahi ənənələr və musiqi ənənələri sahəsində xoşməramlı səfiri adına layiq görülüb. Bundan başqa, onun UNESCO-nun keçmiş Baş direktoru Koişiro Matsuura tərəfindən (2008) gümüş xatirə medalı, bundan əvvəlki baş direktor İrina Bokova tərəfindən UNESCO-nun “Qızıl Motsart” medalı (2010) ilə təltif edilməsi göstərir ki, ölkəmiz Azərbaycan milli mədəni irsinin yaşadılması ilə yanaşı, həm də dünya mədəni irsinə diqqət və qayğı ilə yanaşır. Bu da ölkəmizin multikultural və bəşəri dəyərlərə, mədəni irsə hər zaman diqqətlə yanaşmasından irəli gəlir.
 Türkdilli ölkələrin dövlət başçılarının görüşlərində iqtisadi-siyasi müstəvi ilə yanaşı, mədəniyyət sahəsində də əməkdaşlığın vacibliyi vurğulanmış, türk xalqlarının qədim və zəngin mədəniyyət yaratması qeyd edilmişdir. Prezident İlham Əliyev Qəbələdə keçirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III Zirvə toplantısında TÜRKSOY-un fəaliyyətini yüksək qiymətləndirmiş, ümumtürk mədəni irsinin qorunması və təbliği ilə bağlı yeni fondun yaradılma təşəbbüsünü irəli sürmüşdü: “TÜRKSOY nəinki türkdilli dövlətlərdə, bütün türk diyarlarında fəal iş aparır və beləliklə, türk dünyasının birləşməsinə xidmət göstərir. Mən çox şadam ki, Azərbaycan tərəfindən irəli sürülmüş təşəbbüs də artıq reallaşır. Türk Mədəniyyətinə dəstək və Türk İrsinin Qorunması Fondunun tezliklə yaradılması çox önəmli hadisə olacaqdır”. 
Bu, bir daha onu göstərir ki, Azərbaycan ortaq mədəni irsə, tarixə, milli-mənəvi dəyərlərə malik qardaş türk xalqları ilə dostluq və əməkdaşlığı daha da gücləndirməkdə maraqlıdır. Sevindirici haldır ki, Günay Əfəndiyevanın rəhbəri olduğu Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ümumtürk mədəni irsinin qorunması, araşdırılması və təbliği istiqamətində vacib işlər görür.
Böyük türk mütəfəkkiri Əhməd Yəsəvinin uyuduğu türbə 2002-ci ildə UNESCO-nun siyahısına daxil edilib. 1389-cu ildə Teymurilər dövlətinin hökmdarı Teymur tərəfindən inşa etdirilmiş türbə Qazaxıstanın Türküstan şəhərindədir. Əmir Teymurun əmri ilə 1389-cu ildə Şirazdan mozaika, İsfahandan daş ustaları gətirilib. Ancaq 1405-ci ildə Əmir Teymurun ölümü ilə bu işlər yarımçıq qaldı. Müqəddəs Quranın bir sıra ayələrinin istifadə edildiyi türbədə Xocanın məzarının üzərindəki kiçik qübbədə kufi xətlə yazılanlar bu gün də məzmununa görə seçilir: “əl-Mülkü lillâh” – ”Mülk Allahındır”.
Qazaxıstanın bəşəri baxımdan qorunan digər abidəsi “Tamqalı” isə açıq səma altında qayaüstü təsvirləri əhatə edir. Təxminən, min hektarlıq ərazidə Tunc dövrünə aid olan arxeoloji landşaft Qobustan qayaüstü təsvirlərini xatırladır. Qayaüstü təsvirlər 1950-ci illərin sonunda aşkar edilsə də, XX əsrin 70-80-ci illərində tədqiq edilib. 2004-cü ildə UNESCO-nun Maddi Mədəni İrs Siyahısına daxil edilmiş “Tamqalı” Almatı şəhərinin şimal-qərbində Ankaray dağlarında yerləşir.
Sarıarka – Şimali Qazaxıstanın çölləri və gölləri 2008-ci ildə Kvebekdə Dünya İrsi Komitəsinin 32-ci sessiyasında bəşəri abidə olaraq qəbul edilib. Qazaxıstan üçün xarakterik çöl zonasında mövcud olan qoruqlar buraya daxildir. Həmin ərazi özünəməxsus faunası və təbiətinə görə seçilir. Digər maddi-mədəni irs nümunəsi İpək Yolu üzərindəki Çanan-Tyanşan dəhlizində olan obyektlər hesab edilir. Unikal təbiətə və gözəlliklərə malik bu ərazilər Kayalık, Karamerqen, Aktobe, Akırtas, Kulan kimi ünvanları əhatə edir və 2014-cü ildə bəşəri irs siyahısına daxildir. 2016-cı ildə UNESCO siyahısına daxil edilən növbəti maddi-mədəni irs nümunəsi Qərbi Tyanşan adlanır və buraya Karatau qoruğu, Aksu-Jabaqlinsk qoruğu və Sayram-Uqamsk milli parkı daxildir.
 

(ardı var)
Əfsanə BAYRAMQIZI, 
“Xalq qəzeti”

6 2018 23:09 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə