Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İspaniyanın Beynəlxalq və Strateji Araşdırmalar üzrə Fondunun təşəbbüsü ilə Azərbaycana həsr olunan videokonfrans keçirilib

İspaniyanın beynəlxalq münasibətlər və diplomatiya sahəsində tanınmış araşdırmalar institutlarından biri sayılan Beynəlxalq və Strateji Araşdırmalar üzrə Fondun (FESEI) təşəbbüsü ilə 2020-ci ilin Azərbaycanda “Könüllülər ili” elan olunması, eyni zamanda, COVID-19 pandemiyasına qarşı mübarizədə Azərbaycanın beynəlxalq əməkdaşlığa töhfəsi və könüllülərin bu prosesdə yaxından iştirakı mövzularında videokonfrans təşkil olunub.

AZƏRTAC xəbər verir ki, səfir Anar Məhərrəmov videokonfransda çıxış edərək ölkəmizdə geniş vüsət almış könüllülük hərəkatı barədə ətraflı məlumat verib, Azərbaycanda könüllülük fəaliyyətinin təşviqi məqsədilə dövlət tərəfindən dəstəkləyici addımların atılmasından, bu sahədə dövlət dəstəyi mexanizmlərinin təkmilləşdirilməsindən bəhs edib.

Bildirilib ki, Azərbaycan MDB dövlətləri arasında könüllülərin fəaliyyəti ilə bağlı qanun qəbul edən ilk ölkələrdən biri olub. Bu xüsusda, 2009-cu ildə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilmiş “Könüllü fəaliyyət haqqında” Qanunun Azərbaycanda könüllülük fəaliyyətinin yeni inkişaf mərhələsinə daxil olmasında əhəmiyyətli rol oynaması qeyd edilib. Sözügedən qanunun qəbulu Azərbaycanda könüllülərin təşkilatlanmasına əsas yaradıb, 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (“ASAN xidmət”) yanında ASAN Könüllüləri Təşkilatı təsis edilib.

Diqqətə çatdırılıb ki, Azərbaycan könüllülərinin Bakı şəhərində təşkil olunmuş “Eurovision-2012” mahnı müsabiqəsi, ilk Avropa Oyunları, Formula 1 Qran-pri yarışı, IV İslam Həmrəyliyi Oyunları və digər irimiqyaslı tədbirlərdə yaxından iştirak etmələri onların gələcək uğurlu fəaliyyətlərinə zəmin yaratdı.

Diqqətə çatdırılıb ki, 2019-cu il dekabrın 30-da Prezident İlham Əliyev tərəfindən 2020-ci ilin Azərbaycanda “Könüllülər ili” elan edilməsi haqqında Sərəncam imzalanıb, sözügedən sənədin imzalanması ilə ölkəmizdə könüllülük hərəkatı öz inkişafının yeni mərhələsinə qədəm qoyub, Azərbaycan könüllüləri ictimai həyatın əksər sahələrində, müxtəlif dövlət qurumlarında uğurlu şəkildə fəaliyyət göstərməyə başlayıblar.

Səfir A.Məhərrəmov COVID-19 pandemiyası dövründə ölkəmizdə həyata keçirilən tədbirlər çərçivəsində könüllülərin tənha yaşayan yaşlı insanlara, aztəminatlı ailələrə baş çəkdiklərini, onların zəruri ehtiyaclarının dövlət tərəfindən qarşılanması prosesində yaxından iştirak etdiklərini, həmçinin koronavirus infeksiyası ilə əlaqədar təcili qana ehtiyacı olan şəxslər üçün qanvermə aksiyasında fəal iştirak etdiklərini qeyd edib.

Ölkəmizdə pandemiyanın neqativ təsirlərinin minimum dərəcəyə endirilməsi məqsədilə həyata keçirilən qabaqlayıcı tədbirlər barədə ətraflı məlumat verən səfir pandemiya başlayan dövrdən etibarən əhalinin sağlamlığının, sosial müdafiəsinin dövlət başçısı İlham Əliyevin daim diqqət mərkəzində olmasından bəhs edib.

Qeyd olunub ki, dövlət sektoru üzrə 900 mindən çox işçinin, qeyri-dövlət sektoru üzrə isə 690 min işçinin əməkhaqqı saxlanılmaqla məşğulluğu təmin edilib, hər hansı əsassız ixtisarlara yol verilməməsi üçün bütün dövlət qurumlarına müvafiq tapşırıq verilib, sahibkarlara müraciət olunub. Pandemiya nəticəsində işsiz qalan şəxslərə birdəfəlik ödəmələr həyata keçirilib, habelə 80 min ailə - 330 min nəfər ünvanlı sosial yardım proqramından faydalanıb. Koronavirusla mübarizəyə cəlb edilən tibbi heyətin sosial təminatının yaxşılaşdırılması üçün əlavə addımlar atılıb, bu kateqoriyadan olan tibb işçilərinin əməkhaqqıları artırılıb.

Diqqətə çatdırılıb ki, koronavirusa qarşı regional və qlobal səviyyədə mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə Prezident İlham Əliyevin təşəbbüsü ilə bir neçə önəmli tədbir baş tutub. Belə ki, Prezident İlham Əliyevin sədrliyi ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının, habelə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında Zirvə görüşlərinin keçirilməsi, Ümumdünya Səhiyyə Təşkilatına və Qoşulmama Hərəkatının ən çox yardıma ehtiyacı olan üzv-dövlətləri üçün maliyyə dəstəyinin ayrılması ölkəmizin regional və qlobal miqyasda koronavirus pandemiyasına qarşı həmrəyliyin və əməkdaşlığın gücləndirilməsinə əhəmiyyətli töhfə verməsinin, Azərbaycanın etibarlı beynəlxalq tərəfdaş olmasının təzahürüdür.

BMT-dən sonra ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatının Zirvə görüşü zamanı təsisatın hazırkı sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının COVID-19 pandemiyasına həsr olunmuş dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifini irəli sürüb, təklif BMT üzv-dövlətlərinin əksəriyyəti tərəfindən təqdir edilərək dəstəklənib.

İspaniyanın da pandemiyadan əziyyət çəkən ölkələrdən biri olduğunu bildirən A.Məhərrəmov Azərbaycanın dost ispan xalqına bu çətin günlərdə dəstək nümayiş etdirdiyini, bunun bariz nümunəsi kimi cari ilin aprel ayında Heydər Əliyev Mərkəzinin üzərində COVID-19 pandemiyası ilə mübarizədə həmrəyliyin rəmzi kimi İspaniya bayrağının ispan musiqisinin sədaları altında videoproyeksiya oldunduğunu diqqətə çatdırıb.

Çıxışdan sonra videokonfransda iştirak edən müəllim və tələbələrin mövzu ilə bağlı müxtəlif sualları cavablandırılıb.

Qeyd edək ki, videokonfransa İspaniyanın Beynəlxalq və Strateji Araşdırmalar üzrə Fondunun sosial şəbəkələrdəki səhifələrindən 35 mindən artıq izləyici canlı olaraq qoşulub.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid

30 2020 11:53 -

Köhnə versiyamızdan xəbərləri izlə