Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Prezidentin təşəbbüsü bütün ölkələrin ümumi məsələsinə çevrilmişdir

Milli Məclisin Mədəniyyət komitəsinin sədri, siyasi elmlər doktoru Qənirə Paşayeva BMT-nin üzvü olan 130-dan çox dövlətin Prezident İlham Əliyevin BMT Baş Assambleyasının Xüsusi sessiyasının təşkil olunması təşəbbüsünü dəstəkləməsi ilə bağlı açıqlama verib.  Aşıqlamada deyilir:

–Azərbaycan Prezidentinin təşəbbüsü və sədrliyi ilə, mayın 4-də 120 üzvlü Qoşulmama Hərəkatının Təmas Qrupunun COVİD-19-a həsr edilmiş “Virtual Zirvə” Görüşü təşkil edildi. Bu tədbirdə, Qoşulmama Hərəkatına üzv dövlətlərlə yanaşı, BMT-nin Baş katibi, BMT Baş Assambleyasının Prezidenti, ÜST-ün Baş direktoru, Avropa Birliyi və Afrika Birliyi kimi beynəlxalq təşkilatların yüksək çinli nümayəndələri də iştirak etdi. Bundan öncə, aprelin 10-da, yenə cənab Prezidentin təşəbbüsü və sədrliyi ilə başqa bir beynəlxalq qurum – Türk Dövlət Başçıları Şurası “Virtual Zirvə” keçirmişdi. Bununla, Türk Şurası dünya miqyasında, dövlət başçıları səviyyəsində COVID-19 pandemiyasına həsr olunmuş “Virtual Zirvə” keçirmiş ilk beynəlxalq təşkilat olmuşdu.

Azərbaycan Prezidenti Qoşulmama Hərəkatının “Virtual Zirvə”sində çıxış edib qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə Xüsusi sessiyasının keçirilməsi təklifini irəli sürmüşdü. Təklif Nyu Yorkda – Qoşulmama Hərəkatına üzv 120 ölkə arasında yekdilliklə razılaşdırılmış, bunun ardınca Hərəkatın sədri – Azərbaycan Prezidenti İlham Əliyev, Qoşulmama Hərəkatına üzv ölkələr adından BMT Baş katibi Antonio Quterreşə müraciət ünvanlamışdır. BMT Baş katibi 28 may tarixində BMT Baş Assambleyasının “Prosedur qaydaları”nın müvafiq bəndinə uyğun olaraq, bütün üzv ölkələrə müraciət edərək 30 gün müddətində təşəbbüsə dair münasibət bildirilməsini xahiş etmişdi. Mövcud qaydalara əsasən, BMT-yə üzv ölkələrin çox hissəsi – bu isə 97 ölkə edir – təşəbbüsə dəstək verdiyi təqdirdə, xüsusi sessiya təşkil olunmalıdır. Azərbaycan tərəfində olan rəsmi məlumatlara görə, sözügedən müddətin bitməsinə qədər 130 ölkə təşəbbüsə dəstək verdiyi barədə Baş katibin ofisinə məlumat verib.

Bu, Qoşulmama Hərəkatının sədri statusunu daşıyan Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq təşəbbüsünün dəstəklənməsi, beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə, cənab Prezidentə olan böyük etimadın, ehtiramın növbəti göstəricisidir. Bu təşəbbüsə qarşı çıxış edən yeganə dövlətsə Ermənistan olmuşdur… Bu, həm  gözlənilən idi, həm də yox.  Gözləniləndi, ona görə ki Azərbaycanın artan nüfuzu, Azərbaycanın sözünün eşidilməsi, bir işğalçı ölkə olmaq etibarı ilə Ermənistanı narahat edir – bu aydındır. Gözlənilməzdi, ona görə ki bütün dünya COVİD-19-a qarşı mübarizədə həmrəyliyin vacibliyini vurğuladığı halda, Ermənistan qlobal xarakter daşıyan bu təşəbbüsə qarşı çıxış etməklə, BMT sistemində və dünya dövlətləri arasında özünü rüsvay etmiş olardı – necə ki oldu.  Azərbaycan Przidentinin təşəbbüsünün əleyhinə olmaqla, bütün dünya bir daha Ermənistanın əsl irticaçı mahiyyətinin şahidi oldu. – Bu da, demokrat libaslı, işğalçı zehniyyətli Paşinyan hökumətinin diplomatik səbatsızlığının, manevr imkanlarının tükəndiyinin əlamətidir. Qeyd edək ki, təşəbbüsü dəstəkləyən ölkələr dünyanın bütün bölgələrini əhatə edir.

Ümumilli liderimizin əsasını qoyduğu uğurlu xarici siyasətin cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilməsi ən ciddi faktor kimi undulmamalıdır. COVID--19-a gəldikdə, respublikamız, pandemiya ilə mübarizədə qlobal həmrəyliyin örnəyini göstərərək, ÜST-ə üst-üstə 10 milyon dollar həcmində könüllü ianə ayırmış, üstəlik, 30-dan artıq dövlətə humanitar yardım göndərmişdir. Ümumən, dünyada COVID-19-un pandemiya elan edilməsindən bəri, cənab İlham Əliyevin başçılığı ilə, regional və qlobal səviyyədə, beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədi ilə zəruri təşəbbüslər irəli sürülür və əməli addımlar atılır. Bir daha vurğulamaq istərdim ki, Qoşulmama Hərəkatının Sədri kimi Prezident İlham Əliyevin BMT Baş Assambleyasının COVID--19-a həsr olunmuş xüsusi sessiyasının keçirilməsinə dair təşəbbüsünə verilən böyük dəstək, dövlətlərin Azərbaycana olan böyük inamını ifadə edir. Pandemiya insanların həyatını təhlükə altına qoyan ciddi sağlamlıq problemləri yaratmaqla yanaşı, mənfi fəsadları hələ uzun müddət hiss olunacaq sarsıdıcı qlobal sosial-iqtisadi və humanitar təhlükələr yaratmışdır. Prezident İlham Əliyevin irəli sürdüyü və Qoşulmama Hərəkatı ölkələrinin müdafiə etdiyi təşəbbüs dünya dövlətlərinin əksəriyyəti tərəfindən qəbul ediliyi üçün xüsusi sessiyanın keçirilməsi artıq təkcə hərəkat üzvlərinin deyil, BMT-yə üzv olan bütün ölkələrin ümumi məsələsinə çevrilmişdir. Xüsusi sessiya pandemiya qarşısında beynəlxalq ictimaiyyətin tam olaraq səfərbər olunmasına münbit ortam yaradacaq və bu qlobal təhdidə qarşı elə məhz qlobal səviyyədə də cavabın tapılmasına öz müsbət töhfəsini verəcəkdir. COVID--19 pandemiyasının davam etməsi bir daha onu göstərir ki, dövlət və hökumət başçılarının, BMT Baş Assambleyasının Xüsusi sessiyası çərçivəsində təcili və təxirəsalınmadan bir araya gəlməsinə, dünyanı bürüyən koronavirusdan çıxış yollarını müzakirə etməsinə və həll yollarının tapmalısına böyük ehtiyac, ciddi tələbat vardır. Əlbəttə, pandemiya əbədi deyil, tədricən zəifləməsi, sıradan çıxması gözləniləndir; lakin dünyanın başqa problemləri vardır. Respublikamız cənab İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da, dünya ölkələrinin ümumi təhdidlər qarsında birləşməsinə və qlobal həmrəyliyin gücləndirilməsinə yönəlmiş fəaliyyətini davam etdirəcəkdir.

Hazırladı:
Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”

30 2020 10:28 -

Köhnə versiyamızdan xəbərləri izlə