Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Koronavirusla mübarizənin incə nüansları

Bu günlərdə bütün dünyada olduğu kimi, Azərbaycanda da koronavirusla mübarizə davam edir. Xüsusən də həkimlər fövqəladə rejimdə, gecə-gündüz çalışırlar. İnsanlarımıza həm şəfa verən, həm də bu durumdan çıxış yolu göstərən şəxslərdir onlar. Bu müharibədə ön cəbhədə vuruşaraq öz həyatlarını da riskə atırlar. Mərkəzi Gömrük hospitalının həkim nevroloqu və qadınlardan ibarət A milli futbol komandasının həkimi Lalə İbrahimova da bu günlərdə “ön cəbhə”də olanlardandır. L.İbrahimova yerli saytlara həm koronavirusla bağlı ölkəmizdəki ümumi vəziyyət, həm də bu durumdan çıxış yolları barədə danışır:

–  İxtisasından asılı olmayaraq ağ xalat geyinən bütün mütəxəssislər ön cəbhədə iştirak etməlidir. Çünki hamı 6 il tibb təhsili alır, sonra konkret sahə üzrə ixtisaslaşır. Lakin yaşı 55-dən yuxarı və yanaşı xəstəlikləri olan həkimlərimizin bu mübarizəyə qoşulmasını məsləhət görmürəm. Mən də, hamı kimi bu virusa yoluxmaqdan qorxuram. Lakin məni daha çox ölkəmizdə gün-gündən bu virusa yoluxanların sayının artması, xəstəxanaların dolması qorxudur. Əvvəllər yaşlıların və yanaşı xəstəlikləri olanların ağır vəziyyətə düşməsini görsək də, indi cavan, heç bir problemi olmayanların ağır vəziyyətə düşməsi daha çox narahatedicidir.

Bizim həkimlərdən ibarət müxtəlif qruplarımız var və o qruplarda, xaricdə, təmas xəttində mübarizə aparan həkimlər də var. Pandemiya elan ediləndən həkimlərimiz bu virus haqqında həmin qruplarda müzakirələr aparır, maksimum məlumatlanmağa çalışır və araşdırırlar. Həkimlərimizin və səhiyyəmizin bu məsələdən üzüağ çıxması məsələsinə gəlincə, əlbəttə ki, əgər insanlar karantin rejiminə ciddi şəkildə əməl etsələr, virusla insan arasında zəncirin qırılması baş verəcək, pandemiya yumşaq keçəcək və biz həkimlər də yoluxmuş bütün insanlara lazımi yardımı edə biləcəyik. Əks halda, biz çox acınacaqlı vəziyyətlə qarşılaşa bilərik. Buna görə də hər kəs çox məsuliyyətli olmalıdır.

Karantin müddətində insanlar bir sıra məsləhətlərə riayət etməsələr, sağlamlıqlarında narahatlıqlar yarana bilər. Bunlara bütün gün sosial şəbəkələrdə olmaq, gecələr yatmamaq və hərəkətsizlik aiddir. COVID-- 19 pandemiyası insanlarda stresin yaranmasına səbəb olub. Məlumatların çoxluğu və daim yenilənməsi informasiya yüklənməsinə, mənfi informasiya stressinə gətirib çıxarır. İnformasiya stressi insanlarda hər gün fasiləsiz olaraq sosial şəbəkələrdə 3 saatdan artıq vaxt keçirməsi nəticəsində hədsiz dərəcədə informasiya ilə yüklənməsinin sonucu olaraq yarana bilər. İnformasiya stressi özünü fizioloji səviyyədə yuxu pozğunluğu, yorğunluq, baş ağrısı, intellektual zəmində yaddaşın zəifləməsi, konsentrasiyanın pozulması, emosional səviyyədə qəzəb və depressiya ilə özünü biruzə verir. Həmçinin stres zamanı kortizolun səviyyəsi yüksəlir, toxumaların bu hormona qarşı həssaslığı aşağı düşür və beləliklə, iltihab əleyhinə maddələr az sintez edilir. Nəticədə orqanizm üzülür, immunitet zəifləyir. Mən karantin dövründə insanlara məsləhət görürəm ki, sosial şəbəkələrdə material oxuyan zaman hər 45 dəqiqədən bir aktiv fasilə etsinlər, COVID-- 19-la bağlı bütün məlumatları rəsmi qurumlardan oxusunlar, oturduqları otağın havasını tez-tez dəyişsinlər, uşaqları ilə ünsiyyət qursunlar, gecələr yatsınlar, ailə üzvləri ilə birlikdə idman etsinlər və Operativ Qərargahın verdiyi bütün tövsiyələrə əməl etsinlər. Verilən tövsiyələrə əməl etmək təhlükəsizliyimiz, xroniki xəstəliklərin kəskinləşməməsi və tez bir zamanda pandemiyaya qalib gəlməyimiz üçün çox önəmlidir.
Yoluxmalar artdıqca insanlar ailələrində, yaxınlarında, iş yoldaşları arasında yoluxanları gördükcə yoluxma qorxusu artır və əlbəttə ki, gərginlik də artır.

Əslində bu hal bütün xalqlarda belə olub. İnsanlar ilk əvvəl inanmayıblar, sonra yoluxma sayı artıb. Xəstələri ağır vəziyyətdə gördükdən sonra inanıblar. Bu mərhələni bütün xalqlar keçib. Bizim xalqımız da eyni mərhələni keçir. Sadəcə, başqalarının etdiyi səhvlərdən nəticə çıxarmaq lazım idi. İndi müdrik, dərin düşünən insanlar nəticə çıxarıb inanırlar. Səthi düşünən insanlar isə yalan sayıb inanmırlar.

Hazırladı:
Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

30 2020 10:26 - XƏBƏRLƏR
XƏBƏRLƏR
16 İyul 2020 | 14:20
Düşmənə Tovuz dərsi

Köhnə versiyamızdan xəbərləri izlə