Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Vətəndaşların nizam-intizamı və məsuliyyəti artmalıdır

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva qapalı məkanlarda tibbi maskadan istifadə olunmasını, sosial məsafənin gözlənilməsini şəxsi nümunələrində göstərir və bu barədə dəfələrlə vətəndaşlara müraciətlər ediblər. Qlobal məsələ ilə bağlı məsuliyyətsizlik göstərmək, laqeydlik nümayiş etdirmək mövcud vəziyyəti daha da kəskinləşdirə bilər. Düşünürəm ki, qapalı yerlərdə maskadan istifadə etməyənlər, sosial məsafəni gözləməyənlər barədə daha ciddi tədbirlər görülməlidir”.-- Bu fikri Milli Məclisin Mədəniyyət komitəsinin sədri, siyasi elmlər doktoru Qənirə Paşayeva deyib. O daha sonra bildirib:

–İyunun 24-də ölkəmizdə sayca 5-ci modul tipli xəstəxana Gəncədə istifadəyə verildi. Onlardan ikisi Bakıda, biri Sumqayıt şəhərində, biri isə Abşeron rayonunda fəaliyyət göstərir. Dövlətimizin başçısının da qeyd etdiyi kimi, modul tipli xəstəxanaların sayı 10-a çatdırılacaq. Koronavirus xəstələrinin sayının artdığını nəzərə alsaq, əlavə 2 min çarpayının əldə olunması xəstəliklə mübarizədə öz müsbət rolunu oynayacaq. Bütün dünya bu xəstəlikdən əziyyət çəkir və xəstələrin sayının kəskin artması bir çox ölkələrin səhiyyə sisteminə də böyük zərbə vurub. Təbii ki, heç bir ölkənin səhiyyə sistemi belə sürətlə artan xəstələrin müalicəsinə hazır deyildi. Eyni zamanda, digər problem isə xəstələrə xidmət edən həkimlərin sayı ilə bağlıdır. Həkimlərin sayını təbii ki, 2-3 ay ərzində artırmaq mümkün deyildir. Təəssüflər olsun ki, yoluxanların sayı kəskin artdığından həkim personalı çatışmır.   

Dövlət başçısının fikirləri hamıya nümunə olmalıdır: “Prezidentin tibbi maskadan istifadə ilə bağlı dedikləri, bu mövzuda bir daha çağırışlar etməsi diqqətçəkən məqamlardandır. Azərbaycan Prezidenti birmənalı olaraq vətəndaşları ehtiyatlı olmağa, sanitar-gigiyena qaydalarına riayət etməyə çağırdı: Bütün qapalı yerlərdə maska taxıram. Yaxşı, indi Prezident bunu edirsə, niyə başqası edə bilməz? Nə çətin şeydi bu? Heç bir əziyyət vermir, heç bir problem yaratmır. Sadəcə olaraq, məsuliyyətsizlik və deyə bilərəm ki, eqoizm və biganəlik.…Gərək indi məsuliyyətsiz adamlar bunu dərk etsinlər. Bir də ki, bu adamlara qarşı ictimai qınaq olmalıdır. Qapalı yerlərdə maska taxmayana qarşı, əlbəttə ki, cərimə tətbiq edilməlidir. Amma, eyni zamanda, bunu görən başqa vətəndaş onu tənbeh etməlidir, onu başa salmalıdır. Gözləməməlidir ki, polis gələcək, onu cərimələyəcək. Polis də insanları qorumaq üçün gecə-gündüz küçələrdədir, gecə-gündüz fasiləsiz işləyir. Ona görə qapalı şəraitdə hər kəs maska taxmalıdır”.

Sərtləşdirilmiş tədbirlərin əsas məqsədi yoluxmanın sürətini azaltmaqdır. Hər kəs yaxşı bilir ki, dərmanı tapılanadək koronavirus bizimlədir və biz bu xəstəliklə yaşamağa məcburuq. Dövlətin başçısının da vurğuladığı kimi, artıq kütləvi surətdə yeni davranış qaydaları tətbiq edilməlidir. Ona görə ölkəmiz bu problemlə üzləşib və biz çalışmalıyıq ki, bu vəziyyətdən şərəflə çıxaq. Dövlət tərəfindən atılmış addımlar əgər kütləvi surətdə ictimaiyyət tərəfindən dəstəklənməsə, müsbət heç nə demək mümkün deyil. Bizim dövlətimizə dəstəyimiz ondan ibarətdir ki, 3 adi qaydanı - maska, məsafə və dezinfeksiya –gözləyək, məsuliyyətli və nizam-intizamlı olaq.

Xəstəxanalar kifayət qədərdir, amma o xəstələrə baxan, qulluq edən həkim personalı çatışmır. Görün, ölkəmizdə nə qədər həkim bu xəstəlikdən dünyasını dəyişib. Axı həkimlər də yoluxur, həkimlər də ölür. Sabah bu pandemiya daha geniş vüsət alsa, vəziyyət necə olacaq?! Hər bir vətəndaş bu barədə ciddi düşünməlidir, vəziyyətin kritik olduğunu anlamalıdır. Prezident İlham Əliyev xəstəxananın açılışındakı nitqində həyəcan təbili çalaraq dedi: “Ona görə mən tapşırıq vermişəm ki, dövlət orqanları, yerli icra orqanları, hüquq mühafizə orqanları tərəfindən bu məsələyə daha ciddi nəzarət olmalıdır. Çünki bu, milli təhlükəsizlik məsələsidir. Dövlət nəzarəti, ictimai nəzarət, vətəndaşların nizam-intizamı və məsuliyyəti artmalıdır”.

Dövlətimizin siyasətinin əsasında Azərbaycan vətəndaşı və onun sağlamlığı ilə bağlı görülən işlər dayanır. Azərbaycan Prezidenti İlham Əliyev üçün insanların sağlamlığı həmişə, birmənalı və tərəddüdsüz şəkildə birinci yerdə olub.

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

30 2020 10:22 -

Köhnə versiyamızdan xəbərləri izlə