Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dərin zəkanız, müdrikliyiniz və alicənablığınız xalqımızın həyatını nurlandırır, cənab Prezident!

Az qala, yarım ildir ki, bəşəriyyətin başı üzərində təhlükəli qara kabus kimi dolaşan COVID–19 görülən bütün tədbirlərə baxmayaraq, geri çəkilmək niyyətində deyil. Getdikcə daha aqressiv şəkildə insanlara yoluxmaqda və can almaqda davam edir. Bu təhlükəli virusa qarşı bütün ölkələrdə ayrı-ayrılıqda mübarizə aparılsa da və dünyanın ən görkəmli alim və mütəxıssisləri bu işə cəlb edilsə də, hələ ki, xəstəlik əleyhinə təsirli dərman, yaxud vaksin hazırlanmayıb.

Şübhəsiz, koronavirus pandemiyası dünya birliyinin tərkib hissəsi olan Azərbaycandan da yan keçmədi. Lakin dövlət başçımız tərəfindən koronavirusun ilkin mərhələsində ölkəmizdə görülən qabaqlayıcı tədbirlər bizi çox böyük fəlakətlərdən qorudu. Elə bunun nəticəsidir ki, Azərbaycanda infeksiyaya yoluxanların sayı əhalinin ümumi sayı ilə müqayisədə çox aşağıdır. İndiyədək ölkədə 16 mindən bir qədər artıq insan infeksiyaya yoluxub, bunun 9 min nəfərdən çoxu sağalıb və 198 nəfər dünyasını dəyişib. Bu, dünyanın əksər ölkələri ilə müqayisədə aşağı göstəricidir. Bu məsələdə, şübhəsiz, qabaqlayıcı və məhdudlaşdırıcı tədbirlərin faydası olmuşdur.

Məlum olduğu kimi, may ayının əvvəllərində ölkədə müəyyən qədər yumşalma tədbirlərinə icazə verildi. Səbəb də bu idi ki, sağalanların sayı xəstəliyə yoluxanların sayından çox idi. Təəssüf ki bəzi insanlar yumşalma tədbirlərindən sui-istifadə edərək məsuliyyətsizliyə yol verdilər. Ən adi, elementar qaydalara belə əməl etmədilər. Halbuki, qayda-qanunları gözləməklə, daha doğrusu, insanların sıx olduğu ictimai yerlərdə maska taxmaq, 1,5-2 metrlik məsafə saxlamaq və dezinfeksiyaya əməl etməklə bu xəstəlikdən yayınmaq olardı.

Prezident İlham Əliyev bunları nəzərə alaraq, qayda-qanunların yenidən sərtləşdirilməsi barədə göstəriş verdi. Dövlət başçısı iyunun 24-də Gəncəyə səfəri zamanı 1 saylı Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusunun açılışı mərasimində bu barədə danışarkən dedi: “Həkimlər yaxşı bilirlər və artıq ictimaiyyətə də dəfələrlə bu fikir çatdırılıb ki, sərtləşdirilmiş tədbirlərin əsas məqsədi yoluxmanın sürətini azaltmaqdır. Hər kəs yaxşı başa düşür ki, koronavirus yoxa çıxmayıb və yoxa çıxmayacaq. Biz bu xəstəliklə yaşamağa məcburuq və artıq kütləvi surətdə yeni davranış qaydaları tətbiq edilməlidir. Ona görə bütün ölkələrin əsas səyləri odur ki, yoluxmanın sürəti azalsın, az insan xəstələnsin və ölkələrin səhiyyə sistemi imkan versin ki, bütün xəstələr lazımi müalicə alsınlar”. Prezident İlham Əliyev əlavə etdi ki, mənim üçün insanların sağlamlığı əsas prioritetdir.

Xalq bütün bunları görür və dəyərləndirir. Azərbaycan Prezidentinə göndərilən minnətdarlıq məktubları da bundan xəbər verir.

 

Allah Sizi xalqımıza çox görməsin

Cənab Prezident!

İyun ayının 3-də Ağcabədi rayonu­na səfəriniz ailəmizin böyük sevinc və iftixarına səbəb oldu. Səfərdən dərhal sonra rayonun 14 min əhalinin yaşadığı 4 yaşayış məntəqəsinə yol çəkilməsi və Sarıcalı kəndində 360 yerlik məktəb binasının tikilməsinə dair verdiyiniz sərəncamlar cəbhə bölgəsi və Qarabağ torpağı olan Ağcabədi rayonuna diqqət və qayğınızın təzahürüdür.

Cənab Prezident, biz hər zaman Sizi dəstəkləmişik və Sizinlə fəxr etmişik, bundan sonra da belə olacaq. Bizim Sizi dəstəkləməyimizin səbəbi xalqımızın rifahının yaxşılaşdırılması üçün yürüt­düyünüz ardıcıl siyasətdir. Bunu yalnız Vətən xainləri görməyə bilərlər. Dünyada tüğyan edən koronavirusla əlaqədar xalqımızın sağlamlığının qorunması üçün verdiyiniz qərarlar biz vətəndaşlara olan sevginizin bariz nümunəsidir. Fəxr edirik ki, Sizin kimi uzaqgörən Preziden­timiz var. Allah Sizi qorusun, Azərbaycan xalqına çox görməsin!

Hörmətlə,

Fazil ORUCOV,

ziyalı Ağcabədi rayonu, Kəbirli kəndi

Xalqımızın işıqlı günləri Sizin siyasətinizlə bağlıdır

Əziz və möhtərəm Prezidentimiz!

Mənə göstərdiyiniz son dərəcə böyük diqqət və qayğıya görə Sizə minnətdarlığımı ifadə etmək üçün söz tapa bilmirəm. Dövlətimizin yüksək mükafatlarından olan 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməyim mənə o qədər böyük bir sevinc bəxş edib ki, özümü dünya­nın ən xoşbəxt insanı hiss edirəm. Mənim həyatda amalım həmişə Vətənə xidmət olub. Ötən əsrin 90-cı illərinin əvvəllərində qəlbimin səsini dinləyərək Moskvada elmi fəaliyyətimi, radiasiya problemləri sahəsində araşdırmalar aparan laboratoriya müdiri vəzifəsini tərk edib Azərbaycana dönmüşəm. Ulu öndər Heydər Əliyevin etimadı ilə mənə Azərbaycan Respublikasının Milli Məclisində yüksək vəzifə həvalə edilib. Taleyimdən çox razıyam ki, parlament aparatının şöbə müdiri kimi ölkəmizin qanunvericilik bazasının inkişafında mənim də xidmətlərim olub.

Əziz və möhtərəm cənab Prezident! Azərbaycan xalqı xoşbəxtdir ki, Sizin kimi rəhbəri vardır. Sizin dərin zəkanız, müdrikliyiniz, alicənablığınız xalqımızın həyatını nurlandırır, onu gözəl gələcəyə aparır. Azərbaycanın işıqlı günləri ulu öndər Heydər Əliyevin davamçısı kimi Sizin həyata keçirdiyiniz uzaqgörən siyasətlə bağlıdır. Allah Sizi və ailənizi Azərbaycanımız üçün qorusun!

Dərin ehtiram hissi ilə,

Adilə ABASOVA,

fizika-riyaziyyat elmləri doktoru, professor

Bakı şəhəri, Nəsimi rayonu

Dünya Azərbaycanı etibarlı tərəfdaş kimi qəbul edir

Möhtərəm cənab Prezident!

Bir gənc müəllim olaraq Azərbaycanın bu günü və sabahı üçün gördüyünüz işləri yaxından izləyir və alqışlayıram. Pandemiya ilə mübarizə sahəsində gördüyünüz işlər göz qa­bağındadır. Əvvəlki illərdə səhiyyə sisteminin maddi-texniki bazasının möhkəmləndirilməsi, çoxlu sayda tibb ocaqlarının ərsəyə gətirilməsi, modul tipli xəstəxanaların operativ olaraq inşa edilib istifadəyə verilməsi harayımıza yetdi. Belə olmasaydı, xəstəliyə yoluxan insanları yerləşdirməkdə çətinlik yaranar, görülən tədbirlərin səmərəliliyi azalardı.

Sizin uğurlu siyasətiniz sayəsində Azərbaycan nəinki regionun, hətta, dün­yanın nüfuzlu öləklərindən birinə çevrilib. Bu gün bir çox ölkələr Azərbaycanı etibarlı tərəfdaş kimi qəbul edir, dünya­nın dörd bir yanından insanlar ölkəmizlə yaxından maraqlanırlar.

Sizə hər zaman böyük ehtiyacımız var, cənab Prezident!

Hörmətlə,

Müşfiq NAĞIYEV,

Hacıqabul rayonu, Kolanı kəndi

Ölkəmizdə pandemiya nəzarət altındadır

Hörmətli Prezident!

Mən məcburi köçkün övladı olaraq Sizə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya bizim üçün yaratdığınız şəraitə görə təşəkkür edirəm. Bu gün dünyanı bürüyən koronavirus pande­miyasının tüğyan etdiyi bir vaxtda Sizin gördüyünüz tədbirlər ölkəmizdə insan­ların bu virusa az yoluxmasına və ölüm sayının Avropa ölkələrinə nisbətən az olmasına gətirib çıxardı. Sizin yüksək idarəetmə bacarığınız nəticəsində ölkəmizdə pandemiya nəzarət altındadır.

Cənab Prezident, tutduğunuz bu yolda Sizə yeni-yeni uğurlar arzulayıram. Tanrı Sizi qorusun!

Hörmətlə,

Vəliyar ORUCLU,

Füzuli rayonu, Qayıdış-7 qəsəbəsi

Sizin siyasətinizi hər zaman dəstəkləyirik

Möhtərəm cənab Prezident!

Dünya ölkələrini təşvişə sa­lan, dövlətləri müflisləşmə həddinə gətirib çıxaran COVID-19 pandemi­yasının ölkəmizdə yarada biləcəyi fəsadların qarşısının alınması Sizin uzaqgörənliyinizin, yüksək idarəçilik qabiliyyətinizin, yeritdiyiniz düzgün siyasətin nəticəsidir. Bu sınaq ölkəmizdə xalqın dövlətə olan inamını, güvənini bir daha sübut etdi. Bu hadisələrin baş verdiyi dövrdə xalqımızın rifahı naminə görülən tədbirlər, atılan addımlar xalqı­mız tərəfindən yüksək qiymətləndirildi. Ümummilli lider Heydər Əliyev kimi, Siz də Azərbaycan xalqını təhlükəli vəziyyətlərdən qəhrəmancasına xilas edirsiniz.

Koronavirusa yoluxmanın aşkar olunduğu ilk vaxtdan etibarən xalqımızın sağlamlığını hər şeydən üstün tutmağı­nız xalqa verdiyiniz dəyərin təzahürüdür. Eyni zamanda, karantin qaydalarına xalqımızın mütləq əksəriyyətinin əməl etməsi xalqın dövlətə bağlılığının göstəricisidir. Xalqımızın bu çətin sınaq­dan xilas olunması üçün gördüyünüz tədbirlərə görə Sizə təşəkkür edirik, cənab Prezident!

Əzəli torpaqlarımızın qaytarılması uğrunda apardığınız mübarizədə Sizin siyasətinizi hər zaman dəstəkləyir, dövlətimiz, dövlətçiliyimiz, xalqımız uğ­runda hər bir tapşırığa hazır olduğumuzu bildiririk.

Hörmətlə,

Mütəllim MÜTƏLLIMZADƏ,

Naxçıvan Muxtar Respublikası, Ordubad rayonu, Yuxarı Əndəmic kəndi

Bu bəladan az itkilərlə çıxacağıq

Çox hörmətli Prezidentimiz!

Sizin koronavirus pandemiyasının qarşısının alınması üçün atdığınız qabaqlayıcı addımlar tam əminliklə deməyə əsas verir ki, bu bəladan az itkilərlə çıxacağıq.

Cənab Prezident, bizim sağlamlı­ğımızın qeydinə qaldığınız üçün Sizə minnətdarlığımızı bildiririk. Belə bir çətin vaxtda rayonumuza səfər etdiniz, möhtəşəm Olimpiya İdman Kompleksi­nin, Dövlət rəmzləri muzeyinin, Tərtər elektrik yarımstansiyasının, 6 yaşayış məntəqəsini birləşdirən, uzunluğu 21,5 kilometr olan Buruc–Güləbatlı–Xoruzlu– Kəbirli–Bayandurlu–Qaradağlı yolunun açılışlarını etdiniz. Biz tərtərlilər haqqın­da dediyiniz “Mən aprel döyüşlərindən sonra burada olarkən tərtərlilərin mərdliyini bir daha gördüm. Gördüm ki, onlar öz torpağından heç yerə gedən deyillər. Gördüm ki, bütün təhlükələrə baxmayaraq, öz torpaqlarında möhkəm dayanıblar” sözləri bizim vətəndaş məsuliyyətimizi, vətənpərvərliyimizi daha da artırıb.

Cənab Prezident, Tərtər rayonu, onun sakinləri haqqında dediyiniz xoş sözlərə, insanlarımıza verdiyiniz yüksək dəyərə görə Sizə minnətdarıq. Tərtərlilər Sizin apardığınız daxili və xarici siyasəti daim dəstəkləyirlər və Sizə sadiqdirlər.

Hörmətlə,

Etibar ƏHMƏDOV,

Tərtər rayonu

Əlillərə göstərdiyiniz belə isti münasibət bizi yaşamağa ruhlandırır

Hörmətli cənab Prezident!

Mən 1979-cu ildə hemofıliya xəstəliyi ilə dünyaya gəlmişəm. Bu xəstəlik səbəbindən çox ağrı-acılarım olub. Nəticədə 1-ci qrup əlil olmuşam. 2004-cü ildən ailəliyəm, iki övladım var. Bu məktubu Sizə yazmaqda məqsədim dərin minnətdarlıq hissimi bildirməkdir. Mən hər zaman ən çətin anımda dövlətin qayğısını hiss etmişəm. Bunun üçün Sizə və Mehriban xanıma borcluyam. Bu gün istər hemofiliya sahəsində, istərsə də sosial rifahımız üçün imzalanan bir çox sərəncamların bizim həyatımıza təsirini duyuruq.

Cənab Prezident, 20 ildən çoxdur ki, reabilitasiya məmulatlarından istifadə edirəm. Hazırkı pandemiya dövründə Protez-Ortopedik Bərpa Mərkəzində zənglərə operativ cavab verilməsi, elektron qaydada sənədlərin qəbulu, ünvanlarda xidmətlərin göstərilməsi, reabilitasiya vasitələrinin yaşayış ünvan­larına gətirilməsi həyata keçirilir. Bu bizə olan diqqət və qayğının təzahürüdür.

Bütün bunlar üçün Sizə bir daha dərin minnətdarlığımı bildirirəm. Bu çətin anlarda belə isti münasibət və ən əsası xüsusi diqqət biz əlilləri yaşamağa ruh­landırır. Çox sağ olun!

Hörmətlə,

Nurəddin ABDULLAYEV,

Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi

Təqdim etdi: Qüdrət PİRİYEV, “Xalq qəzeti”

30 2020 01:50 - XƏBƏRLƏR
XƏBƏRLƏR
16 İyul 2020 | 14:20
Düşmənə Tovuz dərsi

Köhnə versiyamızdan xəbərləri izlə