Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Hər kəs bu barədə düşünməlidir

İki gün öncə pandemiyaya qarşı mübarizə məqsədilə modul tipli daha bir tıbb müəssisəsinin Gəncədə açılışı oldu. Tibb elmləri doktoru, professor, Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, Türk Dünyası Pediatriya Birliyinin prezidenti Nəsib Quliyev bu barədə “Xalq qəzeti”nə açıqlamasında dedi:

– Qeyd edək ki, koronavirus pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması, bu virusa yoluxanların müalicəsinin yüksək səviyyədə təşkili, onların tezliklə sağalması istiqamətində görülən işlər birbaşa Prezident İlham Əliyevin xüsusi nəzarətindədir. Virusun yayılmağa başladığı dövrdən dövlət başçısının tapşırığına əsasən zəruri qabaqlayıcı, profilaktik və təxirəsalınmaz tədbirlərin görüldüyü danılmazdır. Bu istiqamətdə görülən kompleks işlər çərçivəsində Prezident İlham Əliyevin təşəbbüsü ilə modul tipli 10 yeni xəstəxananın tikintisinin xüsusi əhəmiyyəti var. Bu, tətbiq olunan xüsusi karantin rejimi dövründə ölkənin səhiyyə sisteminin indiyədək görünməmiş bu qlobal çağırışa və arta biləcək xəstə sayına tab gətirməsi üçün mövcud xəstəxanaların infeksion çarpayı fondunun artırılması baxımından müstəsna rol oynayır.

İyunun 24-də Gəncədə 1 saylı şəhər xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusunun açılışı oldu. Bundan əvvəl mayın 7-də paytaxtda açılışı edilən modul tipli ilk xəstəxana kompleksinin tikinti və quraşdırma işləri 3 həftə ərzində tamamlanmışdı. Bir ay sonra, iyunun 9-da Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə üç modul tipli xəstəxananın açılışı verilən vədin həyata keçirildiyinin bariz nümunəsi oldu. Bunlar paytaxtın Bilgəh qəsəbəsində, Sumqayıt şəhərində və Abşeron rayonunun Saray qəsəbəsində quraşdırılan modul tipli xəstəxana kompleksləri idi. Beləliklə, artıq 5 modul tipli xəstəxana istifadəyə hazırdır. Bu, COVID–19 pandemiyasının ölkəmizdə yayılması ilə mübarizədə olduqca mühüm əhəmiyyət kəsb edir. Modul tipli xəstəxanaların quraşdırılması ilə ölkənin səhiyyə sisteminin əlavə 2000 çarpayılıq ehtiyatı yaranır. Əsas məqsəd koronavirus xəstələrinin lazımi tibbi xidmətlərlə əhatə olunması üçün vahid idarəetməni, eyni zamanda, tibbi əlaqələndirməni təmin etməkdir.

Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirak etdikləri Gəncədəki modul tipli korpusun açılışı zamanı dövlət başçısı tövsiyə xarakterli çıxış etdi. O, pandemiyaya qarşı mübarizə üçün 3 milyard manatdan çox vəsait nəzərdə tutulduğunu qeyd edərək, bu vəsaitin bir hissəsinin xərcləndiyini, yeni avadanlıqlar alındığını bildirdi. Diqqətə çatdırdı ki, indi 23 laboratoriyamız olmasına baxmayaraq, artıq fevral, mart aylarında sifariş edilmiş avadanlığı, hansısa cihazı bəzən ala bilmirik. Çünki bunu istehsal edən ölkələr onu satmır, özləri üçün saxlayırlar. Ölkəmizin bu problemlə üzləşdiyini vurğulayaraq, pandemiya vəziyyətindən şərəflə çıxmaq üçün vətəndaşların dəstəyinə ehtiyac olduğunu dedi. Bildirdi ki, bunun üçün üç adi qaydanı gözləmək, buna əməl etmək və məsuliyyət, nizam-intizam göstərmək lazımdır.

Prezident dedi ki, inkişaf etmiş bir neçə ölkənin liderləri qeyd edirlər ki, pandemiya müharibədir və burada düşməni görmək mümkün deyil. Eyni zamanda, bilmək mümkün deyil, bu müharibə nə vaxt bitəcək: “Bunu heç kim deyə bilməz. İndi əlbəttə ki, hər kəs peyvəndi gözləyir, o cümlədən də biz. Amma bəzi həkimlərin fikrinə görə, peyvənd də bəlkə bu koronavirusu tam məhv edə bilməyəcək. Kim bilir? Bu peyvənd hələ icad edilməyib. Hələ bunun üzərində iş aparılır. Amma yoluxanların sayı artır, beləliklə, təhlükə də artır. Ona görə burada ancaq və ancaq vətəndaşların məsuliyyəti ön planda olmalıdır. Dövlət nə lazımdırsa, onu edir. Bundan artıq nəsə etmək mümkün deyil. Çünki nə lazım idisə, biz onu etmişik və edəcəyik. Bu məqsədlər üçün istənilən vəsaiti xərcləməyə hazırıq, vəsaitimiz də var və heç kimdən də asılı deyilik”.

Dövlət başçısı bəzi ölkələrdən fərqli olaraq, kredit üçün müraciət etmədiyini, beynəlxalq maliyyə qurumlarının məlumatına görə, dünyada 150 ölkənin kredit üçün müraciət etdiyini bildirdi. Amma Azərbaycanın buna ehtiyacı olmadığını diqqətə çatdırdı. Pandemiya başlayandan bütün tədbirlərdə əsas diqqəti vətəndaş məsuliyyətinə yönəldən Prezident yenə xüsusi olaraq bildirdi ki, qaydalara, tələblərə laqeyd olan insanlara qarşı ictimai qınaq olmalıdır. Qapalı yerlərdə maska taxmayana qarşı, əlbəttə ki, cərimə tətbiq edilməlidir. Amma, eyni zamanda, bunu görən başqa vətəndaş onu tənbeh etməlidir, onu başa salmalıdır ki, maska taxmamaqla tək özünü yox, yaxınlarının da həyatını təhlükəyə atırsan: “Mən maska ilə gəzirəm. Göstərmişəm, bir daha göstərirəm. Bütün qapalı yerlərdə maska taxıram. Yaxşı, indi Prezident bunu edirsə, niyə başqası edə bilməz? Nə çətin şeydi bu? Heç bir əziyyət vermir, heç bir problem yaratmır. Sadəcə olaraq, məsuliyyətsizlik və deyə bilərəm ki, eqoizm və biganəlik. Gənc nəslin nümayəndələri üçün bu xəstəlik o qədər də təhlükəli deyil və hesab edir ki, xəstələnərəm, sağalaram. Axı, yaxşı sən sağalarsan, amma sən yaşlı insanı da yoluxdurarsan. Sən onun həyatını təhlükə altına atırsan. Biz bu məsuliyyətsizliyə dözməliyikmi? Çünki bu, cinayətdir. Ona görə ictimai qınaq və çox ciddi dövlət nəzarəti olmalıdır”.

Bundan başqa, idarə rəhbərləri görəndə ki, onun işçisi maska taxmır, əlbəttə, tədbir görməlidir, dərhal həmin işçini tənbeh etməlidir, müvafiq qurumlara məlumat verməlidir. Prezident haqlı olaraq, belə getsə, cərimələrin həcminin artırılmağını tələb edəcəyini bildirdi. Həqiqətən də insanlar arasında elələri var ki, hələ də deyilənləri qulaqardına vurur, səhlənkarlığa davam edirlər. İyunun 24-də yoluxma sayının 590 olması da bu məsuliyyətsiz insanları ayıltmırsa, deməyə söz qalmır. Onlar görmürlərmi ki, həkimlər də müalicə prosesində hansısa ehtiyatsızlıqdan virusa yoluxur, həyatını itirir. Yoluxmalar artanda, İtaliyanın aqibətinin burada təkrarlanmayacağına kim zəmanət verir? Ölkədə nə qədər həkim var ki, bütün xəstələrə nəzarət etsin. Dövlət başçısı çıxışında bu məsələyə də toxundu: “İndi xəstəxanalar tikilir və bizim boş çarpayılarımız var, ancaq həkimlərin sayını necə artıra bilərik?! Gərək hər kəs bu haqda fikirləşsin, hər kəs düşünsün”.

Həqiqətən də anlamaq çətindir ki, ay vətəndaş, səndən sağlamlığın üçün cəmi üç şey tələb olunur: maska taxmaq, insanlarla məsafə saxlamaq və gigiyenaya əməl etmək! – Çoxmu çətindir? Başa düşməlisən ki, bu, sənin özünə lazımdır.

Azərbaycan Prezidenti Gəncədəki çıxışı zamanı haqli olaraq bir daha vurğuladı: “Dövlət nəzarəti, ictimai nəzarət, vətəndaşların nizam-intizamı və məsuliyyəti artmalıdır. Əgər biz görsək ki, nizam-intizam bundan sonra da pozulur, onda fikirləşərik, daha hansı təsirli addımlar atılsın ki, bu qaydaları pozanlara qarşı daha ciddi tədbirlər görülsün”.

Hazırladı: Zərifə BƏŞİRQIZI, “Xalq qəzeti”

30 2020 01:43 - XƏBƏRLƏR
XƏBƏRLƏR
16 İyul 2020 | 14:20
Düşmənə Tovuz dərsi

Köhnə versiyamızdan xəbərləri izlə