Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Yaşıllar” Fransada bələdiyyə seçkilərində ciddi uğur qazanıblar

“Euronews” agentliyi xəbər verir ki, bu il iyunun 28-də Fransada keçirilən bələdiyyə seçkilərinin ikinci turunda sol mərkəzçi par­tiya sayılan “Avropa-ekologiya-yaşıllar”ın nümayəndələri Lion, Marsel, Bordo, Strasburq, Tur və Bezanson kimi iri şəhərlərdə inamlı qələbə əldə ediblər.

Siyasi təhlilçilərin fikrincə, “Yaşıllar”ın parlaq uğuru Fransa Prezidenti Emmanuel Makron üçün ciddi siyasi çağırışdır. Belə ki, növbəti prezident seçkilərində, yuxarıda adı çəkilən partiyanın timsalında ənənəvi rəqibləri – respublikaçılar və sosialistlərdən daha mütəşəkkil “sol cinah”la qarşılaşa bilər.

E.Makronun “İrəli, Respublika!” partiyası gözlənildiyi kimi, bələdiyyə seçkilərinin ikinci turunda da heç cür fərqlənə bilməyib. Yeganə təsəlliverici hal budur ki, hökumətin başçısı Eduard Filipp yenidən Qavr şəhər bələdiyyəsinin sədri seçilib. Xatırladaq ki, baş nazir xeyli müddətdir ki, bu iki posta rəhbərlik edir.

Yeri gəlmişkən, siyasi dairələrdə dövlət başçısı ilə hökumətin rəhbəri arasında münasibətlərin “soyuq” olduğu barədə fikirlər dolaşır. Çoxları, hətta, E.Filippin tezliklə baş nazir vəzifəsindən gedəcəyini istisna etmirlər. Baş nazir özü isə deyib ki, 2022-ci ilədək hər iki vəzifəni icra etmək niyyətindədir.

Millətçi Marin Le Penin başçılıq etdiyi “Milli birlik” partiya­sının təmsilçisi isə Perpinyan şəhərində respublikaçı rəqibi Jan Mark Pyujolyu üzərində qələbə qazanaraq, onun üçüncü dəfə mer postunu tutmasına imkan verməyib. Bununla da, Le Penin nəzarətində olan şəhər bələdiyyələrinin sayı beşə çatıb. Xanım partiya sədri bu qələbəni gələcək daha böyük uğurlara “yaxşı start” adlandırıb. Deyib ki, “qələbə göstərdi ki, biz böyük icmaları idarə etməyi bacarırıq”.

Paytaxt Parisin şəhər bələdiyyəsinin idarəçiliyi isə bundan sonra da sosialistlərin nəzarətində qalacaq. Belə ki, hazırkı şəhər meri Ann İdalqo səslərin yarıdan çoxunu əldə edərək, rəqiblərini xeyli geridə qoya bilib.

M.HACIXANLI, “Xalq qəzeti”

30 2020 01:33 - XƏBƏRLƏR
XƏBƏRLƏR
16 İyul 2020 | 14:20
Düşmənə Tovuz dərsi

Köhnə versiyamızdan xəbərləri izlə