Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan həm də bəşəriyyətin xilasına çalışan dövlət kimi tarixə düşdü

Bəşəriyyətin başı üzərini almış koronavirus  təhlükəsi dünyanı  ciddi sınaq qarşısında qoyub. Bəzi dövlətlər bu sınaqdan layiqincə çıxmaqdadır, bəziləri isə çoxsaylı insan itkisi ilə. Azərbaycan isə daha az itki verməklə,  pandemiya ilə mübarizəni düşünülmüş şəkildə davam etdirir. COVID-19 pandemiyası zamanı hər bir dövlətin öz strategiyası, koronavirusa qarşı mübarizədə fərqli yanaşma tərzi və öz metodları mövcud oldu. Azərbaycanın pandemiyaya qarşı mübarizədə göstərdiyi nümunə diqqətəlayiqdir. Bunu Ümumdünya Səhiyyə Təşkilatının rəhbərliyi də təsdiqləyir.  Məlum olduğu kimi,  Azərbaycanda koronavirus pandemiyasından bir qədər əvvəl həyatın bütün sahələrinə təsir göstərən böyük islahatlar elan edildi və qısa müddətdə uğurlar əldə edildi.  Həmin islahatlar koronavirus təhlükəsinə qarşı mübarizədə də mühüm rol oynadı.

Prezident İlham Əliyevin təşəbbüsü ilə iki nüfuzlu qurumun-- Türk Şurasının və Qoşulmama Hərəkatının videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş  “COVID-19-a qarşı birlikdəyik!” mövzusunda zirvə görüşlərinin keçirilməsi ölkəmizin pandemiya ilə mübarizədə həmrəyliyə çağırışı kimi dəyərləndirlir.  Dövlətimizi başçısı  zirvə görüşlərində bir daha bəyan etdi ki, COVID-19 qlobal pandemiyası bütün dünya dövlətlərinə mənfi təsir göstərir. Qarşılıqlı dəstək, özünə qapanmama və yalnız birgə səylərlə  koronavirusa  qalib gələ bilərik.

Xatırladım ki, dövlət başçımız sammitdə qlobal həmrəyliyin nümunəsi kimi Qoşulmama Hərəkatının üzv ölkələri olaraq BMT Nizamnaməsində nəzərdə tutulan Baş Assambleyanın COVID-19 pandemiyasına həsr olunmuş dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifini irəli sürmüşdü.

Prezident İlham Əliyevin bu təklifindən sonra  BMT Baş Assambleyasının 74-cü sessiyasının prezidenti Ticani Məhəmməd-Bande çıxış edərək demişdi ki, heç bir ölkə qarşıya çıxan bu çətinliyi, bu maneəni təkbaşına aradan qaldıra bilməz. Biz BMT olaraq çox böyük məmnunluqla bu kimi təşəbbüsləri dəstəkləyirik və istəyirik ki, COVID-19 virusunun yayılmasının qarşısını alaq. Biz istərdik ki, həmçinin bütün dövlətlər, millətlər arasında olan bərabərsizlik aradan qaldırılsın.

BMT-nin Baş katibi Antonio Quterreş  bu təşəbbüsə görə, Azərbaycan  Prezidenti İlham Əliyevə təşəkkür etmişdi. Baş katib müraciətdə bildirmişdi ki, bu böhranın miqyası və mürəkkəbliyi əlaqələndirilmiş qlobal cavab tədbirləri tələb edir. Burada yeganə cavab cəsarətli, uzaqgörən və əməkdaşlığa əsaslanan rəhbərlik keyfiyyətləridir. Birləşmiş Millətlər Təşkilatına üzv dövlətlərin üçdəikisini əhatə edən Qoşulmama Hərəkatı qlobal həmrəyliyin formalaşdırılmasında əhəmiyyətli rol oynayır.

Dövlət başçımızın bu təşəbbüsü artıq dünyanın 130 ölkəsi tərəfindən dəstəklənib. BMT Baş katibi mayın 28-də Baş Assambleyanın “Prosedur Qaydaları” adlı sənədinin 9 (a) bəndinə uyğun olaraq bütün üzv ölkələrə müraciət edərək 30 gün müddətində, yəni iyunun 27-nə qədər təşəbbüsə dair münasibət bildirilməsini xahiş etmişdi . Qaydalara əsasən, BMT-yə üzv ölkələrin çox hissəsi (97 ölkə kifayətdir) təşəbbüsü dəstəklədiyi təqdirdə, xüsusi sessiya təşkil olunmalıdır. Azərbaycan tərəfində olan rəsmi məlumatlara görə, sözügedən müddətin bitməsinə qədər 130-dək ölkə təşəbbüsə dəstək verdikləri barədə Baş katibin ofisini məlumatlandırıb.

BMT-nin 130-dək üzv dövləti tərəfindən Qoşulmama Hərəkatının sədri statusunda Prezident İlham Əliyevin Baş Assambleyanın xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünün dəstəklənməsi  ölkəmizin dünya birliyində nüfuznun artmasının göztəricisidir. Qürurverici haldır ki, Təşəbbüsü dəstəkləyən ölkələr dünyanın bütün regionlarını əhatə edir. Onlar arasında BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən tutmuş, kiçik ada ölkələrinə qədər var. Dövlətlər tərəfindən bu məsələ ilə əlaqədar BMT Baş katibinə ünvanlanan məktublarda Prezident İlham Əliyevin Baş Assambleyanın xüsusi sessiyasının keçirilməsi ilə bağlı təşəbbüsünün vaxtında irəli sürülmüş və çox ehtiyac duyulan təşəbbüs olduğu vurğulanır.

Ölkəmiz pandemiyanın tüğyan etdiyi ilk gündən bu təhlükəyə qarşı ciddi mübarizə aparır.  Hətta 30-a qədər ölkəyə humanutar yardım da göstərib.  Dövlət başçımızn  130 ölkə tərəfindən dəstəklənən təşəbbüsü Azərbaycan dünyada  həm də bəşəriyyətin xilasına çalışan dövlət kimi  tanıtdı.

Kamil SEYİDOV,
Azad Respublikaçılar Partiyasının sədri,
siyasi elmlər üzrə fəlsəfə doktoru

29 2020 13:20 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə