Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Aqrar sahədə müsbət nəticələr qeydə alınır

Aqrar sahədə müsbət nəticələr qeydə alınır

Son illər ərzində respublikamızda kənd təsərrüfatı məhsulları istehsalının artırılmasına və çeşidinin genişləndirilməsinə müxtəlif dövlət dəstəyi mexanizmləri tətbiq edilib, o cümlədən güzəştli kreditlərin və subsidiyaların verilməsi, aqrolizinq xidmətlərinin göstərilməsi, müasir texnologiyalardan istifadə olunması ilə bağlı məqsədyönlü tədbirlər reallaşdırılıb. Bütün bunların nəticəsidir ki, bu ilin ilk yarısında aqrar sahədə müsbət göstəricilər qeydə alınıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu dövrdə kənd təsərrüfatı 7,6 faiz artıb. Bu göstərici bitkiçilik üzrə 14 faiz təşkil edib. Yanvar-may ayları üzrə isə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 1770,4 milyon manat təşkil edib ki, onun da 1462,7 milyon manatı heyvandarlıq, 307,7 milyon manatı isə bitkiçilik məhsullarının payına düşüb.
Hazırda aqrar sahədə mövsümi işlərin qızğın çağıdır. Dənli və dənli paxlalı bitkilərin kütləvi biçini davam edir. Dövlət Statistika Komitəsinin son məlumatına əsasən, payızlıq və yazlıq dənli və dənli paxlalı (qarğıdalısız) bitkilər üzrə 1049,3 min hektar sahənin 974,3 min hektarı və ya 92,9 faizi biçilərək məhsulu yığılıb. Toplanmış məhsul 2833,4 min ton təşkil edib və məhsuldarlıq 29,1 sentnerə bərabər olub. Yığılmış məhsulun 1895,3 min tonu və ya 66,9 faizi buğda, 913,3 min tonu (32,2 faizi) arpa, 24,8 min tonu (0,9 faizi) digər dənli və dənli paxlalı bitkiləridir.
Ölkənin 29 rayonunda dənli və dənli paxlalı (qarğıdalısız) bitkilərin məhsuldarlığı respublika üzrə orta göstəricidən yuxarı olub. Ən yüksək məhsuldarlıq Bərdə (40,5 sentner), Saatlı (40,3), Sabirabad (39,4), Tərtər (38,2), Ağdam (37,1), Ağcabədi (35,9), İmişli (35,8) və Beyləqan (34,4) rayonlarında qeydə alınıb. 
Şəki (216,7 min ton), Cəlilabad (156,5 min ton), Kürdəmir (136,4 min ton), Neftçala (121,9 min ton), Füzuli (108,2 min ton), Ağcabədi (107 min ton) və Ağsu (98,7 min ton) rayonlarında daha çox taxıl istehsal edilib. 
Baramaçılıqda da müsbət göstəricilər əldə edilib. Son rəsmi məlumata görə, ölkədə yaş baramanın tədarükü 513 tondan çox olub. Mütəxəssislər 3 il əvvəl isə cəmi 236 kiloqram yaş barama tədarük edən respublikanın qısa zaman kəsimində bu rəqəmin 2 min dəfədən çox artırmasını kənd təsərrüfatında tətbiq edilən şaxələndirmənin uğurlu nəticəsi kimi qiymətləndirirlər. 
Respublikada ən gəlirli təsərrüfat sahələrindən biri olan tütünçülüyün inkişafı da diqqət mərkəzində saxlanılır. Bunun nəticəsidir ki, istehsalçıların emal müəssisələrinə satdıqları quru tütünün hər 1 kiloqramına, yaş tütünün isə hər 10 kiloqramına görə 0,05 manat məbləğində subsidiya verilib. 
Məhsul istehsalında yeni yaradılan aqroparklar da mühüm rol oynayıb. Elə buna görə də hesabat dövründə aqrar sektorun innovativ inkişafını reallaşdırmaq məqsədilə aqroparkların qurulması diqqət mərkəzində saxlanılıb. Respublikada 30 rayon üzrə 192 min hektar ərazidə ümumi dəyəri 1 milyard manatdan çox olan 45 aqroparkın yaradılması üzrə işlər sürətlə davam etdirilib. Aqroparklarda zəruri infrastrukturun yaradılmasına 207 milyon manat dövlət əsaslı vəsait qoyulub, 111 milyon manat dövlət güzəştli krediti və dəyəri 564 milyon manat olan 25 layihəyə investisiya təşviqi sənədi verilib.
Prezident İlham Əliyev Nazirlər Kabinetinin cari ilin ilk yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında kənd təsərrüfatının modern texnika ilə təchizatının əhəmiyyətini xüsusi vurğulayıb: “Kənd təsərrüfatı ilə bağlı qarşıda duran əsas vəzifələr bu sahədə ən müasir standartları tətbiq etməkdir. Son illər kənd təsərrüfatının inkişafına böyük diqqət göstərilmişdir. Demək olar ki, biz texniki parkımızı tamamilə yeniləmişik. Kənd təsərrüfatı texnikasının alınması bundan sonra da davam edəcək. Özü də qeyd etməliyəm ki, dünyanın aparıcı şirkətlərinin texnikası bu gün bizim tarlalarımızda fəaliyyət göstərir və fermerlər də bu texnikadan çox razıdırlar. Bu məqsədlə böyük vəsait nəzərdə tutulur. Burada qeyd olundu ki, təkcə bu il 160 milyon manat dəyərində 5 mindən çox texnika alınacaq, keçən il isə 10 min texnika alınmışdır”. 
Hazırda yerlərdə fermerlər tərəfindən kənd təsərrüfatı texnikasının alınması ilə bağlı prosedur qaydaları təkmilləşdirilir. Xatırladaq ki, “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti avqustun 1-dən “AsanPay” ödəniş sisteminə inteqrasiya olunub. Artıq şirkətin fəaliyyət növlərinə uyğun ödənişlərin ödənilməsi “AsanPay” ödəniş terminalı və elektron kartlar vasitəsi ilə “Asan Ödəniş” sistemi üzərindən aparıla bilər.
Kənd Təsərrüfatı Nazirliyinin ictimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin yaydığı məlumatda bildirilir ki, bunun üçün ödəyicilər asanpay.az saytında daxil olub Kredit/Lizinq bölməsində “Aqrolizinq” ASC bölməsini seçərək FİN kodunu yazmalı və öz şəxsiyyətini identifikasiya etməlidirlər. Daxil edilən məlumatlara uyğun sistemdən ödəyicinin öhdəliklərinə dair məlumatlar çağırılır və ödəniş edilməsi təklif olunur.
“Asan Ödəniş” sistemi ilə digər ödəniş sistemlərinin inteqrasiyası nəticəsində “E manat”, “Milliön” , “Hesab.az” kimi ödəniş sistemlərindən və poçt məntəqələrindən ödəniş etmək mümkün olacaq.
“Aqrolizinq” ASC-nin “AsanPay” sisteminə inteqrasiyasında əsas məqsəd vətəndaşlara lizinq xidmətlərinin daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğunun artırılmasıdır.
 

V. BAYRAMOV, 
“Xalq qəzeti”

6 2018 23:04 - İQTİSADİYYAT
İQTİSADİYYAT

Köhnə versiyamızdan xəbərləri izlə