Ən son xəbərlər

Son buraxılış
Arxiv

Parisdə azərbaycanlı gənc rəssamın fərdi sərgisi açılıb

Parisdə azərbaycanlı gənc rəssamın fərdi sərgisi açılıb

Ölkəmizin Fransadakı səfirliyi və Fransa-Azərbaycan Dialoq Assosiasiyasının (ADFA) birgə təşkilatçılığı ilə Parisdə Azərbaycan Mədəniyyət Mərkəzində azərbaycanlı rəssam Tamilla Həsənovanın “Azərbaycanda tətil” adlı fərdi sərgisinin açılışı olub.

Sərginin açılışında Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev çıxış edərək Mədəniyyət Mərkəzinin fəaliyyətindən danışıb. Bildirib ki, mərkəzin əsas məqsədi mədəniyyətimizi təşviq etməkdir. Xüsusilə də, gənc incəsənət nümayəndələrinə dəstək olaraq onları Avropa ictimaiyyətinə tanıtmaqdır. Səfir gənc rəssamın əsərləri və əvvəlki sərgiləri barədə məlumat verib.

ADFA-nın vitse-prezidenti Loran Pultye dü Menil sərgi haqqında təəssüratlarını bölüşüb. Sərginin Azərbaycanı daha da yaxından tanımağa imkan yaratdığını bildirib.

Tamilla Həsənova Parisdə Azərbaycan Mədəniyyət Mərkəzində sərgisinin təşkilindən şərəf duyduğunu diqqətə çatdırıb.

Sonra iştirakçılar sərgi ilə tanış olublar.

Gənc rəssamın “Zirvələri fəth edərək”, “Bakı buxtası”, “Bakı küləyi”, “Müasir şəhərin ruhu”, “Tarixə malik şəhər”, “Şirvanşahlar sarayı”, “Səadət sarayı” kimi əsərləri sənətsevərlər tərəfindən böyük maraqla qarşılanıb. Bu əsərlər ölkəmizin tarixini, təbiətini və bu gününü əks etdirir. Xüsusilə, Bakı şəhəri ilə bağlı şəkilləri maraqla seyr edən sənətsevərlər ölkəmizə səyahət etmək arzusunda olduqlarını bildiriblər.

“Azərbaycanda tətil” sərgisi oktyabrın 7-dək davam edəcək.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

5 Oktyabr 2018 11:34 -

Ən son xəbərləri səhifəmizdən də izləyin