Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dövlətimiz həmişə əlillərə və aztəminatlı ailələrə arxa – dayaqdır

Dünyanın koronavirus təhlükəsi ağuşuna aldığı dövrdə də  ölkəmizdə sosial layihələrin icrası dayandırılmır, əlillərin,  şəhid və aztəminatlı ailələrin, müharibə veteranlarının mənzil-məişət  şəraitinin,  həyat tərzinin daha da yaxşılaşdırılması istiqamətində müxtəlif tədbirlər həyata keçirilir.   Azərbaycan dövləti hər zaman şəhid ailələlərini, Qarabağ əlillərini, aztəminatlı ailələri diqqət mərkəzində saxlayıb.

Prezident İlham Əliyevin sosial sahəyə xüsusi diqqət və qayğısı, imzaladığı fərman və sərəncamlar, qəbul etdiyi qərarlar, iqtisadi gücü daim artan ölkəmizin fəal və məqsədyönlü siyasət kursuna malik olmasından irəli gəlir. Son 16 ildə həyata keçirilən siyasi kursun prioritetlərindən biri də həssas qəlbli insanların qarşılaşdıqları problemlərin aradan qaldırılması istiqamətində atılan qətiyyətli addımlardır. Bu müddət ərzində  Prezident İlham Əliyevin sosial cəhətdən qayğıya ehtiyacı olanların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasını daim diqqət mərkəzində saxlaması bunun bariz nümunəsidir.

Dövlət başçısının tapşırığı ilə bu istiqamətdə ardıcıl tədbirlər görülür. Əlillərə, aztəminatlı ailələlərə müharibə veteranlarına və şəhid ailələrinə qayğı ölkəmizdə dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi həmişə diqqət çəkib. İcra olunan layihələr nəticəsində, həmin qəbildən olan minlərlə insanın sosial vəziyyəti gündən-günə daha da yaxşılaşır. Həmçinin, dövlətin bu sahədə gördüyü işlərə, Birinci vitse- prezident Mehriban xanım Əliyevanın, o cümlədən  Heydər Əliyev Fondunun  da mühüm töhfələr verməsi xüsusi qeyd edilməlidir.  Sosial cəhətdən qayğıya ehtiyacı olan insanların problemlərinin həlli istiqamətində fondun təşəbbüsü və dəstəyi ilə çox mühüm layihələr icra olunur. Fond Qarabağ müharibəsi əlillərinə, sağlamlıq imkanları məhdud uşaqlara, məcburi köçkünlərə, aztəminatlı ailələrə və xüsusi qayğıya ehtiyacı olan kimsəsiz uşaqlara böyük köməklik göstərir. Sosial cəhətdən həssas əhali qruplarının etibarlı müdafiə sistemi ilə əhatə olunmasına şərait yaradıb.

Bu günlərdə daha bir sosial layihənin icrasının şahidi olduq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə 100 mənzil, müharibə əlillərinə, həmçinin Çernobıl AES-də hərbi xidmətlə və hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar əlilliyi olan şəxslərə isə 50 avtomobil təqdim edilib.

Dövlət sifarişi əsasında “Hövsan Yaşayış Kompleksi”ndəki binalardan alınmış mənzillərdə müasir tələblərə uyğun yaşayış şərati yaradılıb. Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində ölkəmizin əldə etdiyi mühüm tarixi nailiyyətlər  əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində özünü daha aydın büruzə verir. Ötən il 4,2 milyon insanın rifahına dəstək olan inqilabi sosial islahatlar, pandemiya dövründə də 4,8 milyon vətəndaşı əhatə edən geniş miqyaslı sosial dəstək tədbirləri heç bir ölkədə yox, məhz Azərbaycanda həyata keçirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələrinə və ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərə 2018-ci ildə nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla, 626 ədəd, 2019-cu ildə bundan 50 faiz çox olmaqla, 934 ədəd mənzil və fərdi ev verilib. Prezident İlham Əliyevin tapşırığı əsasında, 2020-ci ildə bu kateqoriyadan olanlara azı 1500 mənzil və fərdi evin verilməsi işləri aparılır. Bugünlərdə onlardan  daha 100 mənzil təqdim edildi.. Beləliklə, indiyədək Nazirlik tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə 7800-dək mənzil və fərdi ev təqdim edilib.

Gülbəniz BAYRAMOVA,
Əlillərə və Aztəminatlı Ailələrə İctimai Dəstək Fondunun direktoru

24 2020 14:54 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə