Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Rəqəmsal bacarıqlar” layihəsində iştirak edən müəllimlərin fəaliyyəti yoxlanılır

Bu gündən  “Rəqəmsal bacarıqlar” layihəsində iştirak edən müəllimlər üçün qiymətləndirmə imtahanı təşkil olunacaq. Qiymətləndirmə imtahanının qeyd edilən tarixdən etibarən həftə ərzində “Rəqəmsal bacarıqlar” platforması vasitəsilə onlayn formatda aparılır.

İmtahan müəllimlərin layihə üzrə səriştə və bacarıqlarının yoxlanılması, onlar üçün keçirilən təlimlərin effektivliyinin müəyyən edilməsi və təkmilləşdirmə üzrə əlavə dəstəyə ehtiyacı olan müəllimlərin aşkarlanması məqsədilə həyata keçirilir.

Layihədə iştirak edən müəllimlər öncədən qeyd olunacaq tarixdə öz hesablarına daxil olacaq və tədris ili ərzində öyrənilən mövzuları əhatə edən 50 sualı cavablandıracaqlar. Bütün imtahan prosesi nəzarətçilər tərəfindən onlayn izləniləcək və hesabatlılığın təmin edilməsi məqsədilə video qeydiyyat aparılacaq. Daha sonra imtahan nəticələri təhlil olunaraq elan ediləcək.

Qeyd edək ki, “Rəqəmsal bacarıqlar” layihəsi 2019-2020-ci tədris ilində Bakı, Sumqayıt, Gəncə, Biləsuvar, Şamaxı və Mingəçevir şəhərləri üzrə 123 məktəbi və 70 mindən çox şagirdi əhatə edir.  Layihə çərçivəsində informatika fənni yeni formatda tədris olunur, şagirdlər fənn üzrə interaktiv alətlərdən, 300-ə yaxın hazırlanmış teledərs və videodərs materiallarından faydalana bilirlər. Layihə şagirdlərdə alqoritmik düşüncə, məntiq, layihə əsaslı öyrənmə bacarıqlarının inkişafı və proqramlaşdırma əsaslarının öyrədilməsi məqsədini daşıyır. Həmçinin, layihə təhsilalanların İKT bacarıqlarına dərindən yiyələnməsinə, onların gələcəkdə informasiya məkanında sərbəst və məqsədyönlü fəaliyyətinə, rəqabətqabiliyyətli və qeyri-standart düşüncə tərzinə malik şəxslər kimi formalaşmasına şərait yaradır.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

22 2020 11:30 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə