Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ƏƏSMN-də biznes strukturlarının təmsilçiləri ilə görüş keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) “Əlilliyi olan şəxslərin məşğulluq imkanlarının artırılmasına dəstək” layihəsi çərçivəsində biznes strukturlarının nümayəndələri ilə görüş keçirilib. Layihə BP və onun tərəfdaşları tərəfindən maliyyələşdirilir və ƏƏSMN-nin əməkdaşlığı ilə “British Council” tərəfindən icra olunur.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli bildirib ki, ölkə iqtisadiyyatının dinamik artımı yeni iş yerlərinin açılmasının daimi xarakter almasına, əhalinin səmərəli məşğulluğunun təminatı istiqamətində dövlət siyasətinin güclənməsinə şərait yaradıb. Həssas əhali qruplarının məşğulluğunun təmin edilməsi istiqamətində atılan addımlardan danışan nazir müavini bildirib ki, əlilliyi olan şəxslərin əmək bazarına cəlb olunması cəmiyyətin yetkinliyinin göstəricisi olmaqla yanaşı, iqtisadiyyatımız üçün dəyərli resursdur. Layihədə iştirak edən biznes nümayəndələri korporotiv sosial məsuliyyət prinsipi konsepsiyasını daha da inkişaf etdirməklə, həssas əhali qruplarının nümayəndələrini öz sıralarında artıra və digər şirkətlərə nümunə ola bilərlər.

BP Azərbaycan şirkətinin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib ki,  bu layihə digərlərindən fərqli olaraq cəmiyyətin ən həssas təbəqəsini hədəf götürür. Məqsəd həmin şəxslər üçün məşğulluq imkanlarının artırılmasıdır. B. Aslanbəyli vurğulayıb ki, layihənin Azərbaycanda əlilliyi olan şəxslərin iqtisadi baxımdan cəmiyyətə tam inteqrasiyası üçün tendensiya yaratmaq potensialı var və buna görə də bu layihə BP Azərbaycan şirkəti və layihəni dəstəkləyən digər tərəfdaşlar üçün çox əhəmiyyətlidir.

“British Council”ın ölkə üzrə direktoru Samr Şah qeyd edib ki, layihənin əsas məqsədi əlilliyi olan şəxslərin bacarıqlarını artıraraq onların məşğulluq imkanlarını genişləndirməkdir. Bu məqsədə nail olmaq üçün layihə çərçivəsində sosial bacarıqlar, kompüter və ingilis dili üzrə təlimlər həyata keçirilir. Layihədə 81 nəfər əlilliyi olan şəxs iştirak edir.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

4 Oktyabr 2018 18:51 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə