Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İcra hakimiyyətinin başçısı ucqar dağ kəndinə ona görə böyük həvəslə gəlmişdi ki...

Şəmkir Rayon İcra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov səyyar qəbul-görüşlərə həm də ona görə həvəslə gedir ki, deməyə sözü çoxdur. Çünki əvvəlki görüşlər zamanı qaldırılan problemləri həll edib, adamların təkliflərinə biganə qalmayıb. İndi hesabat vermək üçün ortada kifayət qədər iş var. Elə ucqar dağ kəndi olan Çaykənddəki növbəti görüşə də rayon rəhbəri belə əhval-ruhiyyə ilə gəlmişdi. Bir də ki, rayonun özündə o qədər maraqlı, yaddaqalan işlər var ki, hesabat vermək məqamıdır.

Yerli sakinlərlə  söhbət yenə çox səmimi alındı. Rayon rəhbəri əvvəlcə respublikamızda, o cümlədən  Şəmkirdə aparılan hərtərəfli inkişafdan danışdı. Dedi ki, cənab Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir ki, hər  bölgədə, eləcə də rayonumuzda geniş abadlıq-quruculuq işləri aparılır, yeni yollar çəkilir, təhsil, səhiyyə müəssisələri inşa olunur, uşaq bağçaları tikilir, digər sosial layihələr icra edilir.

İcra hakimiyyətinin başçısı bildirib ki, hazırda Şəmkir Rayon Mərkəzi Xəstəxanasının, «Azfarel» Balıqçılıq təsərrüfatının tikintisində son tamamlama işləri aparılır. Özəl sahəyə xüsusi diqqət yetirilir, yeni-yeni istehsal və emal müəssisələri yaradılır. Rayonda kənd təsərrüfatı, xüsusilə istilikxanalar yüksək sürətlə inkişaf edir.

Dövlət başçımızın rəhbərliyi ilə ölkəmizdəki inkişafdan danışan Çaykənd ağsaqqalları xalqımızın həyat şəraitinin yaxşılaşdırılması istiqamətində atılan addımlardan məmnun olduqlarını bildiriblər.

Çaykənd sakini Rahilə Əhmədova  çıxışında Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya sakinlər adından təşəkkürünü bildirib: «Biz Prezidentimizdən çox razıyıq. Ulu öndər Heydər Əliyevin davamçısı olan cənab Prezidentimizin Azərbaycanda yaratdığı sabitlik bizim ən böyük sərvətimizdir. Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı olaraq Sizə də dərin təşəkkürümüzü bildiririk ki, bizə bu qədər diqqət, qayğı göstərirsiniz. Çox sağ olun ki, Prezidentimizin tapşırıqlarını rayonumuzda baş ucalığı ilə icra edirsiniz. Ona görə də Sizin  kəndimizə hər gəlişiniz bizə xoş əhval-ruhiyyə gətirir».

Görüşdə vətəndaşlar tərəfindən kənddaxili yolların təmiri, kənd təsərrüfatı işlərinin sürətləndirilməsinə kömək göstərilməsi və digər sosial məsələlərin həlli qaldırılıb.

Gənclər də rayon rəhbərinə onları maraqlandıran suallarla müraciət ediblər.

Qaldırılan məsələlər barədə əlaqədar qurumlara lazımi tapşırıqlar verilib.

Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə və icra hakimiyyətinin başçısına öz minnətdarlıqlarını bildiriblər.

 

Hamlet Qasımov,
"Xalq qəzeti"nin bölgə 
müxbiri

4 Oktyabr 2018 18:20 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə