Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Gədəbəy: bir gündə 9 kənddə qaz şölələndi…

Gədəbəylinin evində qaz şölələnməsi bilirsiniz nə deməkdir?! Bu bir yeni həyatdır, rahatlıqdır, əvəzsiz bir nemətdir. Çünki Gədəbəy nə Kürdəmirdir, nə də Mingəçevir. Gədəbəyə qaz çəkmək ağır, böyük maliyyə vəsaiti tələb edən bir işdir. Dağları, aşırımları keçib gələrək Gədəbəy sakininin evində qaz yanması sanki bir möcüzədir.

Oktyabrın 3-də rayonda birdən-birə 9 kəndə qaz verilməsini sakinlər elə bir ruh yüksəkliyi ilə qarşıladılar ki, onu sadəcə kənardan müşahidə etmək kifayət idi. Hətta bu münasibətlə keçirilən tədbirdə çıxış edən sakinlərdən biri dedi ki, cənab Prezidentimiz bu gün bizə çoxdan gözlədiyimiz sevinc anını yaşatdı. Elə bir gündə ki, 25 il qabaq xalq öz gələcək taleyini etibar etdiyi şəxsə səs vermişdi. Bu, Ulu Öndər Heydər Əliyev idi...

Bəli, bir gündə 9 kəndin evlərində qaz şölələndi. Rayonun Fərzalı, Çay Rəsullu, İsalı, Göyəlli, Göyəmli, Zamanlı, Arabaçı, Bəydəmirli və Turşsu kəndlərinə ilk dəfə təbii qaz verildi.        

Bu münasibətlə keçirilən tədbirdə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev çıxış edərək dedi ki, hazırda Azərbaycanın bütün bölgələri kimi Gədəbəy rayonu da yeni inkişaf mərhələsinə qədəm qoyub .Əhalinin həyat şəraitinin yaxşılaşdırılması üçün dövlətimiz tərəfindən xeyli işlər görülür və sürətlə davam edən inkişaf nəticəsində ölkəmiz lider ölkələr sırasında bayrağını qürurla dalğalandırır. Bu gün Gədəbəyin 9 kəndinə təbii qazın verilməsi təmin olunmuşdur. Rayon əhalisinin mavi yanacaq ilə təmin olunması əhaliyə göstərilən  dövlət qayğısının daha bir bariz nümunəsidir.

Rayon rəhbəri onu da qeyd etmişdir ki, son illərdə respublikamızda, eləcə də Gədəbəydə əhalinin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində ardıcıl işlər aparılır. Azərbaycanda davamlı iqtisadi artım və yüksək sosial rifah, səmərəli dövlət idarəçiliyi və qanunun aliliyi, insanların bütün hüquq və azadlıqlarının tam təmin olunması dövlətimizin əsas inkişaf meyarlarını səciyyələndirən amillərdən biridir.

İcra hakimiyyətinin başçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə bu diqqət və qayğıya görə rayon əhalisi və öz adından minnətdarlığını bildirmişdir.

Tədbirdə kənd ağsaqqalları və ziyalılar, qonaqlar da ölkə rəhbərliyinə minnətdarlıq ifadə etmişlər.

Sonra rəmzi məşəl alovlandırılmış və kəndlərə təbii qaz verilmişdir.

 

Hamlet Qasımov,
“Xalq qəzeti”nin bölgə müxbiri.    

4 Oktyabr 2018 16:00 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə