Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Radikallıq anarxiyaya, qanunlara riayət isə sabitliyə zamənətdir

Adil Əliyev,
Milli Məclis sədrinin müavini

 

Hər yerdə olduğu kimi, Azərbaycanda da koronavirusla mübarizə davam edir. Keçən aylarda bu mübarizədə uğurlarımız var idi, karantin qaydalarının tətbiqi nəticəsində xəstələrin sayını və ölüm hallarını aşağı səviyyədə saxlamaq mümkün idi. Ancaq karantin qaydalarını uzatmaq iqtisadiyyatımızın problemlərini artıra bilərdi, iş yerlərinin açılması və ticarətin başlanması zəruri idi. Lakin may ayının ortalarından başlanan yumşalma xəstə sayını yenidən artırdı. Vəziyyət o həddə çatdı ki, mart və aprel aylarında gündəlik xəstə sayı 40-50 civarında idisə, mayın sonu və iyun ayının başlanğıcında say 3 rəqəmliyə keçdi və hazırda xəstə sayı 250-350 civarında dəyişir. Bu baxımdan yenidən sərt tədbirlər görülməsəydi vəziyyət nəzarətdən çıxa bilərdi.

 

Məlumdur ki, Nazirlər Kabineti yanında operativ qərargah şənbə və bazar günlərində vətəndaşlara evdən çıxmağı qadağan etdi. Başqa alternativimiz yox idi. Qardaş Türkiyə də bir neçə ay bu üsuldan istifadə edərək, müsbət nəticələrini gördü. İnanıram ki, şənbə və bazar qadağasının yaxın günlərdə müsbət nəticəsini biz də görəcəyik. Çünki evdə qalmağın zəruriliyini, başlıca məqsədlərini aydın şəkildə dərk etsək müsbət nəticələrini də görəcəyik. Qeyd edim ki, vətəndaşlarımızın mütləq əksəriyyəti şənbə və bazar günü bayıra çıxmaq qadağasına riayət etdi. Çünki hamımız başa düşürük ki, sərtləşən qaydalar özümüzü, ailə üzvlərimizi və bütövlükdə Azərbaycanımızı qorumaq üçündür. Ancaq təəssüf ki, xoşagəlməz hallarla da üzləşdik.

 

Birincisi, operativ qərargah şənbə və bazar günləri qadağasını ötən həftənin əvvəlindən elan etmişdi. Yəni iki gün qadağasına riayət etmək üçün ərzaq tədarükü görmək üçün kifayət qədər vaxt var idi. Ancaq cümə günü marketlərdə növbələr yarandı, çörək piştaxtaları boşaldı. Əlbəttə, böyük ailələr var və onlar ikigünlük çörək tədarükü görməli idilər. Ancaq internetdə yayılan bir görüntüyə reaksiya verməyə bilmərəm. Taxta səbətdəki çörəkləri dükanın qapısından içəri keçirməyə macal tapmadan havada uzanan əllər tərəfindən anında boşaldılırdı. Kim əlinə nə qədər çörək yığa bilirdisə, o qədər daşıyırdı.

 

Azərbaycan müharibə şəratindədir və hər zaman da vurğulayırıq ki, torpaqlarımızı işğaldan azad etmək üçün savaşa hazır olmalıyıq. Müharibə şəraitində isə hər bir çətinliyə və sınağa dözməli olacağıq. 2016-cı ildə 4 günlük savaş günlərində həmin sınaqdan üzüağ çıxdıq. Əgər müharibə yenə olarsa, növbəti sınaqdan da üzüağ çıxmalıyıq. Odur ki, dükanlarda çörək piştaxtalarının boşaldılması görüntüsü xoş görüntü deyildi. İki gün keçib və marketlər yenə açıqdır, kimsə çörəksiz və ya ərzaqsız qaldımı? Bu sual təbii ki, cümə günü torbalarını yiyə bilməyəcəyi qədər çörək və ərzaqla dolduran bəzi vətəndaşlara aiddir. Nəzərə alın ki, bu həftənin sonunda da növbəti dəfə bayıra çıxmaq qadağası tətbiq oluna bilər. Eyni görüntülərin təkrarlanması bizə başucalığı gətirməyəcək. Bununla bərabər düşünürəm ki, eyni səhvin təkrarlanmaması üçün insanlarımız arasında təbliğat işinin gücləndirilməsinə ehtiyac var. Unutmayaq ki, düşmən də bu görüntüləri izləyir və informasiya savaşında bizə qarşı istifadə edə bilər.

 

Şənbə və bazar günləri qadağası ilə bağlı onu da qeyd etmək lazımdır ki, bu, polisimizin üzərinə böyük məsuliyyət qoyurdu. Çünki polis karantin qaydalarının riayətinə nəzarət etməli idi. Məsuliyyətli vətəndaşlarımız kimi polisimiz də bu sınaqdan üzüağ çıxdı. Ancaq qaydalara riayət etməyənlər və aranı qarışdırmaq istəyənlər yenə tapıldı. İnternetdə yayılan görüntülərin birində polis qanuna riayət etməyən vətəndaşımızı polis məntəqəsinə aparmaq istədikdə müqavimətlə üzləşir, bəziləri eyvandan polislərin üzərinə müxtəlif əşyalar atırlar. Polisə iş başında müqavimət göstərmək, onun üzərinə əşyalar atmaq, söymək dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da qanun pozuntusu sayılır. Bunu edənlər düşünməsinlər ki, cəzasız qalacaqlar. Bir neçə gün əvvəl metroda da buna bənzər olay baş vermişdi. Qərar qəbul olunub ki, metroda maska geyinilməlidir, virusdan ancaq bu cür qorunmaq olar. Polis maskasız vətəndaşı vaqondan çıxartmağa çalışdıqda bir neçə nəfər polisə müqavimət göstərdi. Daha sonra həmin şəxslər müəyyənləşdirilərək məsuliyyətə cəlb olundular. Eləcə də bazar günü polisin üzərinə müxtəlif əşyalar atanlar müəyyənləşdirilərək məsuliyyətə cəlb olunublar. Çünki bu tədbirlər görülməsə qanunlarımızı heçə saymış olarıq və başqaları da qanunsuz əməllərinə görə cavabdehlik daşımayacaqlarını düşünə bilərlər. Fədakar polislərimiz qanunun keşiyində dayanıblar, hər zaman bizə əl tutmağa da hazırdılar. Təsadüfi deyil ki, şənbə və bazar günləri yayımlanan görüntülərdə polisimizin nümunəvi və eyni zamanda, humanizmə söykənən hərəkətləri ilə yadda qaldı. Ancaq kim ki, bu iki gündə qaydalara riayət etməyib, qadağalara məhəl qoymayıb, polisə müqavimət göstərib, onlar məsuliyyətə cəlb olunublar. Biz hüququ dövlətdə yaşayırıqsa, qanunlara tabe olmalıyıq. Polis isə qanun keşikçisidir.

 

Radikal müxalifət bu məsələdə də öz simasını göstərdi. Dünəndən polisə müavimət görüntülərini “qəhrəmanlıq nümunəsi” kimi intetnetdə yayırlar və şərhlərdə nalayiq ifadələr işlədirlər. Metroda məlum hadisə baş verəndə xaricdə kök salmış saytlardan biri görüntünü sevincək halda “polisi vaqondan qovdular” başlığı ilə yaydı. Qərbin bir sıra ölkələrində sığınacaq tapmış radikal müxalifətin nümayəndələrindən biri isə Yeni Yasamalda polisə müqavimət görüntüsünü alman faşistlərinin əməlləri ilə “müqayisə” edib. Həmin bir radikal yaşadığı Amerikada qaradərilinin polis tərəfindən vəhşicəsinə öldürülməsinə reaksiya vermək əvəzinə, öz polis soydaşını ləkələməyə çalışır. Azərbaycan polisi vətəndaşı qanuna riayət etməyə çağırır, bu, olmadıqda qanunun ona verdiyi imkanlar çərçivəsində hərəkət edir, daha amerikalı polis kimi boğulana qədər kimsənin nəfəsini kəsmir.

 

İstənilən hakimiyyət qanun-qaydanın yaradılmasına və bunu təmin edən güclü polisin olmasında maraqlıdır. Siz necə hakimiyyətə iddialısınız ki, polisə müqaviməti və bununla aşkar qanunsuzluğu dəstəkləyirsiniz? Deməli, siz qayda-qanunda deyil, anarxiyada maraqlısınız. Həmin anarxiyanı cəmiyyətimiz sizin 1990-cı illərin əvvəllərində hakimiyyətdə olduğunuz qısa dövrdə gördü və bir daha təkrarlanmasını istəmir. Əgər siz vətəndaşınısızı düşünürsünüzə, insanları polisə müqavimət göstərməyə, xaos yaratmağa deyil, virusun yayıldığı dövrdə insanları maska taxmağa və sosial məsafəni qorumağa dəvət etməlisiniz. Ancaq siz bu adi çağırışı da etmirsiniz. Çünki sizin dərdiniz insanlarımızı qorumaq deyil, ölkəni xaosa və anarxiyaya sürükləməkdir. “Dövlətin və xalqın problemləri nə qədər artarsa, bizim üçün bir o qədər yaxşı olar” – bu sizin həyat prinsipinizdir və dəyişməz olaraq qalır. Ancaq nahaq çəkilmiş əziyyətdir. Əlbəttə, ölkəmizdə hər şey ideal deyil, müəyyən qüsurlar var, onlarla mübarizə aparılır. Sizin siyasətiniz isə bizi keçmişə qaytarmağa köklənib. Bunu isə mütləq çoxluq istəmir. Bu istəyiniz heç bir halda baş tutmayacaqdır.

9 2020 21:55 - XƏBƏRLƏR
XƏBƏRLƏR
3 Avqust 2020 | 23:13
İrandan Türkiyəyə təbrik

Köhnə versiyamızdan xəbərləri izlə