Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AŞPA Azərbaycana qərəzli münasibətini dayandırmalıdır

Məlumdur ki, 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal edilmiş əraziləri ilə bağlı qəbul etdiyi 4 qətnamədə torpaqlarımızın işğaldan azad edilməsinin vacibliyi ilə bağlı Avropa strukturlarının, İslam Əməkdaşlıq Təşkilatının, Qoşulmama Hərəkatının qətnamələri və qəbul etdikləri sənədlər var. Amma çox təəssüf ki, Ermənistan tərəfindən indiyə qədər bu qətnamələrdə, sənədlərdə əksini tapan tələblər yerinə yetirilməyib, hələ də torpaqlarımız işğal altındadır. Ermənilərin həyasızlığı o səviyyəyə çatıb ki, bu yaxınlarda Dağlıq Qarabağda qondarma “seçkilər” keçirdilər və özlərinə qondarma bir “prezident” təyin etdilər. Hətta qondarma bir inaqurasiya şousu da təşkil etdilər. Beynəlxalq təşkilatların tam əksəriyyəti bu “seçki şousu”nu qınadılar, qondarma “seçkilər”i qəbul etmədilər. Çünki nə daxili, nə də beynəlxalq hüquq baxımından bu seçkilərin heç bir əhəmiyyəti yoxdur. Amma Avropa Şurası həmişə olduğu kimi bu məsələdə də susqun qaldı. Ümumiyyətlə, Avropa Şurası həmişə Azərbaycana münasibətdə ikili standartlardan çıxış edib və bu gün də bu siyasət davam edir. Azərbaycan da, Ermənistan da Avropa Şurasının, Avropa Şurası Parlament Assambleyasının üzvüdür. Necə ola bilər ki, Avropa Şurasının üzvü olan Ermənistan bu qurumun üzvü olan digər ölkənin – Azərbaycanın ərazilərini işğal edir, amma Avropa Şurası buna münasibət bildirmir?

Ermənistanda bu vaxta qədər keçirilən bütün seçkilərin qanunsuz olduğunu bəyan edən Nikol Paşinyanın fikirlərinin əksinə olaraq Avropa Şurası Ermənistanda Robert Köçəryan və Serj Sərkisyanın prezident seçildiyi seçkiləri, eyni zamanda o dövrdəki parlament seçkilərini legitim saymışdı. Özünə hörmət edən təşkilat hər halda bu bəyanata münasibət bildirməli idi, bildirmədi. Ona görə də Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Avropa Şurasının Azərbaycanla bağlı qəbul etdiyi sənədlərin bizim üçün heç bir əhəmiyyəti yoxdur, kağız parçasından başqa bir şey deyil. Yeri gəlmişkən, onlar qəbul etdikləri sənədlərin icrası ilə də maraqlanmırlar.

Bununla yanaşı, Avropa İnsan Hüquqları Məhkəməsi "Çıraqov və başqaları Ermənistana qarşı" işi ilə bağlı qərar qəbul edib. Ancaq bu məhkəmənin qərarı icra edilməyib və Avropa Şurası bununla bağlı münasibətini də ortaya qoymayıb. O cümlədən Avropa Şurası Parlament Assambleyasında 2005-ci ildə "ATƏT-in Minsk Qrupunun məşğul olduğu Dağlıq Qarabağ bölgəsi üzərində münaqişə" adlı 1416 (2005) saylı qətnamə qəbul edilib. Bu sənəddən irəli gələrək, yaradılmış Dağlıq Qarabağ münaqişəsi üzrə alt-komitə Ermənistan nümayəndə heyətinin qeyri-konstruktiv yanaşması ilə fəaliyyətini dayandırmışdır. Bu xüsusda, AŞPA tərəfindən qeyd edilən qətnamənin icrası istiqamətində qətiyyətin və Ermənistanın sərgilədiyi bu mövqeyə görə sərt qınanmasının şahidi olmamışıq. Azərbaycanda məişət zəminində baş vermiş ürək getməsinə belə reaksiya verən AŞPA nəyə görə öz qərarına Ermənistan tərəfindən məhəl qoyulmamasına reaksiya vermir? Sadəcə, Avropa Şurasının Azərbaycan və Ermənistan arasında bir balans yaratmaq, özünü “heç kim inciməsin” prinsipi ilə aparması doğru deyil. Avropa Şurasından bu günə qədər “Ermənistan işğalçıdır” sözünü eşitmədik. Bütün beynəlxalq təşkilatlar, o cümlədən Avropa Şurası çox yaxşı bilir ki, Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal edib, lakin İşğalçı dövlətə qarşı heç bir sanksiya tətbiq edilməyib.

AŞPA-nın qərəzli, ədalətsiz və beynəlxalq hüququ nəzərə almadan qarayaxma kampaniyası Azərbaycanı siyasi iradəsindən, doğru və qanuni bildiyi yoldan heç vaxt uzaqlaşdıra bilməz və bütün bunlara baxmayaraq, Azərbaycan bundan sonra öz uğurlu inkişaf yolu ilə daha inamla irəliləyəcəkdir.

Məzahir Əfəndiyev,
Azərbaycan Respublikası Milli Məclisinin deputatı

9 2020 12:46 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə