Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Əbdürrəhim bəy Haqverdiyevin irsi təbliğ edilməlidir

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Q.Paşayevanın Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük dramaturq, nasir, publisist və teatr təşkilatçısı, tanınmış ictimai xadim Əbdürrəhim bəy Haqverdiyevin anadan olmasının 150 illiyi ilə bağlı KİV-ə müraciət ünvanlayıb. Müraciətdə deyilir:

“Ötən ay Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük dramaturq, nasir, publisist və teatr təşkilatçısı, tanınmış ictimai xadim Əbdürrəhim bəy Haqverdiyevin anadan olmasının 150 illiyi tamam oldu. Cənab Prezident İlham Əliyev cari ilin 31 yanvar tarixində böyük ədibin əlamətdar yubileyinin dövlət səviyyəsində qeyd edilməsi haqqında sərəncam imzalamışdır. Prezident sərəncamı ilə də öz yüksək qiymətini almış Əbdürrəhim bəy Haqverdiyev irsi, bugünkü Azərbaycan ictimai-mədəni mühiti üçün çox önəm daşıyır; özəlliklə, gənc nəsillərin təlim-tərbiyəsi, tarix şüuru, vətənə bağlılıq hissinin inkişafı, habelə ədəbi-bədii zövqünün kamilləşməsi üçün əhəmiyyətlidir. Bu planda, kütləvi-informasiya vasitələrimizin, o cümlədən televiziyaların üzərinə də mənəvi məsuliyyət düşür. Hesab edirəm ki, media rəhbərlərimiz görkəmli ədibin şəxsiyyəti, həyat və fəaliyyəti barədə, Əbdürrəhim bəyin qiymətli əsərləri əsasında xüsusi verilişlərin, maraqlı proqramların hazırlanıb yayımlanmasına, öncələr hazırlanmış tele-əsərlərin nümayiş edilməsinə öz diqqət və qayğılarını əsirgəməməlidir.

İctimai fikrin qidalanması, Əbdürrəhim bəy yaradıcılığın sönməz işığının günümüzə və gələcəyə daşınması hər birimiz üçün vacibdir – bir mənəvi borcdur. Hələ 150 il bundan öncə Əbdürrəhim bəy kimi bir tarixi şəxsiyyətin doğulması, onun tarixi şəxsiyyət kimi yetişməsi, o dövrün Şuşası, Şuşanın milli-mədəni keçmişi barədə təsəvvürləri qətiləşdirir. Əbdürrəhim bəy səviyyəsində bir tarixi şəxsiyyətin yetişməsi üçün Əbdürrəhim bəyin özündən daha öncədən Şuşada, ümumən Qarabağda Azərbaycan--türk milli identivliyi, Azərbaycanlı mədəni iqlimi olduğu şübhəsizdir. Yalnız elə bu dəyərləndirmələr bir daha sübut edir ki, cənab Prezidentin 31 yanvar tarixli sərəncamından irəli gələn vəzifələr təkcə rəsmi qurumların deyil, hər bir düşünən ziyalımızın başçılıq etdiyi qurumların da üzərinə mənəvi öhdəliklər qoyur. Məhz buna görə də, TV-lərimizin, bütün media orqanlarımızın Əbdürrəhim bəy yaradıcılığına daha dərindən diqqət göstərməsini arzu və təmənna edirik.

Birinci vitse-prezidentimiz, UNECKO-nun Xoşməramlı səfiri Mehriban xanımın təşəbbüsü ilə UNECKO-nun görkəmli şəxslərin və əlamətdar yubileylərin siyahısına bir çox Azərbaycanlı ziyalının adının, ölkəmizlə, mədəni irsimizlə bağlı hadisələrin daxil edildiyini xatırlatmaq istərdim; heç təsadüfi deyil ki, Əbdürrəhim bəy Haqverdiyevin də adı UNECKO-nun 2020–2021-ci illər üçün görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileyləri siyahısına daxil edilmişdir.

Bütün bu məqamlardan, özəlliklə, Azərbaycan Prezidentinin müvafiq sərəncamından ruhlanaraq, qeyd etməliyik ki, böyük şəxsiyyətin -- öz ünlü sələflərinin ədəbi bacarıqlarının layiqli davamçısı və geniş erudisiyaya malik, çağdaş dünyagörüşlü və maarifpərvər ziyalı olaraq çoxşaxəli fəaliyyəti;  Azərbaycan realist ədəbiyyatını və maarifçi-demokratik fikrini yeni mərhələyə qaldıraraq, milli düşüncənin inkişafında oynadığı önəmli rol; dramaturji irsinin teatr mədəniyyətimizin yüksəlişinə açdığı yol; nandırıcı, əsaslı həyat lövhələri ilə son dərəcə zəngin nəsrinin yüksək bədii zövq aşılama imkanları; maarifçiliyin alovlu təbliğatçısı və həm də yaradıcısı olaraq, milli-mədəni oyanışa və tərəqqiyə səslənişləri; Azərbaycanın ictimai həyatında fəal iştirakı və sosial-mədəni quruculuq işlərində yorulmadan çalışmaları yeni nəsillərimizə aşılanmalı, geniş təbliğ və tərənnüm edilməlidir”.

Təqdim etdi:
Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

9 2020 11:21 - XƏBƏRLƏR
XƏBƏRLƏR
3 Avqust 2020 | 23:13
İrandan Türkiyəyə təbrik

Köhnə versiyamızdan xəbərləri izlə