Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ermənistanın toponimik cinayətləri

Bu, cəzasız qalmayacaq

İndiki Ermənistan ərazisində tarixi Azərbaycan adları, şəhərlərin, kəndlərin adları dəyişdirilib. Bu adlar neçənci ildə dəyişdirilib? Ona görə biz deyəndə ki, indiki Ermənistan tarixi Azərbaycan torpağın­da yaradılıb, tam həqiqəti deyirik. Biz yaxşı bilirik ki, ermənilər bizim torpağımıza, o cümlədən in­diki Ermənistan ərazisinə XIX əsrin əvvəllərində köçürülüblər, Rusiya-İran müharibəsindən sonra.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti


Hər hansı bir arealda toponimlər qatının formalaşması uzun sürən prosesdir. Yer-yurd adları ilk növbədə orada yaşayan xalqlar tərəfindən formalaşdırılır və tədricən öz təsdiqini tarixi ədəbiyyatda tapır. Müəyyən ərazidəki oykonimlər (yaşa­yış məntəqələri, şəhərlər, kəndlər, yaylaqlar, məhəllələr və s.), hidronimlər (çaylar, göllər, bulaqlar, şəlalələr və s.) və oronimlər (dağlar, dərələr, aşırımlar, düzənliklər və s.) həmin ərazidə yaşayan xalqların tarixi və etnoqrafiyası barədə tədqiqatçılara kifayət qədər məlumat verir. Toponimlər əsasən yerli əhalinin mənsub olduğu xalqın, tayfanın, ərazinin coğrafi mövqeyi, relyefi ilə, həmin ərazidə baş verən tarixi hadisələrlə səsləşir.

Cənubi Qafqazda qədim türklərin, oğuz və qıpçaq boylarına məxsus toponimlərin yaranma­sından min illərlə zaman keçir. Azərbaycan, Gürcüstan və indiki Ermənistan ərazisində on minlərlə toponim məhz tarixin qədim qatlarında formalaşmışdır. Qədim türklər yaşadıqları ərazinin coğrafi relyefi, tarixi şəxsiyyətlərinin və tayfaların adları ilə adlandırmışlar.

Orta əsrlərdən etibarən xristian missionerləri kimi, Cənubi Qaf­qaza gələn ermənilər əvvəlcə saxta tarix kitabları yazıb özlərini bu regionun axtoxton sakinləri kimi qələmə versələr də mövcud toponimlərin dəyişdirilməsinə nail ola bilməmişdilər. Saxta tarix kitablarında ermənilərin uydurduq­ları toponimlər öz əksini tapsa da, reallıqda oğuz-qıpçaq və alban tayfalarına məxsus toponimlər gündəlik ünsiyyətdə işlədilirdi və bu gün də işlədilir.

Bu gün Ermənistan Respubli­kası adlanan dövlət əsasən tarixi Azərbaycan torpağı olan İrəvan xanlığının ərazisində yaradılmış­dır.

1827-ci ildə İrəvan və Nax­çıvan xanlıqlarının Rusiya tərəfindən işğalından sonra yara­dılan yeni inzibati-ərazi vahidində, yəni, “Erməni vilayəti”nin ərazisinə daxil edilən 1111 kənddən yalnız 62-də ermənilər yaşayırdı. Onlar da 1828-ci ilədək buraya köçürül­müş ermənilər idi. Yeri gəlmişkən, göstərilən 62 kəndin ancaq 14-nün adı erməni mənşəli idi.

Bir xalqın müəyyən ərazidə əsrlər, minilliklər boyu formalaşmış toponimlər sistemini kökündən dəyişdirmək həmin xalqın ta­rixi-coğrafi ərazidəki izlərinin silinməsinə xidmət edir. Xəritəçilik baxımından bu, asan məsələ olmasa da, Ermənistan Respubli­kasında azərbaycanlılara məxsus toponimlərin dəyişdirilməsi rəsmi dövlət siyasətinin tərkib hissəsi olmuşdur.

Rusiyanın 1827-ci ildə İrəvan xanlığını işğalından başlamış, 1918-ci ildə tarixi Azərbaycan torpaqlarında Ermənistan Respublikası yarananadək ötən müddət ərzində həmin ərazidə yalnız üç azərbaycanlı yaşayış məntəqəsinin adları dəyişdirilmişdi. İşğaldan son­ra İrəvan şəhəri 1828-ci ildə Erivan qoyulmuşdur. Rusiya çarı I Nikolayın 1837-ci ildə Gümrüyə gəlməsindən sonra şəhərin adı dəyişdirilərək çarın arvadı Aleksandra Feodorov­nanın şərəfinə Aleksandropol qoyulmuşdur. 1828-1829-cu illər rus-türk müharibəsindən sonra ermənilər kütləvi surətdə Türkiyənin Bəyazid paşalığı­nın ərazisindən Göycə gölünün ətrafında məskunlaşdırılmışdı. 1850-ci ildə İrəvan quberniyası yaradılan zaman Kəvər yaşayış məntəqəsinin adı dəyişdirilərək Novo-Bayazet adlandırılmış və eyniadlı qəza mərkəzinə çevrilmiş­dir. Bu üç yaşayış məntəqəsinin adları istisna olmaqla, çar Ru­siyası dövründə buraxılan inzi­bati və topoqrafik xəritələrdə, statistik məlumatlarda yaşayış məntəqələrinin türkmənşəli adları və digər toponimlər olduğu kimi saxlanılırdı.

XX əsrin əvvəllərində tarixi Azərbaycan torpaqlarında ilk erməni dövləti – Ermənistan (Ararat) Respublikası yarandıqdan dərhal sonra yerli azərbaycanlı əhaliyə qarşı soyqırımı və de­portasiyalarla müşayiət olunan etnik təmizləmə siyasəti həyata keçirilmişdir. Silah gücünə bo­şaldılmış azərbaycanlı yaşayış məntəqələrində Türkiyədən qaçıb gələn erməni qaçqınlarının məskunlaşdırılması ilə yanaşı, həmin yaşayış məntəqələrinin adlarının dəyişdirilməsinə start verilmişdir.

1918-cil mayın 28-də keç­miş İrəvan xanlığının ərazisində ilk erməni dövləti – Ermənistan (Ararat) Respublikası yarandıq­dan sonra rəsmi dövlət orqanları aborigen azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə siyasətini davam etdirmişdir. Azərbaycan Milli Şurasının 1918-ci il ma­yın 31-də keçirilən iclasının qərarı ilə İrəvan şəhəri o şərtlə Ermənistan Respublikasına paytaxt kimi güzəştə gedilmişdi ki, Azərbaycana qarşı ərazi iddiasın­dan əl çəksin. Lakin Ermənistan hökuməti nəinki vədinə əməl etdi, əksinə, həm Azərbaycan Respub­likasının ərazilərinin işğalını, həm də İrəvan quberniyası ərazisində azərbaycanlılara qarşı soyqırımı siyasətini davam etdirdi.

1919-cu ilin dekabrında Ermənistan hökumətinin qərarı ilə Daxili İşlər Nazirliyinin nəzdində kəndlərin, şəhərlərin, çayların və dağların adlarının dəyişdirilməsi üçün xüsusi komissiya yara­dılmışdı. 1918-1920-ci illərdə daşnakların hakimiyyəti dövründə indiki Ermənistan ərazisində 17 yaşayış məntəqəsinin adları erməniləşdirilmişdir.

1920-ci ildə Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra türkmənşəli toponimlərin (oykonimlərin) erməniləşdirilməsi prosesi sürətlə davam etdirilmişdir. İlk illərdə yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi Torpaq Komitəsinə həvalə edilmişdi. 1935-ci ildən etibarən Azərbaycan yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi Ermənistan SSR Ali Sovet Rəyasət Heyətinin qərarları ilə həyata keçirilmişdir.

1920-ci ildə Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra da türkmənşəli toponimlərin erməniləşdirilməsi prosesi da­vam etdirilmişdir. 1935-ci ilədək Ermənistanda 200-ə yaxın yaşayış məntəqəsinin (oykonimlərin) adları dəyişdirilmişdir. 1935- ci ildən etibarən isə yaşa­yış məntəqələrinin adlarının dəyişdirilməsi Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanları əsasında həyata keçi­rilmişdir.

Sovet hakimiyyəti dövründə Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanları əsasında 1935, 1938, 1939, 1940, 1946, 1947, 1948, 1949, 1950, 1957, 1962, 1968, 1969, 1977, 1978, 1980-ci illərdə addəyişmə əməliyyatları həyata keçirilmiş­dir. Ermənistanda daşnakların hakimiyyəti dövründən – 1935-ci ilədək 195 yaşayış məntəqəsinin adları dəyişdirilmişdir. 1988- ci ilin avqust ayınadək – yəni azərbaycanlıların tarixi-etnik torpaqlarından deportasiya olunmalarınadək indiki Ermənistan ərazisində türkmənşəli 521 yaşayış məskəninin adları dəyişdirilmişdir.

Sovet hakimiyyəti illərində Ermənistanda türkmənşəli toponimlərin dəyişdirilməsi pro­sesi ilə yanaşı, bir neçə kəndi bir təsərrüfatda birləşdirmək (təmərküzləşdirmək) yolu ilə azərbaycanlı kəndlərinin ad­ları Ermənistanın yaşayış məntəqələrinin siyahısından silin­mişdir. Məsələn, Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 5 fev­ral 1978-ci il fərmanı ilə Aşağı Kilsə (Quqark), Ağtala (Kamo (Kəvər)), Rəhimabad (Masis (Zəngibasar)), Qamışlı (Vardenis (Basarkeçər)) kəndlərinin adları məntəqələrinin siyahısından çıxarılmışdır.

Ümumiyyətlə, 1918-1987- ci illərdə indiki Ermənistan ərazisində 254 azərbaycanlı yaşayış məntəqəsi müxtəlif yol­larla (əhalisi soyqırımına məruz qoyulmaqla, deportasiya edilməklə və s.) yaşayış məntəqələri siya­hısından silinmişdir. Bu kəndlərin böyük əksəriyyəti Ermənistanda azərbaycanlılara qarşı 1918-1920- ci illər soyqırımından və 1948- 1953-cü illər deportasiyasından sonra xaraba qalmışdır.

Azərbaycan türklərinin tarixi-etnik torpaqlarındakı izlərini silmək məqsədini güdən addəyişmə əməliyyatları əsasən aşağıdakı qaydada həyata keçirilmişlər:

1. İlk növbədə türklərin soy­kökü, onun tarixi keçmişi ilə bağlı yaşayış məskənlərinin adlarının (etnonimlər) dəyişdirilməsinə xü­susi diqqət yetirilmişdir. Məsələn, Aşağı Türkmənli – Lusaqyuğ (Eçmiədzin), Qorçulu – Mrqaşad, Sərdarabad – Hoktember (Hok­temberyan (Sərdarabad)), Bayan­dur – Vağadur (Gorus), Şirvancıq – Lernakert (Artik) və s.

2. Bir çox yaşayış məskənlərinin adları ermənicəyə hərfi tərcümə edilmişdir. Məsələn, Armudlu – Tandzut (Hoktem­beryan (Sərdarabad)), Daşqala - Karaberd (Ani (Ağin)), Darəkənd – Dzoraqyuğ (Quqark), Dərəçiçək –Tsaxkadzor (Hrazdan (Axta)), Göl – Liçk (Martuni (Aşağı Qa­ranlıq)), Güllübulaq – Vardaxpuyr (Qukasyan (Qızılqoç)) və s.

3. Bəzi yaşayış məskənlərinin adları “beynəlmiləlçilik” pərdəsi altında dəyişdirilmişdir. Məsələn, Qaraqışlaq – Dostluq (Masis (Zəngibasar)), Sultanabad - Şurabad (Amasiya (Ağbaba)), Cücəkənd – Qızılşəfəq (Kalini­no), Aşağı Necili – Sayat – Nova (Masis (Zəngibasar)), Çanaxçı – Sovetakert (Ararat (Vedi)) və s. Bu proses bəzi erməni ya­şayış məskənlərinin adlarının müasirləşdirilməsi prosesi ilə yanaşı aparılmışdır.

4. Yaşayış məskənlərinin adlarının bir qismi isə cüzi dəyişiklə, ona oxşar, lakin ermənicələşdirilmiş adla əvəz edilmişdir. Məsələn, Dərabbas - Darbas (Sisyan), Dəlilər – Da­lar (Artaşat (Qəmərli)), Ələyəz – Araqats (Talın), Ərəvus – Are­vis (Sisyan), Gabud – Kapuyt (Əzizbəyov), Çırpılı – Crapi (Ani (Ağin)) və s.

5. “Ermənistan SSR-in inzibati ərazi bölgüsü”nün qeyd etdiyi­miz nəşrlərində adının önündə “Yuxarı”, “Aşağı”, “Böyük”, “Kiçik” sözləri gələn türkmənşəli yaşayış məntəqələrinin adlarında bu sözlər ermənicə – yəni, müvafiq olaraq “Verin”, “Nerkin”, “Mets”, “Pokr” şəklində yazılması həmin adların erməni dilində olması görüntü­sü yaratmağa xidmət etmişdir. Bununla elə təəssürat yaratmağa çalışmışlar ki, guya dəyişdirilən adlar erməni mənşəlidir. Məsələn, Verin Zağalı - Axpradzor (Vardenis (Basarkeçər)), Nerkin Zeyvə - Har­taşen (Eçmiədzin), Mets Kəpənəkçi - Musaelyan (Axuryan (Düzkənd)), Pokr Şiştəpə - Pokr Sepasar (Qu­kasyan (Qızılqoç)) və s.

Ümumiyyətlə, ermənilər azərbaycanlılara məxsusluğunu bildirən toponimlərdə halla­nan “dağ” sözbirləşməsini “sar”, təpə sözbirləşməsini “blur”, göl sözbirləşməsini “lic”, çay sözbirləşməsini “get”, bulaq sözbirləşməsini “axb­yur”, su sözbirləşməsini “cur”, dərə sözbirləşməsini “dzor” ifadəsi ilə əvəz etməklə, hərfi tərcümə yolu ilə toponimlərimizi özününküləşdirmişlər.

1935-ci ilədək Ermənistanda azərbaycanlılara məxsus yaşayış məskənlərinin adları Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanları olmadan, yəni hökumətin müəyyən strukturları tərəfindən dəyişdirilmişdir. 1935- ci il yanvarın 3-də Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin verdiyi fərmanla 29 rayonda 72 türkmənşəli toponim dəyişdirilərək, mənəvi soyqırıma məruz qoyul­muşdur.

SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il və 10 mart 1948-ci il tarixli qərarları əsasında 100 mindən artıq azərbaycanlının 1948-1953-cü illərdə Ermənistan SSR-dəki tarixi-etnik torpaqların­dan Azərbaycan SSR-in Kür-Araz ovalığına deportasiyasından sonra 60-dan artıq yaşayış məntəqəsinin adları dəyişdirilmişdir. Qarabağlar rayonu azərbaycanlıların depor­tasiyasından sonra ləğv edilmiş, onun kəndlərinin çoxu indiyədək xaraba qalmışdır.

Təkcə 1978-ci ildə 23 ra­yonda türkmənşəli 60 toponim dəyişdirilmişdir.

Ümumiyyətlə, 1918-1987- ci illərdə indiki Ermənistan ərazisində 254 azərbaycanlı yaşayış məntəqəsi müxtəlif yol­larla (əhalisi soyqırımına məruz qoyulmaqla, deportasiya edilməklə və s.) yaşayış məntəqələri siya­hısından silinmişdir. Bu kəndlərin böyük əksəriyyəti Ermənistanda azərbaycanlılara qarşı 1918-1920- ci illər soyqırımı və 1948-1953-cü illər deportasiyasından sonra xara­ba qalmışdır.

1920-1988-ci illərdə indiki Ermənistan ərazisində türkmənşəli 517 yaşayış məskəninin adları dəyişdirilmişdir.

1988-1989-cu illərdə Ermənistan ərazisində azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə siyasəti həyata keçirildikdən sonra Ermənistan Respublikası Ali Soveti Rəyasət Heyətinin 1991-ci il 9 aprel tarixli fərmanı ilə 90 yaşayış məntəqəsinin, 8 avqust 1991- ci il fərmanı ilə 16 yaşayış məntəqəsinin, Ermənistan parlamentinin 4 iyul 2006-cı il tarixli qərarı ilə isə əvvəllər azərbaycanlılara məxsus olmuş, 31 yaşayış məntəqəsinin adları dəyişdirilərək erməniləşdirilmişdir.

Elə azərbaycanlı yaşa­yış məntəqəsi olmuşdur ki, onun adı indiyədək bir neçə dəfə dəyişdirilmişdir. Məsələn, azərbaycanlıların 1988-ci ildə deportasiya olunduqları Amasiya rayonundakı Yeniyol kəndinin adını 1991-ci ildə dəyişdirərək Ağ­vorik qoymuşlar. Lakin Yeniyolun əvvəlki adı 1935-ci ilədək Qarana­maz olmuşdur.

İndiki Ermənistan ərazisində azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti, soydaşları­mızın tarixi-etnik torpaqlarından sonuncu nəfərinədək deportasi­yası məhz rayonlar üzrə bölgü­nün mövcud olduğu dövrdə, hələ Ermənistanda sovet hakimiyyətinin mövcud olduğu dövrdə başa çatdırılmışdır. Əhalinin yaddaşın­da və şəxsiyyətini təsdiq edən sənədlərdə də məhz onların o dövrdə doğulub boya-başa çatdıq­ları kəndin və rayonun adları qeyd olunmuşdur.

7 noyabr 1995-ci ildə Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqın­da yeni qanun qəbul edilmişdir. Ermənistanın yeni inzibati-ərazi bölgüsünə əsasən həmin vaxtadək mövcud olan rayonlar üzrə bölgü ləğv edilmiş, əvəzində 11 vilayət (marz) yaradılmışdır. Şirak vilayətinə keçmiş Amasiya (Ağbaba), Qukasyan (Qızılqoç), Axuryan (Düzkənd), Ani (Ağin) və Artik rayonları, Lori vilayətinə keçmiş Kalinino, Stepanavan (Cəlaloğlu), Tumanyan (Allahver­di), Spitak (Hamamlı) və Quqark rayonları, Tavuş vilayətinə keçmiş Noyemberyan, İcevan (Karvansa­ra) və Tauş (Şəmşəddin) rayonları, Araqadzon vilayətinə keçmiş Talın, Aparan, Araqats (Ələyəz), Aşta­rak (Əştərək) rayonları, Kotayk vilayətinə keçmiş Hrazdan (Axta), Kotayk (Abovyan – Ellər), Nairi rayonları, Geğarkunuk vilayətinə keçmiş Krasnoselo (Çəmbərək), Vardenis (Basarkeçər), Martuni (Aşağı Qaranlıq), Kamo (Kəvər) və Sevan rayonları, Armavir vilayətinə keçmiş Bağramyan, Hoktemberyan (Sərdarabad) və Eçmiədzin rayonları, Ara­rat vilayətinə keçmiş Masis (Zəngibasar), Artaşat (Qəmərli) və Ararat (Vedi) rayonları, Va­yotsdzor vilayətinə keçmiş Vayk (Əzizbəyov) və Yeğeqnadzor (Keşişkənd) rayonları, Sünik vilayətinə keçmiş Meğri, Sisyan, Qafan və Gorus rayonları daxil edilmişdir. İrəvan şəhərinə də ayrı­ca vilayət statusu verilmişdir.

Tarixi Azərbaycan torpaqların­da – indiki Ermənistan ərazisində türkmənşəli yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi prosesi başa çatdırılmaq üzrədir. Adları hələlik siyasi motivlərə əsasən bilərəkdən dəyişdirilməyən cəmi bir neçə yaşayış məntəqəsi saxlanılmışdır. Məsələn, Nizami (Zəngibasar), Avşar (Vedi), Halla­var (Quqark), Şamlıq (Tumanyan (Allahverdi)) və s.

Ermənistan Dövlət Daşınmaz Əmlakın Kadastrı Komitəsinin verdiyi məlumata görə, 2007- ci ildə yerdə qalan 21 yaşa­yış məntəqəsinin adlarının dəyişdirilməsi ilə addəyişmə əməliyyatı başa çatdırılmışdır.

Ümumiyyətlə, son dövrədək 702 türkmənşəli inzibati-ərazi vahidinin adları dəyişdirilmişdir.

Lakin Ermənistan ərazisində hidronimlərin və oronimlərin adla­rının dəyişdirilməsi prosesi sovet hakimiyyəti illərində mütəmadi olaraq davam etdirilmişdir. Bu qəbildən olan bəzi toponimlər 1961-ci ildə Ermənistan SSR-in ilk Atlasının buraxılmasına qədər dəyişdirilmişdi. Məsələn, Göycə gölünü “Sevan”, Zəngi çayını “Hrazdan”, Arpaçayı “Axuryan”, Ələyəz dağını “Araqats”, İşıxlı dağını “İşxanasar”, Ağbaba dağını “Qukasyan”, Dərəçiçək yaylağını “Saxkadzor” adlandırmışlar və s.

2014-cü ildə AMEA Tarix İnsti­tutu indiki Ermənistan ərazisində soyqırımına məruz qoyulan və 702 inzibati-ərazi vahidini əhatə edən “Vandalizm: tarixi adlara qarşı soyqırımı” (tərtibçi - Nazim Mustafa, “Ön söz” – akademik Yaqub Mahmudov) kitabını çap etdirmişdir. Hazırda bu kitabın rus və ingilis dillərində versiyaları çapa hazırlanır.

Uydurma “Böyük Ermənistan” iddiasını gerçəkləşdirmək üçün ermənilər tarixi saxtalaşdırmaq ənənəsini bu gün də davam etdirirlər.

Rəsmi İrəvan dairələri Ermənistanda yaşayan azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirilməklə yanaşı, Dağlıq Qa­rabağın Ermənistana anneksiya edilməsi siyasətini yeritmişlər. 1991-ci il sentyabrın 2-də Dağ­lıq Qarabağ Muxtar Vilayəti və Azərbaycan SSR-in Şaumyan (kənd) rayonu hüdudlarında qon­darma “Dağlıq Qarabağ Respubli­kası” elan edildi.

26 noyabr 1991-ci ildə Dağlıq Qarabağ Muxtar Vilayətini ləğv etmək haqqında Azərbaycan Respublikasının Ali Soveti qanun qəbul etdi. Stepanakert, Marda­kert, Martuni şəhərlərinin tarixi adları qaytarılaraq Stepanakert şəhəri Xankəndi şəhəri, Mardakert şəhəri Ağdərə şəhəri və Mardakert rayonu Ağdərə rayonu, Martu­ni şəhəri Xocavənd şəhəri və Martuni rayonu Xocavənd rayonu adlandırıldı. Əsgəran və Hadrut rayonları ləğv edildi. Xocalı şəhəri mərkəz olmaqla Xocalı rayonu yaradıldı, ləğv edilmiş Əsgəran rayonunun ərazisi Xocalı rayonu­nun tərkibinə, Hadrut rayonunun ərazisi isə Xocavənd rayonunun tərkibinə verildi.

Hələ Sovet hakimiyyəti illərində Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisində inzibati-ərazi vahidlərinin adlarının dəyişdirilməsi çox nadir hallar­da baş vermişdi. Xankəndinin adı dəyişdirilərək Stepanakert, Aşağı Qaranlıq rayonunun adı dəyişdirilərək Martuni, Dizak rayonu isə Hadrut rayonu adlandı­rılmışdı.

1992-1993-cü illərdə Ermənistanın havadarlarının köməyi ilə həyata keçirdiyi işğalçılıq siyasəti nəticəsində DQMV və onun ətrafındakı 7 rayon – Kəlbəcər, Laçın, Qubadlı, Cəbrayıl, Zəngilan, Ağdam və Füzuli rayonları Ermənistan silahlı qüvvələrinin nəzarəti altına keçdi. Ermənistanın hərbi təcavüzü respublikanın 17 min kvadratki­lometr ərazisində 900 yaşayış məntəqəsinin işğalı ilə nəticələndi. Nəticədə bir milyondan artıq insan Ermənistan tərəfindən etnik təmizləməyə məruz qaldı.

Dağlıq Qarabağ və onun ətraf rayonları işğal edildikdən sonra Azərbaycanın işğal olun­muş ərazilərində addəyişmə əməliyyatlarına başlandı. Son dövrlərdə İrəvanda çap edilən xəritələrdə həm işğal olunmuş ərazilər, həm də Dağlıq Qarabağ Ermənistanın xəritəsinə salınır.

Qondarma Dağlıq Qara­bağ Respublikasının Ali Soveti Rəyasət Heyətinin qərarları ilə işğal olunmuş ərazilərdə yeni inzibat-ərazi vahidləri yaradılır və “tarixi adların qaytarılması” adı altında toponimlər dəyişdirilir. Qondarma DQR-in Ali Sovetinin 2 dekabr 1993-cü il tarixli qərarı ilə işğal olunmuş Laçın, Qubadlı və Zəngilan rayonlarını əhatə edən Kaşatağ rayonu yaradılmış və rayon mərkəzi kimi, Laçın şəhərinin adı dəyişdirilərək “Berd­zor” adlandırılmışdır. Xocalı və Ağdam rayonunun işğal olunmuş əraziləri Əsgəran rayonunun, Füzuli və Cəbrayıl rayonları­nın işğal altında olan əraziləri Hadrut rayonunun ərazisi kimi göstərilir. Son vaxtadək qondar­ma DQR parlamentinin qərarları ilə 120-dən çox azərbaycanlı yaşayış məntəqəsinin adları dəyişdirilmişdir. Ağdam şəhəri “Akn”, Füzuli şəhəri “Varanda”, Zəngilan şəhəri “Kovsakan”, Qu­badlı şəhəri “Sanasar”, Kəlbəcər şəhəri “Karvacar”, Cəbrayıl şəhəri “Crakan” adlandırılmışdır. Dün­yanın gözü qarşısında soyqırıma məruz qoyulan Xocalı şəhəri, onun işğal planının hazırlayan Rusiya ordusunun sabiq generalı Xristofer İvanyanın adı ilə “İvan­yan” adlandırılmışdır.

İşğal altında olan azərbaycanlı yaşayış məntəqələrinin bir çoxu bu gün xaraba qalmışdır. Hansı kəndlərdə Ermənistandan və xarici ölkələrdən ermənilər və yezidi kürdləri məskunlaşdırılıbsa, o kəndlərin adları dəyişdirilmişdir. Ümumiyyətlə, əldə edilən məlumata görə, Əsgəran rayo­nunda 18, Hadrut rayonunda 22, Kaşatağ rayonunda 28, Mardakert rayonunda 24, Martuni rayonunda 11, Şuşa rayonunda 10, bu gün faktiki olaraq qondarma “DQR”-in ərazisindən kənarda olan Şaum­yan rayonunun 9 kəndinin adları dəyişdirilərək erməniləşdirilmişdir.

2009-cu ildə İrəvanda “Tiqran Mec” nəşriyyatında 336 səhifə həcmində erməni, rus və ingilis dillərində A4 formatında rəngli kitab-albom çap edilmişdir. 12 fəsildən ibarət olan alboma tarixi Azərbaycan torpaqları olan indiki Ermənistan Respublikası, Gür­cüstan, Azərbaycan Respubli­kası və Türkiyə Cümhuriyyətinin ərazisində mövcud olan 1116 tarixi abidənin şəkilləri daxil edilmişdir. Kitab mifik “Böyük Ermənistan” (“Kiçik Hayk” və “Böyük Hayk”) ərazisini, təqribən 430 min kvad­ratkilometr ərazini əhatə edir. Həmin şəkillərin yalnız 6 faizi mü­asir Ermənistan Respublikasının ərazisindədir. İşğal ərazisindəki Murov dağının adı “Mrav”, Ziyarat dağının adı isə “Dizapayt”, Kəpəz dağının adı “Alqarak” (səh. 22-23) kimi verilmişdir. Göygölün adı “Kaputan” kimi verilir. Tərtər çayı “Trtu”), Qurucay “İşxanaget” kimi oxuculara təqdim edilir.

Kitab-albomun “Antik Ermənistan” adlanan fəslində yerləşdirilən 23 şəkildən 5-i Azərbaycanın işğal altında olan ərazisindəki Xaçıncayın sahilində yerləşən Şahbulaq yaylağındakı tarixi abidəyə aiddir. Ermənilər isə iddia edirlər ki, həmin abidə Ermənistan Milli Elmlər Aka­demiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun “Arsax Tiqranakert” ekspedisiyasının 2006-cı ilin yayında “aşkar etdiyi” “Tiqranakert” şəhərinin qala divarlarının təsvirləridir . Halbuki, həmin təsvirlər ərazi etibarilə tarixi mənbələrdə əks olunan Ağdam rayonundakı “Şahbulaq qəsri” me­marlıq abidələri kompleksinə aid­dir. Vaxtilə Qarabağ xanı Pənahəli xan Şah bulağı ərazisində əzəmətli qala, məscid, hamam, bazar köşkləri inşa etdirmiş, abad Şahbulaq yaşayış məntəqəsi meydana gəlmişdi. Ermənilər indi Şahbulağı “Surenavan” adlandı­rırlar. “Tiqranakert’’i isə erməni tarixçiləri əvvəllər Şərqi Anadoluda Van gölünün yaxınlığında lokalizə etmişdilər. Görünür, ermənilərin tarixi sürüşkən olduğundandır ki, “Tiqranakert” sürüşə-sürüşə Şərqi Anadoludan gəlib Ağdam ərazisində peyda olub.

Kitab-albomun sonuncu XII fəsli “Relyef ornamentləri” adla­nır və Azərbaycan, Türkiyə və Gürcüstan ərazilərində mövcud olan tarixi-memarlıq abidələrinin üzərindəki ornamentlərin, daş sənduqələrin üzərindəki oyma təsvirlərin ermənilərə məxsus olduğu iddia edilir. Məsələn, Kəlbəcər rayonu ərazisində mövcud olan 1629- cu ilə aid sənduqənin üzərində azərbaycanlıların həyat tərzinə və məişətinə aid fraqmentlər həkk olunmuşdur. Kitab-albomda isə həmin sənduqənin “Arsax”ın “Ka­şatağ” rayonunun Şalka kəndində olduğu qeyd edilmişdir.

Ümumiyyətlə, ermənilər azərbaycanlılara məxsusluğunu bildirən toponimlərdə halla­nan “dağ” sözbirləşməsini “sar”, təpə sözbirləşməsini “blur”, göl sözbirləşməsini “lic”, çay sözbirləşməsini “get”, bulaq sözbirləşməsini “axb­yur”, su sözbirləşməsini “cur”, dərə sözbirləşməsini “dzor”, daş sözbirləşməsini “kar”, gül sözbirləşməsini “vard” ifadəsi ilə əvəz etməklə, habelə, hərfi tərcümə yolu ilə toponimlərimizi erməniləşdirmişlər. Məsələn, Daşaltı toponimini “Karintağ”, Gülablı toponimini “Varder”, İstisu toponimini “Cermacur”, Alagöllər toponimini “Allic”, Qaragöl toponi­mini “Sevlic” adlandırmışlar.

Erməni saxtakarlığı İrəvanda çap edilən “Ermənistanın Milli Atlası” ikicildliyində son həddə çat­dırılmışdır. 2007-ci ildə çap edilən 230 səhifə həcmində milli atlasın birinci cildinə 65 saxta xəritə daxil edilmişdir. 260 səhifə həcmində milli atlasın ikinci cildi 2009-cu ildə çap edilmişdir. Bu cildə indiki Ermənistan Respublikasını, qon­darma DQR-i və erməni diaspo­runun yaşadığı əraziləri əhatə edən 220 xəritə daxil edilmişdir. Bu xəritələrdə azərbaycanlılara məxsus bütün toponimlər mədəni terrora və linqivistik soyqırımına məruz qoyulmuşdur.

20 fevral 2017-ci ildə qondarma “Dağlıq Qarabağ Respublikası”nda keçirilən qon­darma Konstitusiya referendumu ilə qurumun adı dəyişdirilərək “Ar­sax Respublikası” adlandırılmışdır.

Lakin diqqəti çəkən bir məqam ondan ibarətdir ki, müəyyən mərhələlərlə xarici ölkələrdən gəlib azərbaycanlıların yaşamış olduqları ərazilərdə məskunlaşan ermənilər, indinin özündə də yer-yurd ad­larını elə əvvəlki adları ilə – yəni azərbaycanlıların vaxtilə verdikləri adlarla çağırırlar. Oykonimləri, hidronimləri, oronimləri özündə əks etdirən bir sıra spesifik saytlarda yerləşdirilən xəritələrdə, xarici turizm şirkətlərinin saytlarında, yol bələdçiliyi üçün buraxılan nəşrlərdə, astronomik portallarda keçmiş tarixi adlar əsasən saxla­nılır.

Azərbaycan Respublikası­nın Prezidenti İlham Əliyev bu günlərdə Tərtər Olimpiya İdman Kompleksinin açılışında çıxı­şında demişdir: “Bu tarixi hər kəs bilməlidir, xüsusilə gənclər bilməlidir, olduğu kimi bilməlidir. İndiki Ermənistan Respublika­sının ərazisi qədim Azərbaycan torpağıdır. Bu, faktdır, tarixi faktdır. Heç uzağa getmək lazım deyil. XX əsrin əvvəllərində çar Rusiyası tərəfindən dərc edilmiş xəritələrə baxmaq kifayətdir. Hər kəs görər ki, indiki Ermənistanın bütün ərazisindəki toponimlərin, demək olar ki, mütləq əksəriyyəti Azərbaycan mənşəlidir.”

Bəli, hər kəs bilməlidir ki, indi Ermənistan Respublikası adlanan dövlətin ərazisi tarixi Azərbaycan torpağıdır. Bunun bariz sübutu isə həmin ərazidəki toponimlərdir. Şərait yetişəcək, tarix bizə də imkan verəcək ki, öncə ərazi bütövlüyümüzü bərpa edəcəyik, sonra isə tarixi torpaqlarımıza sahib olacağıq və daha sonra isə toponimlərimizi bərpa edəcəyik. Xalqımıza qarşı edilən cinayətlər cəzasız qalmayacaq. Hamımız bu ruhda köklənməliyik.

Nazim MUSTAFA,
Prezident Kitabxanasının şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, Dövlət mükafatı laureatı

9 İyun 2020 01:23 - XƏBƏRLƏR
XƏBƏRLƏR
2 Dekabr 2020 | 04:24
Hava proqnozu

Köhnə versiyamızdan xəbərləri izlə