Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ana südü ilə qidalandırma ilə bağlı dəyirmi masa keçirilib

Ana südü ilə qidalandırma ilə bağlı dəyirmi masa keçirilib

Azərbaycanda oktyabrın 1-dən “Ana südü ilə qidalandırma” həftəsinin başlaması ilə bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində dəyirmi masa təşkil olunub.

Bakı şəhəri üzrə doğum evləri, qadın məsləhətxanaları və uşaq poliklinikalarının baş həkimlərinin iştirakı ilə keçən dəyirmi masada ana südünün körpələrin sağlam inkişafı üçün ən ideal qida olduğu bir daha vurğulanıb.

Bildirilib ki, respublikamızda Səhiyyə Nazirliyi və UNICEF-in birgə təşkilatçılığı ilə hər ilin avqust və oktyabr aylarının ilk həftələrində ana südünün üstünlüklərinə həsr edilən “Ana südü həftəsi” keçirilir. Ana südü ilə qidalanan uşaqların sayını artırmaq üçün təhsil müəssisələrində, kütləvi informasiya vasitələrində, əhali arasında geniş maarifləndirmə işlərinin aparıldığı diqqətə çatdırılıb.

UNICEF-in Azərbaycandakı nümayəndəsinin müavini Min Yuan körpələrin inkişafında ana südü ilə qidalanmanın əvəzsiz rol oynadığını vurğulayıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən aldığımız məlumatda bildirilir ki, ana südü ilə qidalanmaya dair video-çarxın nümayişindən sonra mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

4 Oktyabr 2018 11:49 - SƏHİYYƏ
SƏHİYYƏ

Ən son xəbərləri səhifəmizdən də izləyin