Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Vətəndaşa qayğı, sosial problemlərin həlli dövlət siyasətinin prioritetidir

Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu Park- 3” yaşayış kompleksinin mayın 28-də açılışı, həm hadisənin məzmunu və təyinatı, həm də məhz Respublika Gününə təsadüf etməsi ilə əlamətdar oldu. Dövlətin öz vətəndaşına diqqət-qayğısı, əhalinin sosial problemlərinin həlli üçün davamlı işlərin görülməsi, açılışda ali dövlət rəhbərliyinin şəxsən iştirakı, sakinlərlə aparılan səmimi söhbət, daha yaxşı sabahlara bəslənən dərin inamdan qaynaqlanır.

Təməli 2019-cu ilin iyul ayında qoyulan yaşayış kompleksində yaradılan şərait, bir tərəfdən, məcburi köçkün vətəndaşlarımız üçün tezliklə normal sosi­al mühiti formalaşdırmaq məsuliyyətini ifadə edirsə, digər tərəfdən ali dövlət rəhbərliyinin göstərişlərinə, tapşırıqlarına peşəkarlıqla və fasiləsiz fəaliyyəti təmin edən bir yanaşmanı göstərir. Cəmi 1 il ərzində belə nəhəng kompleksi ərsəyə gətirmək azərbaycanlı mütəxəssislərin, inşaatçıları­mızın vətənpərvərliyini, baca­rıqlarını da nümayiş etdirmiş oldu. Əlbəttə, belə nəhəng və sürətli inşaatdan danışarkən, tikintinin Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirildiyini də minnətdarlıqla qeyd etməliyik. Adından da göründüyü kimi, bu, artıq 3-cü kompleksdir və hər üç “Qobu-Park” Lökbata­nın şəhər simasını da dəyişir.

Onu da nəzərə alsaq ki, yaşayış komplekslərinin yeri əvvəllər baxımsız sahə olub, orada yaşayış üçün heç bir sosial infrastruktur mövcud olmayıb, o zaman görülən işin dəyəri daha da artmış olur. “Qobu Park-1”-də 1026 ailəlik doqquzmərtəbəli 11 yaşayış binası, “Qobu Park-- 2”-də 1300 ailəlik onmərtəbəli 13 bina, açılışı olan “Qobu Park-3” yaşayış kompleksində isə onmərtəbəli 13 yaşayış binası inşa olunub və 20 min əhalinin məskunlaşmasına xidmət edən bu işlər, 2 illik qısa bir müddətdə icra edilib. Komplekslərin ərazisində vacib sosial obyektlərin yaradılıdı­ğını, əraziyə asfalt yol salındı­ğını da nəzərə alsaq, əslində, Qaradağın, ümumən paytaxtı­mızın həyatında sosial həyat, inşaat işi və vətəndaşa qayğı baxımından ciddi hadisənin yaşandığını deməliyik.

Deməliyəm ki, Prezi­dent İlham Əliyevin sakinlər qarşısında 28 May – Respub­lika Günü haqqında, yaxın tariximizlə bağlı, açılışı olan kompleks barədə geniş fikirləri onu yalnız bir sosial layihə olmaqdan çıxarıb, ictimai-si­yasi məzmunla zənginləşdirdi. Burada rəmzi və faktiki baxımdan diqqət yetirilməli məqamlardan biri də odur ki, dövlət başçısı əziz bay­ramımızı məhz quruculuqla, əhalinin problemlərinin həlli ilə bağlı atılmış real addımlarla, vətəndaşlara yeni mənzillərin açarlarının təqdim olunması kimi xoşməramlı hadisə ilə qeyd edir – bayrama bayram qatır. İkincisi, çox aydın şəkildə dövlət başçısı tərəfindən bir daha ifadə olundu ki, heç bir çətinliyə, mürəkkəb beynəlxalq vəziyyətə, digər məsələlərə baxmayaraq, dövlətimiz işğalla barışmayacaq, torpaqlarımız azad ediləcək, ərazi bütövlü­yümüz bərpa olunacaq, “ikinci erməni dövləti”nin qurulmasına imkan verilməyəcək. Unutmu­ruq ki, Ermənistan adlanan dövlət özü tarixi Azərbaycan torpaqlarında qurulub, İrəvan şəhərinin tarixdəki ilk erməni dövlətinə paytaxt olaraq güzəşt edilməsindən 102 il ötür. Ermənistan öz üzərinə götürdüyü öhdəlikləri nəinki yerinə yetirməyiib, əksinə yeni ərazilərin işğalı hesabına daha da iştahlanıb, soyqırı­mı törədib, bununla da, yeni dövrün faşizmini yaşatmaqda­dır. Ancaq heç bir işğal, onun uzun sürməsi bizi öz haqlı mövqeyimizdən döndərməyib, döndərə bilməz və biz dövlət-xalq birliyi ilə torpaqlarımızı azad edəcəyik.

Bu, o deməkdir ki, Azərbaycan “Qobu Park”lardan daha gözəl kompleksləri işğaldan azad yaşayış məntəqələrimizdə tikməyə hazır olmalıdır. O günün uzaq­da olmaması üçün yetərincə siyasi iradə, hərbi güc, iqtisadi əsaslar, vətənpərvər gənclər ordusu var. Və bu varlıq öz-özünə meydana çıxmayıb, dediyimiz inamı, gücü, mənəvi-psixoloji ortamı yaradan dövlət var, Ali Baş Komandan var. Deməli, Vətənə, dövlətə təmənnasız xidmətə hazır olan xalqımız var.

Əkbər QOŞALI,
Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri, Milli QHT Forumu İdarə Heyətinin üzvü

5 2020 03:42 - XƏBƏRLƏR
XƏBƏRLƏR
8 İyul 2020 | 15:16
Çexiyada qatar qəzası

Köhnə versiyamızdan xəbərləri izlə