Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ermənilərin tarixi adlara qarşı soyqırımı

İndiki Ermənistan ərazisində tarixi Azərbaycan adları, şəhərlərin, kəndlərin adları dəyişdirilib. Bu adlar neçənci ildə dəyişdirilib? Ona görə biz deyəndə ki, indiki Ermənistan tari­xi Azərbaycan torpağında yaradılıb, tam həqiqəti deyirik. Biz yaxşı bilirik ki, ermənilər bizim torpağımıza, o cümlədən indi­ki Ermənistan ərazisinə XIX əsrin əvvəllərində köçürülüblər, Rus-İran müharibəsindən sonra. Tərtərlilər yaxşı bilirlər və Azərbaycan xalqı da bilir ki, 1978-ci ildə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisindəki kəndlərin birində ermənilərin bu bölgəyə gəlməsinin 150 illiyini əks etdirən abidə ucaldılıb. 1978-ci ildən 150 ili çıxın, deməli 1828-ci ildə gəliblər.

Prezident İlham Əliyevin Tərtər Olimpiya Kompleksinin açılışındakı çıxışından

3 iyun 2020-ci il


Bu gün erməni millətçiləri beynəlxalq ictimaiyyətin gözləri qarşısında Cənubi Qafqazın tarixi keçmişini sax­talaşdırmaqda davam edirlər. Məsələn, bir neçə il qabaq Ermənistan Respublikası hökuməti yanında Daşınmaz Əmlakın Kadastrı Dövlət Komitəsinin sədri Manuk Vardanyan jurnalistlər qarşısında çıxış edərək məlumat vermişdi ki, Ermənistanın ilk milli atlası nəşr olunacaq. Onun bildirdiyinə görə, həmin atlasda 40 min coğrafi ad qeydiyyata alınacaqdır ki, bu zaman başqa dillərə məxsus olan 8-10 min coğrafi ad dəyişdirilərək erməni adları ilə əvəz olunacaq.

M.Vardanyanın qeyd etdiyi “başqa dillərə məxsus olan” həmin 8-10 min coğrafi ad məhz göstərilən torpaqlardan deportasiya edilmiş azərbaycanlılara məxsusdur.

... Elmə yaxşı məlumdur ki, ermənilər Cənubi Qafqazın aborigen əhalisi deyil. Tarixi həqiqət bundan ibarətdir ki, onlar Cənubi Qafqaza gəlmə etnosdur. Bunu ilk mənbələrə əsaslanan tədqiqatlar çoxdan sübut etmişdir. Ermənilərin əcdadları hesab olunan tayfalar təqribən eramızdan əvvəl I minilliyin ortaların­da Fərat çayının yuxarılarında peyda olmuşlar. Onlar bura Balkan yarımada­sından köçüb gəlmişlər.

Azərbaycan xalqının ulu babaları hələ ermənilərin Asiyada peyda olma­sından çox-çox əvvəllər Cənubi Qafqaz da daxil olmaqla, böyük bir regionda yüksək mədəniyyət formalaşdırmış, Arazdan cənubda Manna və Atropatena, şimalda isə qüdrətli Albaniya dövlətini yaratmışlar. Azərbaycan Albaniya dövləti Araz çayından şimaldakı bütün Azərbaycan torpaqlarını, o cümlədən tarixi Qarabağ da daxil olmaqla, Araz və Kür çayları arasındakı ərazini əhatə edirdi. Albaniya dövlətinin süqutun­dan sonra Araz çayından şimaldakı Azərbaycan torpaqları bütün tarixi dövrlərdə ya Azərbaycan dövlətlərinin, ya da müxtəlif türk-müsəlman impe­riyalarının tərkibinə daxil olmuşdur. Belə ki, 1918-ci ilədək Cənubi Qafqaz ərazisində heç bir erməni dövləti olma­mışdır.Tarixi reallıq və ilk mənbələrin təsdiq etdiyi həqiqət belədir! Bu gün Cənubi Qafqazda başlıca gərginlik ocağı olan erməni dövlətinin yaradılması ideyasının əsası lap yaxın dövrdə – XIX əsrin əvvəllərində Rusiya imperiyasının regionu ələ keçirmək məqsədilə İran və Türkiyəyə qarşı apardığı işğalçılıq müharibələri dövründə qoyulmuşdur. Həmin dövrdə Rusiya özünə Cənubi Qafqazda etibarlı dayaq yaratmaq üçün xristian amilindən istifadə etdi.

Bu məqsədlə yenicə işğal olunmuş Şimali Azərbaycan torpaqlarına, əsasən də keçmiş Azərbaycan dövlətlərinin – İrəvan, Naxçıvan və Qarabag xanlıq­larının ərazisinə İrandan və Türkiyədən kütləvi surətdə ermənilər köçürüldü.

Erməni köçkünlərini yerli türk-müsəlman əhali üzərinə qaldır­maq məqsədilə imperator I Nikolay azərbaycanlıların ümumxalq bayramı olan Novruz bayramı günü – 1828-ci il martın 21-də Azərbaycan torpaqları olan İrəvan və Naxçıvan xanlıqlarının ərazisində “Erməni vilayəti” adlanan bir vilayətin yaradılması barədə fərman imzaladı. Yeni yaradılmış “Erməni vilayəti”nin ərazisinə daxil edilən 1111 kənddən yalnız 62-sində ermənilər yaşayırdı. Onlar da 1828-ci ilədək buraya köçürülmüş ermənilər idilər. Yeri gəlmişkən, göstərilən 62 kəndin ancaq 14-nün adı erməni mənşəli idi. “Erməni vilayəti”nin yaradılmasından sonra əzəli Azərbaycan torpaqlarının bura Çar Rusiyası tərəfindən köçürülüb gətirilmiş ermənilər tərəfindən etnik təmizlənməsi dövrü başlandı. Azərbaycan xalqını öz ata-baba torpaqlarından məhrum etmək məqsədilə ona qarşı saysız-he­sabsız deportasiyalar və soyqırımları həyata keçirildi. Nəticədə Azərbaycan torpaqlarının kütləvi surətdə ermənilərlə məskunlaşdırılması prosesi həyata keçirildi. Rus tədqiqatçısı N.Şavrov 1911-ci ildə yazırdı: Hazırda Cənubi Qafqazda yaşayan 1 milyon 300 min erməninin bir milyondan çoxu yerli əhali deyil və buraya bizim tərəfimizdən köçürülmüşdür. 1918-ci il mayın 29-da Azərbaycan Xalq Cümhuriyyəti Cənubi Qafqazda sülh və əmin-amanlıq yaradıl­ması xatirinə qədim Azərbaycan şəhəri İrəvanı ətrafındakı torpaqlarla birlikdə ermənilərə güzəştə getdi. Beləliklə, Cənubi Qafqazda tarixdə ilk dəfə olaraq Azərbaycan torpaqları hesabına erməni dövləti yaradıldı. Bu vaxtdan etibarən Rusiyanın hərtərəfli köməyi ilə ermənilər tərəfindən Qərbi Azərbaycan torpaqla­rının azərbaycanlılardan təmizlənməsi prosesi daha da sürətləndi, ermənilərin köç saldığı ərazilər Azərbaycan tor­paqları hesabına şərqə doğru daha da genişləndirildi. Bolşevik Rusiyası­nın hakimiyyəti dövründə bu proses daha da intensivləşdi. 1988-ci ildə azərbaycanlıların öz ata-baba yurd­ları olan Qərbi Azərbaycan (indiki Ermənistan Respublikasının ərazisi) torpaqlarından deportasiyası başa çatdırıldı. Yaxın keçmişdə əhalisinin mütləq əksəriyyəti azərbaycanlılar olan bu torpaqlarda – indiki Ermənistan Res­publikasının ərazisində artıq bir nəfər də olsun azərbaycanlı qalmamışdır.

Azərbaycanlılara qarşı 1905-1906, 1918-1920, 1948-1953, 1988- ci illərdə çoxsaylı soyqırımları və de­portasiyalar həyata keçirmiş erməni millətçiləri, eyni zamanda, minlərlə tarixi abidəni, nadir maddi və mənəvi mədəniyyət əsərlərini, məscidləri, minarələri, qəbiristanlıqları yerlə-yeksan etmiş, tarixi adlara qarşı da soyqırımı törətmişlər. Erməni millətçilərinin indiki Ermənistan (tarixi Qərbi Azərbaycan) ərazisində azərbaycanlılara məxsus mənəvi sərvətlərə qarşı davamlı olaraq həyata keçirdikləri soyqırımı nəticəsində on minlərlə tarixi adı dəyişdirilərək erməniləşdirilmişdir.

Tanınmış tədqiqatçı alim Na­zim Mustafanın elə ermənilərin öz mənbələrinə əsaslanaraq hazırladığı “Vandalizm: tarixi adlara qarşı soyqı­rımı” kitabı da məhz toponizmlərimizə qarşı soyqırımı cinayəti törətmiş müasir vandallara tutarlı cavabdır. Müəllif ilk mənbələrə əsaslanaraq sübut edir ki, indiki Ermənistanda azərbaycanlılara məxsus yaşayış məntəqələrinin adları­nın və digər toponimlərin dəyişdirilməsi prosesinə ilk dəfə 1919-cu ildə Ermənistan Respublikası hökumətinin qərarı ilə başlanılmışdır. Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra 1935-ci ilədək orada 190-dan artıq azərbaycanlı yaşayış məntəqələrinin adları dəyişdirilmişdir. Sonrakı dövrlərdə azərbaycanlılara məxsus tarixi ad­ların dəyişdirilməsi prosesi daha da sürətləndirilərək kütləvi miqyas almış və 1991-ci ildə Ermənistan Respubli­kası yaradıldıqdan sonra əsasən başa çatdırılmışdır.

Yaqub MAHMUDOV,
Əməkdar elm xadimi, tarix elmləri doktoru, professor

5 2020 03:41 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə