Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 191 Bakı şəhəri, 4 iyun 2020-ci il

Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə

“Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qa­nununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilakti­ka və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na əsasən Azərbaycan Respub­likasının Nazirlər Kabineti qərara alır:

1. Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə xüsusi karantin rejiminin sərtləşdirilməsini təmin etmək üçün 2020-ci il 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək aşağıdakı məhdudiyyətlər tətbiq edilsin:

1.1. aşağıda qeyd edilənlər istisna olmaqla, bütün iş, xidmət, o cümlədən ticarət sahələri üzrə fəaliyyət dayandırıl­sın:

1.1.1. siyahısı Azərbaycan Respub­likasının Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilən dövlət orqanlarının (qu­rumlarının) və digər təşkilatların fəaliyyəti;

1.1.2. xəstəxanalar və təcili tibbi yar­dım müəssisələrinin fəaliyyəti;

1.1.3. sosial xidmət müəssisələrinin fəaliyyəti, o cümlədən əqli və hissiyyat po­zuntusu olan, habelə xüsusi qayğıya ehti­yacı olan şəxslər üçün baxıcılıq xidməti;

1.1.4. kommunal xidmətlər (su təchizatı və kanalizasiya, qaz təchizatı, istilik təchizatı, enerji paylanması, məişət tullantılarının yığılması və utilizasiyası);

1.1.5. elektrik enerjisinin istehsalı və təchizatı;

1.1.6. meliorasiya və su təsərrüfatı;

1.1.7. rabitə xidmətləri;

1.1.8. teleradio yayımçılarının (televizi­ya və radio kanalları, kabel televiziyaları) fəaliyyəti;

1.1.9. dəmir yolu, avtomobil, dəniz, hava nəqliyyatı ilə yük daşımaları;

1.1.10. boru kəmərləri ilə nəqliyyatın təmin edilməsi fəaliyyəti;

1.1.11. fasiləsiz istehsalat fəaliyyəti (is­tehsalat-texniki şərtlərə görə fəaliyyətinin dayandırılması mümkün olmayan müəssisələr);

1.1.12. neft və qazın hasilatı, emalı, saxlanması və satışı;

1.1.13. fəaliyyəti dayandırılmış iş və xidmət sahələrinin mühafizə və texni­ki təhlükəsizliyinin təmin edilməsi üzrə xidmətlər.

1.2. Bu Qərarın 1.1.1-1.1.13-cü yarımbəndlərində nəzərdə tutulan iş və xidmət sahələrində fəaliyyət göstərən şəxslər istisna olmaqla, digər şəxslərin yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan edilsin və onların həmin yerləri tərk etməsinə aşağıdakı müstəsna hallarda icazə verilsin:

1.2.1. həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda (təxirəsalınmaz tibbi yardım yalnız təcili tibbi yardım xidməti vasitəsilə);

1.2.2. yaxın qohumların dəfnində işti­rakla əlaqədar.

1.3. Xüsusi təyinatlı, qəza-bərpa, təcili tibbi yardım və fəaliyyətinə icazə veril­miş orqanlara (qurumlara) və təşkilatlara məxsus xidməti avtomobillər istisna olmaqla, bütün digər avtomobillərin və icti­mai nəqliyyatın hərəkəti qadağan edilsin.

2. Bu Qərarın 1.1.1-1.1.13-cü yarımbəndlərində nəzərdə tutulan iş və xidmət sahələrində fəaliyyətin həyata keçirilməsi üçün yalnız zəruri və məhdud sayda işçilərin işə cəlb edilməsi təmin edilsin.

3. Bu Qərarın 1.2.2-ci yarımbəndində göstərilən əsasla yaşayış yerini və ya olduğu yeri tərk etmək üçün hər bir şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin 102 Xidməti - Zəng Mərkəzi vasitəsilə icazə almalıdır.

4. Bu Qərarın 1.1.1-1.1.13-cü yarımbəndləri ilə fəaliyyətinə icazə verilən iş və xidmət sahələrində işləyən şəxslərin hərəkətinə işəgötürən tərəfindən həmin şəxslər barədə məlumatlar elektron im­zadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra yol verilir.

5. Bu Qərarın 1.2.1-ci və 1.2.2-ci yarımbəndlərinin tələblərinə riayət olunma­sına nəzarət Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilir.

6. Bu Qərarın tələblərinin pozulmasına görə fiziki, hüquqi və vəzifəli şəxslər qa­nunda nəzərdə tutulmuş qaydada inzibati və cinayət məsuliyyəti daşıyırlar.

 

Əli ƏSƏDOV
Azərbaycan Respublikasının Baş Naziri

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə