Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Heç bir qüvvə sosial layihələrin icrasını dayandıra bilməz

Azərbaycanda həyata keçirilən sosial siyasət, insanların  həyat səviyyəsinin  daha da yaxşılaşdırılması doğma torpaqlarından didərgin salınmış  qaçqın və məcburi köçkünlərin timsalında da özünü aydın büruzə verir. Ölkə Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın  bu qəbildən olan insanlara xüsusi diqqət və qayğısının  müsbət nəticəsini ata-baba yurdlarından didərgin salınmış hər bir soydaşımız gündəlik həyatında açıq şəkildə hiss edir. Bu istiqamətdə reallaşdırılan dövlət siyasəti, müvafiq proqramların uğurla icrası göz önündədir.

Azərbaycan dövlətinin məcburi köçkünlərin dövlət qayğısı ilə əhatə olunması, sosial müdafiəsinin gücləndirilməsi, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində yürütdüyü siyasəti uğurla davam etdirilir: Hətta bəşəriyyətin başı üzərini almış koronavirus pandemiyasının tüğyan etdiyi bir vaxtda da sosial proqramların icrası diqqətdən kənarda qalmır. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə əsası qoyulmuş və Müstəqillik Günündə “Qobu Park-3” yaşayış kompleksinin açılışında da belə bir xeyirxah, humanist addımın şahidi olduq. Buna qədər isə həmin ərazidə Mehriban xanımın təşəbbüsü ilə daha iki yaşayış məntəqəsi –“Qobu Park-1” və “Qobu Park-2” yaşayış kompleksləri məcburi köçkünlərin ixtiyarına verilmişdir. 2012-ci ildə tikilmiş təməl daşı qoyulan “Qobu Park -1”də 1026 ailə, 2019-cu ildə tikilmiş “Qobu Park -2”də 1300 ailə məskunlaşıb. “Qobu Park-3” yaşayış kompleksində isə 1336 məcburi köçkün ailəsi yerləşdiriləcək. 
Bu, məcburi köçkünlər üçün salınmış 111-ci qəsəbədir. Ümumiyyətlə, məcburi köçkünlərin mənzil-məişət probleminin, habelə məşğullunun təmin olunması Mehriban xanımın daim diqqət mərkəzində saxladığı prioritet vəzifələrdən biri olub. Mehriban xanım Əliyevanın Birinci vitse-prezident kimi ilk müşavirəni məcburi köçkünlərin sosial problemlərinə həsr etməsi onun yurd-yuvasını itirmiş vətəndaşlarımıza olan diqqətindən və həssas münasibətindən xəbər verir. Birinci xanım həmin müşavirədəki çıxışında dedi: “Biz hamımız əminik ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi öz ədalətli həllini tapacaq. Ölkəmizin ərazi bütövlüyü bərpa olunacaq, bütün məcburi köçkünlər və qaçqınlar öz doğma yurdlarına qayıdacaqlar. Bu gün onları yerləşdirmək üçün tikilən binalar, salınan qəsəbələr, alınan mənzillər onların müvəqqəti ünvanıdır. Reallıqlar bundan ibarətdir. Bu gün bizim məqsədimiz bu insanları normal yaşayış yeri və işlə təmin etməkdir”.
Xeyirxahlıq missiyası Mehriban xanımın həyat devizidir. Beynəlxalq ictimaiyyətə də bəllidir ki, Birinci vitse-prezident hələ Heydər Əliyev Fonduna rəhbərlik etdiyi illərdə və deputatlıq fəaliyyəti dövründə də ölkə həyatının elə bir sahəsi olmayıb ki, oradakı problemli məsələlər diqqətindən kənarda qalsın. Ölkədən kənarda da bu xeyirxah missiya özünü bir çox sahələrdə büruzə verib. Mehriban xanımın rəhbərliyi ilə həyata keçirilən layihələr, əsasən, təhsil, səhiyyə, mədəniyyət və sosial sferaları, ekologiya, idman və sair sahələri əhatə edir. Bütün imkan və bacarığını insanların rifahı naminə humanitar proqramların reallaşdırılmasına, Azərbaycanın dünyada sivil ölkə kimi tanınmasına yönəldən Birinci vitse-prezident köməyə ehtiyacı olan insanlara hər an yardım etməyə hazır olub və bu gün də hazırdır. Təsadüfi deyildir ki, məhz birinci xanımın təşəbbüsü ilə Azərbaycan mədəniyyətlər və sivilizisayilararası diaoq məkanına çevrilib. Qarşıya qoyulan növbəti prioritet vəzifə isə qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi, məşğulluğunun təmin olunmasıdır. Son illər həyata keçirilən tədbirlər, yeni yaşayış komplekslərinin tikilməsi, hər cür infrastruktura malik qəsəbələrin salınması bunun əyani sübutudur. “Qobu Park-3” yaşayış kompleksi buna növbəti nümunədir. 
Yeni yaşayış kompleksində, həmçinin “Xarı bülbül” xalçaçılıq və naxış emalatxanası da istifadəyə verilib. Bu da məcburi köçkünlərin məşğuliyyətinin təmin olunmasında mühüm rol oynayacaq. Məcburi köçkünlərin məskunlaşdığı ərazidə belə bir müəssisənin fəaliyyət göstərməsi yüksək dəyərə maikdir. İlk dəfə həyata keçirilən bu layihənin məqsədi məcburi köçkünlərin məşğulluğunun artırılması, sosial rifahının daha da yaxşılaşdırılmasıdır. Sevindirirci haldır ki, burada həm xalça toxumağın sirləri öyrədiləcək, həm də istehsal prosesi təmin ediləcək. Layihə çərçivəsində xalçaların satışı da reallaşdırılacaqdır.
Göründüyü kimi, isti ocaqlarından didərgin salınmış soydaşlarımızın problemləri ardıcıl şəkildə öz həllini tapmaqdadır. Hətta ikili standartlar mərəzindən əl çəkə bilməyən bəzi beynəlxalq təşkilatların erməni vandalizminə laqeyd münasibəti də Azərbaycanı tutduğu yoldan döndərə bilməz. Birinci vitse-prezident Mehriban Əliyeva da çıxışlarının birində bu faktı cəsarətlə vurğulayıb: “Niyə Azərbaycanın bir milyon qaçqın və məcburi köçkünün ən əsas hüququ – öz doğma torpağında, öz evində yaşamaq hüququ pozulub? Niyə bu təşkilatlar bu insanların hüquqlarının bərpası üçün heç bir səy göstərmirlər? Niyə dünya mediasının səhifələrində, saytlarında bu barədə məqalələr dərc etdirmirlər? Niyə dünya ictimaiyyətinə dolğun və doğru informasiya çatdırmırlar? Niyə işğalçı ölkəyə qarşı lazımi təzyiqlər göstərilmir? Bütün bu sualların cavablarını biz bilirik və hamı bilməlidir ki, əsas səbəb Azərbaycanın gücü, Azərbaycanın möhkəmlənməsi, Azərbaycanın müstəqilliyi və Azərbaycanın müstəqil siyasətidir”.

 

Aqiyə NAXÇIVANLI, 
Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor

 

4 2020 23:15 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə