Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Heydər Əliyev unudulmur və unudulmayacaq

Azərbaycanın son 102 illik tarixi müxalifətin təşəbbüsü ilə ekspert qrupları səviyyəsində yenidən müzakirə mövzusuna çevrilib. Belə bir müzakirənin açılmasını adi elmi diskussiya saymaq olardı. Lakin diskussiyaların xalis siyasi və ideoloji yönümü ona adi elmi müzakirə kontekstindən yanaşılmasını qeyri-mümkün edir. Müxalifətin məlum kəsimi yenə də ənənəsinə uyğun olaraq müstəqillik tarixini öz inhisarına almaq və buradan çıxış edərək mövcud hakimiyyətin və onun qurucusu Heydər Əliyevin tarixdəki rolunu təhrif etmək yolunu seçməklə diqqəti özünə cəlb etməyə çalışır. AZƏRTAC xəbər verir ki, bu fikirlər Baş Nazirin müavini, YAP Sədrinin müavini – icra katibi Əli Əhmədovun özünün “Facebook” səhifəsində paylaşdığı “Heydər Əliyevin tarixdə rolunu təhrif etmək istəyənlərə” sərlövhəli məqaləsində yer alıb.Məqaləni təqdim edirik.

Əvvəla, onu qeyd edim ki, müxalifətin Azərbaycan hakimiyyətinin Xalq Cümhuriyyətinə münasibətinə verdiyi qiymət əsassız və əsassız olduğu qədər də qeyri-obyektivdir. Azərbaycan Respublikasının özünü Xalq Cümhuriyyətinin varisi sayması, Cümhuriyyətin elan olunduğu 28 mayın dövlət bayramı kimi qeyd edilməsi müxalifətin ittihamlarının qərəzli və siyasi cəhətdən motivləndiyini sübuta yetirən ən adi həqiqətlərdir. Hakimiyyətin həyata keçirdiyi siyasətdə Cümhuriyyət qurucularının amalı olan dövlət müstəqilliyi ideyasının başlıca və həlledici komponent kimi iştirak etməsi onların xatirəsinə və irsinə sönməz hörmət və ehtiramın bariz ifadəsi sayılmalıdır. Bu mənada mən bəzi müxalifətçilərin Azərbaycan hakimiyyətini Cümhuriyyətin qurucularına və onların ideyalarına yetərincə hörmət göstərməməkdə suçlamasını qeyri-obyektivliyin və qərəzliyin yüksək ifadəsi kimi qiymətləndirirəm.
Müstəqil Azərbaycan dövlətinin qurucusu ümummilli lider Heydər Əliyevin Azərbaycan tarixində rolu məsələsinə müxalifətin yenidən diqqət ayırması və ənənəsinə uyğun olaraq onu təhrif etməyə çalışması ayrıca təhlil mövzusudur. Müxalifətin Heydər Əliyevin şəxsiyyətinə münasibətində xüsusi bir qısqanclığın olması heç kimə sirr deyil. Liderləri də daxil olmaqla onların edə bilmədiklərini Heydər Əliyevin həyata keçirməsi və nəticə etibarilə Azərbaycanın müasir tarixinin hamılıqla qəbul edilən müəllifinə çevrilməsi onları rahat buraxmır. Mən buna uğursuzluq sindromunun yaratdığı qısqanclıq kimi baxıram. Ancaq etiraf olunmalıdır ki, bu xüsusda günahkar axtarılacaqsa, onu uğursuzların arasında tapmaq mümkündür. 
Heydər Əliyevin tarixdəki rolunu saxtalaşdırmaq cəhdlərində indi tarixçi Cəmil Həsənli xüsusi canfəşanlıq göstərir. Mən onun vaxtilə yazdığı kitablarda Heydər Əliyev haqqında çox yüksək fikirlərin əks olunduğunu bir kənara qoyuram. Bu, necə deyərlər, mənəviyyat məsələsi, şəxsiyyətin özü-özünü inkar etməsidir. Buna baxmayaraq, ciddi tarix tədqiqatçısı olduğunu şübhə altına almadığım birisinin Heydər Əliyevin az qala, obrazlı şəkildə desək, SSRİ-də doğulduğunu və yaşamasını onun günahı kimi təqdim etməyə çalışması tarixin siyasətə qurban verilməsinin nə qədər arzuolunmaz nəticələrə gətirib çıxardığına acı nümunədir.
Azərbaycan ikiillik fasilə ilə 1813-cü ildən 1991-ci ilə qədər Rusiyanın və SSRİ-nin tərkibində olub. Təxminən 170 il ərzində Azərbaycanın indiki əhalisinin əhəmiyyətli bir hissəsi də daxil olmaqla 6 nəsli həmin dövlətlərdə yaşayıb. Onların içərisində ziyalılar da yetişib, az sayda olsa da, dövlət xadimləri də. Nə həmin dövrdə yaşamaq, nə də müxtəlif sahələrdə, o cümlədən dövlət idarəçiliyində xidmətlər göstərmək onları milli köklərdən və ruhdan məhrum etməyib və edə bilməzdi. Haqqında söhbət açdığımız tarixi şəraitdə, daha dəqiq ifadə etsək SSRİ dövründə yetişmiş ən böyük şəxsiyyət və dövlət xadimi məhz Heydər Əliyev olmuşdur.
Müxalifətin məntiqinə görə, SSRİ dövründə müxtəlif sahələrdə çalışanlar sovet ideologiyasına xidmət etdiklərindən milli ruhlu insanlar ola bilməzlər. Bu məntiqlə yanaşsaq, Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Niyazi və digər korifeylər də həmin kateqoriyaya aid edilməlidir. Deməli sovet dönəmində heç kim idarəçilikdə çalışmamalı, elm, mədəniyyət, incəsənətlə məşğul olmamalı idi ki, indiki müxalifət onları qeyri-milli olmaqda suçlaya bilməsin. Bəs alternativ nə olmalı idi? Bu cür yanaşmanın nə qədər bəsit təfəkkürün məhsulu olduğunu sübut etməyə ehtiyac duymuram. 
Qeyd edildiyi kimi, sovet hakimiyyəti illərində yetişmiş ən parlaq azərbaycanlı dövlət xadimi və siyasi xadim Heydər Əliyev olub. Lakin bu, ona dərin milli ruha malik olmasına, o dövrün imkanları daxilində öz xalqına ləyaqətlə və böyük fayda ilə xidmət göstərməsinə mane ola bilməzdi və bilmədi. Sovet dövründə yüksək dövlət vəzifələrində çalışmasına görə onun Azərbaycan tarixində rolunu təhrif etməyə çalışan müxalifətin bütün cəhdlərinə baxmayaraq, xalqın tarixində elə o dövrdə buraxdığı dərin izlər indidə xatırlanır və qiymətləndirilir. Sovet dövründə Azərbaycanda iqtisadiyyatın, sənayenin, kənd təsərrüfatının, elmin, təhsilin, mədəniyyətin sürətli inkişafı Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi 1969-1982-ci illərə təsadüf edir. Bakının, Gəncənin, Sumqayıtın, digər şəhər və kəndlərin simasının kökündən dəyişməsi, əhalinin əksəriyyətini təşkil edən kənd yerlərində yaşayanların məişətinin və həyat tərzinin bütünlüklə yeniləşməsi və müasirləşməsi Heydər Əliyevin adı ilə bağlı idi. Onun şəxsi təşəbbüsü ilə Azərbaycanda o dövr üçün ən müasir onlarla zavod, sənaye müəssisəsi, universitet, səhiyyə və mədəniyyət mərkəzi, hərbi məktəb yaradıldı, hər il yüzlərlə azərbaycanlı gənc SSRİ-nin ən qabaqcıl ali təhsil ocaqlarında təhsil almağa göndərilirdi. Sadalananların hər biri Azərbaycana, Azərbaycan xalqına xidmətin ayrı-ayrı nümunələri kimi xatirələrdə yaşayır. Azərbaycanın elm, mədəniyyət və incəsənət xadimlərinə o dövr üçün şöhrətin və yaradıcılıq uğurlarının etirafının ən yüksək pilləsi hesab edilən adların və mükafatların verilməsi xalqın və onun tarixinin, mədəniyyətinin ən yaxşı təbliği sayılırdı. Heydər Əliyevin sovet dövrü fəaliyyətində yetərincə sırf milli komponentin (əlbəttə, mövcud şərtlər daxilində) özünü büruzə verdiyinə aid nümunələr də kifayət qədərdir. Azərbaycanın dövlət idarəçiliyi sahəsində milli kadrların kəmiyyət baxımından kəskin şəkildə artması onun dövründən etibarən müşayiət olunmağa başladı. Yaxud bir sıra inzibati ərazi vahidlərinin adlarının dəyişdirilməsi, Gəncə adının qaytarılması istiqamətində ilk addımın atılması (o zamankı Kirovabad şəhərində iki rayon yaradılaraq birinin Gəncə adlandırılması), Bakıda inşa edilən möhtəşəm saraya “Gülüstan” adının verilməsi və s. Heydər Əliyevin milli ruhlu dövlət xadimi olmasını sübuta yetirən digər faktlardır. Stalin repressiyasının qurbanı olmuş Hüseyn Cavidin nəşinin Sibirdən Azərbaycana gətirilməsi, başqa bir repressiya qurbanı Mikayıl Müşfiqə Bakıda abidə ucaldılması və digər çoxsaylı milli ruhlu qərarların qəbul edilməsini də nəzərə alsaq, müxalifətin Heydər Əliyevin tarixi xidmətlərinin milli köklərdən qoparmaq cəhdlərinin nə dərəcədə saxta iddialara əsaslandığını və ziyanlı xarakter daşıdığını dərk etmək çətin deyil.
Heydər Əliyev böyük dövlət xadimi və dahi siyasətçi idi. Sovet rejiminin məlum qaydaları və şərtləri daxilində mənsub olduğu xalqa ləyaqətlə xidmət etməyin və fayda verməyin yollarını aydın dərk edirdi. Onu sovet idarəçiliyinə xas olan ideoloji qaydalara əməl etdiyinə görə tənqid etmək cəhdləri qədər tarixdə şəxsiyyətin roluna mənasız, hər cür məntiqdən və rasionallıqdan məhrum yanaşma təsəvvür etmirəm. Düşünürəm ki, bu məntiqdən məhrum olan tənqidlərin müəllifi Cəmil Həsənli Bakı Dövlət Universitetində çalışarkən özünün buraxdığı ciddi səhvlər nəticəsində yaranmış problemlə üzləşəndə Leninin mavzoleyinə şikayət məktubları göndərdiyini, Əli Kərimli isə hərbi xidmətdən qayıdıb BDU-da təhsil alarkən, qrupda ən yaşlı tələbə kimi tələbə komsomol komitəsinin katibi seçildiyini unutmayıb. Bu, onlara özlərini milli ruhlu insanlar kimi təqdim etməyə mane olmursa, onda niyə sovet cəmiyyətində yaşamış və işləmiş digər insanlara başqa münasibət sərgilənməlidir. Əvvəldə qeyd etdim, haqqında söhbət açdığımız müxalifət nümayəndələrində onların liderlərinin və özlərinin edə bilmədiyini böyük məharətlə etmək qabiliyyətinə görə Heydər Əliyevə dərin qısqanclıq kompleksi yaranıb. 1992-ci ildə tale AXCP-Müsavat təmsilçilərinə hakimiyyət bəxş edərək onlara müstəqilliyi qorumaq, müstəqil dövləti qurmaq şansı verdi. Lakin onlar bu şansdan istifadə edə bilmədilər. Çünki onlarda Heydər Əliyevdə olan zəka, iradə, qətiyyət, dövlətçilik təcrübəsi, bir də ki, hər bir dövlət xadiminə çox lazım olan millət sevgisi çatmırdı. Cəmi bir ilin içərisində iflasa uğradılar, dövləti müflis etdilər, ölkəni parçalanmaq həddinə gətirdilər. Nəticəsi məlumdur: xalq yarıtmaz hakimiyyət kimi onları devirdi və acınacaqlı hala düşmüş Azərbaycanı xilas etmək naminə Heydər Əliyevi hakimiyyətə dəvət etdi.
İndi Heydər Əliyevin tarixi rolunu böhtanlar və yalanlarla təhrif edənlərdən soruşmaq lazımdır: xalq niyə taleyinin ən ağır günündə məhz Heydər Əliyevə üz tutdu, hakimiyyətə dəvət etdi?! Bu sualın yeganə cavabı var. Azərbaycan xalqı Heydər Əliyevi o dərəcədə milli ruhlu, vətənsevər dövlət xadimi kimi tanıyır və qəbul edirdi ki, ən ağır günlərdə taleyini yalnız ona etibar edə bilərdi. Çünki bilirdi ki, Heydər Əliyev həyatı bahasına olsa da, Azərbaycanı dardan xilas edəcək. Və yanılmadı. Uğursuz siyasətçilər bunu Heydər Əliyevə bağışlaya bilmirlər. Onun şəxsiyyətinin əzəməti və tarixi xidmətlərinin böyüklüyü qarşısında cılız və əlacsız olduqları daha qabarıq görünür.
Başqa bir həqiqət də var ki, onu da xatırlamaq yerinə düşər. Əgər Heydər Əliyev haqqında indiki azsaylı böhtançıların söylədikləri doğru idisə, niyə onların da vəzifələr tutduğu hökumət 1993-cü ildə Heydər Əliyevi hakimiyyətə dəvət etdi, arxasınca prezident təyyarəsini göndərdi?! Kimə və nəyə inanaq – 1993-cü ildə indiki müxalifətçilərin vəzifə tutduğu hökumətin rəhbərlərinin Heydər Əliyevin zəkasını, gücünü, əzəmətini və təbii ki, milli ruhunu qiymətləndirərək dağılmaqda olan Azərbaycanı və əlbəttə ki, özlərini xilas etmək üçün paytaxta dəvət etməsi kimi tarixi fakta, yoxsa illər keçəndən sonra Heydər Əliyev ruhunun əzəməti qarşısında acizlik kompleksi yaşayan bir neçə müxalifət nümayəndəsinin məntiqdən və rasionallıqdan məhrum böhtanlarına?
Faktları inkar etmək heç kimə müyəssər olmayıb. Deyilənlər kontekstində iki tarixi faktı yada salmaq istəyirəm: birincisi, qalıqları bu gün Heydər Əliyevlə əlaqədar böhtan uyduran AXCP-Müsavat hakimiyyətinin cəmi bir il iqtidarda olmasıdır. İkinci fakt isə Heydər Əliyevin 10 il davam edən Prezidentliyidir. Birincilərin 13 aylıq hakimiyyəti xaos, anarxiya, total böhran və vətəndaş müharibəsi ilə, Heydər Əliyevin hakimiyyəti isə birincilərin qoyub getdiyi ağır mirasın aradan qaldırılması, sabitlik və əmin-amanlığın bərqərar olması, siyasi və iqtisadi islahatların həyata keçirilməsi və müstəqil Azərbaycan dövlətinin qurulması, “Əsrin müqaviləsi” adını almış neft sazişinin imzalanması və s. möhtəşəm inkişaf və dəyişikliklərlə tarixə düşüb. Bu inkişaf indi də davam edir, Heydər Əliyev ideyaları yaşayır və Azərbaycan xalqına xidmət edir. Müasir, qüdrətli, güclü Azərbaycan Heydər Əliyev ideyalarının təntənəsi və təcəssümüdür. Qeyd edilən həmin faktların əks etdirdiyi tarixi həqiqətləri təhrif etmək üçün kimlərsə cəhdlər edə bilər, lakin nəticəsiz qalacaq. Müqayisə edilən tarixi dövrlər və dövrün liderləri bir-birindən o dərəcədə fərqlənir ki, istənilən təhrif və ya saxtakarlıq nəyisə dəyişdirmək gücündə deyil.
Ayrı-ayrı vaxtlarda Heydər Əliyevə qarşı çox haqsızlıqlar edilib. Lakin zaman hər şeyi öz yerinə qoyub. Heydər Əliyev isə həmişə haqqın və ədalətin yanında olub. Ona görə də, Heydər Əliyev elə möhtəşəm tarixdir ki, onu dəyişdirmək imkan xaricindədir. 1993-cü ilin fevral ayında Heydər Əliyev Naxçıvandan Bakıya gəlmişdi. Yeni Azərbaycan Partiyasının üzvləri ilə görüşdə iştirakçılardan biri çıxışında o zamankı prezident Əbülfəz Elçibəyin şəxsiyyəti haqqında kəskin ifadələr işlətdi. Heydər Əliyev dərhal onu dayandırıb, “Əbülfəz Elçibəy Azərbaycanın prezidentidir. Sənə də, digərlərinə də dövlətimizin başçısının şəxsiyyəti haqqında kəskin ifadələr işlətməyi məsləhət görmürəm. Biz onun yeritdiyi siyasəti tənqid edirik, lakin şəxsiyyətinə hörmətlə yanaşmaq lazımdır” dedi. Bu epizod Heydər Əliyevin həm insan, həm siyasətçi, həm də dövlət xadimi kimi böyüklüyünü təsdiq edən yüzlərlə faktlardan yalnız biridir. Ona görə Heydər Əliyev unudulmur və unudulmayacaq.

 

4 2020 23:14 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə