Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Söz azadlığı və cəmiyyətin informasiya təhlükəsizliyi

Media nəzəriyyəçiləri və politoloqlar göstərirlər ki, sivil cəmiyyətlərdə demokratiyanın əsas göstəricilərindən sayılan söz və məlumat azadlığı prinsipi dövlətlərin, xalqların hərtərəfli inkişafında, siyasi mədəniyyətin formalaşmasında və ümumi tərəqqinin təmin edilməsində önəmli rol oynayır. Bununla yanaşı, ümumi dövlət təhlükəsizliyinin önəmli tərkib hissəsi kimi cəmiyyətin informasiya təhlükəsizliyinin təmin edilməsi də zəruri tələbata çevrilmişdir. Söz azadlığı və informasiya təhlükəsizliyi artıq çağdaş dünyanın demokratiya səhnəsində ayrılmaz tandem təşkil edir. 

 Kütləvi informasiya vasitələri cəmiyyətdə ictimai fikri, dövlətə inamı və sosial fəallığı formalaşdırmaqla yanaşı, həm də onları istiqamətləndirir. Bu mənada, haqlı olaraq, “dördüncü hakimiyyət” kimi dəyərləndirilən kütləvi informasiya vasitələri dünyada demokratiya və informasiya azadlığının mühüm ruporu rolunu oynayır. 
 Azərbaycan ikinci dəfə müstəqillik qazandıqdan sonra ölkəmizdə senzura ləğv edilmiş, azad söz, müstəqil fikir bərqərar olmuşdur. Azərbaycan mətbuatının yenidən bərpa edilmiş suverenlik şəraitində müstəqilliyini əldə etməsi, ölkəmizdə söz və mətbuat azadlığının həqiqi mənada təmin olunması isə ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı mətbuatımızın inkişaf tarixində də yeni bir mərhələnin əsasını qoymuşdur. Müstəqil dövlətin ali rəhbəri kimi Heydər Əliyev Azərbaycan şəraitində medianın yeni tarixi rolunu və vəzifələrini müəyyənləşdirərək, onun inkişaf meyllərini dövlət himayəsi ilə əhatə etmişdir. 
Müstəqilliyinə nail olduqdan sonra Azərbaycanın milli təhlükəsizliyinin əsas problemlərindən biri ölkənin vahid informasiya siyasətinin formalaşdırılması, milli informasiya mühitinin yaradılması, qorunması və informasiya təhlükəsizliyinin təmin edilməsi ilə bağlı olmuşdur. 1990-cı illərin əvvəllərində bəzi xarici qüvvələrin sistemli şəkildə həyata keçirdikləri informasiya müdaxiləsi, ideoloji təbliğat fəaliyyəti Azərbaycan ərazisində əhalinin bəzi sosial və milli-etnik təbəqələrində ciddi antimilli və antidövlət meyli formalaşdırmış, müstəqil dövlətin əsaslarına, vətəndaş həmrəyliyi və birliyinə təhlükə yaratmışdı. 
 Xarici dairələr bununla kifayətlənməyərək Azərbaycanın ictimai rəyinə, daxili və xarici siyasətinə təsir göstərmək məqsədilə çoxsaylı dini, ideoloji, informasiya və təbliğat şaxələri yaratmış və öz məqsədləri üçün istifadə etmişlər. Belə təxribatçı hərəkətlər ölkədaxili sabitliyin pozulmasına, mərkəzi hakimiyyətin cəmiyyət üzərindəki nəzarətinin itirilməsinə və daxili anarxiyanın yaranmasına yönəlmişdi.
 Bütün bu proseslər ötən əsrin 90-cı illərinin birinci yarısında Azərbaycan hakimiyyəti qarşısında məxsusi informasiya fəaliyyəti və təhlükəsizliyi siyasətinin formalaşdırılması, milli informasiya işinin vahid strategiyasının hazırlanması və həyata keçirilməsi kimi təxirəsalınmaz vəzifələr qoymuşdu. 1993-cü ildən başlayaraq Prezident Heydər Əliyevin rəhbərliyi altında özündə müstəqil dövlət maraqlarını və beynəlxalq dəyərləri, ümumi təhlükəsizlik normalarını və milli postulatları əks etdirən informasiya fəaliyyəti və təhlükəsizliyi siyasəti də həyata keçirilməyə başlandı. 
 Bu səbəbdən dövlətin informasiya azadlığı və informasiya təhlükəsizliyi siyasətinin əsas vəzifələri, istiqamətləri, prioritetləri və resursları müəyyən edildi, nəzəri və praktiki əsasları yaradıldı, sonrakı dövrdə müxtəlif inkişaf mərhələlərindən keçərək təkmilləşdirildi və dövlət həyatının bütün sahələrndə tətbiq olunmağa başlandı. Azərbaycan hakimiyyəti bu istiqamətdə bir çox beynəlxalq təşkilatlarla və inkişaf etmiş demokratik ölkələrlə əməkdaşlıq edərək respublikada azad informasiya mühiti formalaşdırdı, ölkənin informasiya təhlükəsizliyinin təminatı mexanizmlərini bərqərar etdi.
Ümummilli lider Heydər Əliyevin formalaşdırdığı söz azadlığı və informasiya təhlükəsizliyi ilə bağlı dövlət siyasətini günün tələblərinə uyğun olaraq davam etdirən Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində son 17 ildə də jurnalistikamızın problemləri ardıcıl olaraq aradan qaldırılır, KİV demokratik cəmiyyətdə öz rolunu maneəsiz olaraq icra edir, cəmiyyətin informasiya təhlükəsizliyi qətiyyətlə təmin edilir.
 Azad jurnalistikanın inkişafı qeyd edilən bir sıra nailiyyətlərlə yanaşı, təəssüf ki, keçici olan çətinliklərlə, nöqsan və çatışmazlıqlarla da müşayiət olunmuşdur. Demokratik şəraitdən öz maraqları üçün istifadə etməyə can atan bəzi pozucu ünsürlər söz azadlığının yaratdığı imkanlardan sui-istifadə edərək üzdəniraq nəşrlər buraxır, zərərli yayımları himayə edirlər. Belələrinin milli dövlətçiliyə qarşı yönəlmiş hərəkətləri daim ictimai qınağa məruz qalır, media ekspertləri tərəfindən əxlaqa və qanunazidd fəaliyyət kimi qiymətləndirilir, lazım gələndə isə məhkəmələrdə cəzalandırılır. 
 Mütəxəssislər göstərirlər ki, informasiya məkanının günü-gündən genişləndiyi, milli informasiya mühitininin pozulduğu, milli dəyərlərin meyarlarının və sədlərinin “universallaşdığı” müasir dünyada beynəlxalq və yerli ictimai rəyin idarə olunması, siyasi proseslərin məqsədli yönləndirilməsi günü-gündən aktuallaşır. Transmilli informasiya siyasəti və milli sərhədləri asanlıqla aşan beynəlxalq təbliğat fəaliyyəti ayrı-ayrı ölkələrin imicinə, daxili həyartına, milli cəmiyyətlərinin vəziyyətinə ciddi təsir göstərir.
 Müstəqillik illərində Azərbaycanda milli informasiya siyasəti və təhlükəsizliyi sahəsində müəyyən qanunlar, konsepsiyalar, doktrinalar, xüsusi dövlət proqramları və s. sənədlər qəbul edilmiş, coxsaylı praktiki addımlar atılmış və zəriri olan işlər görülmüşdür. Azərbaycanın müasir informasiya təminatı və təhlükəsizliyi siyasəti hüquqi, təşkilati-texniki və iqtisadi metodlarla təmin olunur. 
 Azərbaycanda informasiya təhlükəsizliyinin təmin olunması azad, demokratik KİV-n fəaliyyətini tənzimləyən qanunlarla yanaşı, Milli Təhlükəsizlik Konsepsiyasında və Azərbaycan Respublikasının “Milli Təhlükəsizlik haqqında” qanununda da öz əksini tapmışdır. Milli Təhlükəsizlik Konsepsiyasında ölkənin informasiya təhlükəsizliyinə təhdidlər ümumi və qısa formada ifadə olunmuşdur. Konsepsiyada qeyd olunur ki, Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi siyasəti dövlət, ictimai və fərdi informasiya ehtiyatlarının qorunmasına, habelə informasiya sahəsində milli maraqların müdafiəsinə yönəlmiş tədbirlər kompleksinin həyata keçirilməsindən ibarətdir.
“Milli təhlükəsizlik haqqında” Qanunda ölkəmizin informasiya sahəsində əsas milli maraqları aşağıdakı sahələr üzrə təsnif olunur: məlumatların qanuni yolla əldə edilməsi, ötürülməsi, hazırlanması və yayılması kimi vətəndaşların konstitusiya hüquqlarının təmin edilməsi; informasiya ehtiyatlarının qorunması və inkişaf etdirilməsi; informasiya məkanının formalaşdırılması və onun qorunmasının təmin edilməsi; dünya rabitə və informasiya sisteminə daxil olma.
 Azərbaycanın informasiya təhlükəsizliyi siyasətinə toxunan Prezident İlham Əliyev vurğulamışdır ki, hazırda bizə qarşı dünyada sistemli informasiya müharibəsi aparan qüvvələr mövcuddur. Elə ölkələr var ki, orada nəinki hər həftə, hər gün Azərbaycanla bağlı böhtan xarakterli yazılar dərc edirlər. Təbii ki, bu, əlaqələndirilmiş bir antiazərbaycan siyasətidir. Bu işdə ilk növbədə, erməni lobbisinin fəallığını qeyd etmək lazımdır. Onlar mütəmadi olaraq Azərbaycanın milli-mədəni dəyərlərini, real inkişafını və həqiqətlərini inkar edərək, onu geridə qalmış, antidemokratik, antixristian ölkə kimi dünyaya təqdim etməyə çalışır. 
 Azərbaycan əleyhinə dünyada informasiya mübarizəsi aparan digər qüvvələr də mövcuddur ki, bunlar da əsasən erməni lobbisinin təsiri altında olan, onların pulu ilə maliyyələşən bəzi xarici ölkələrin qeyri-hökumət təşkilatları, tanınmış mədəniyyət və ictimai-siyasi xadimləri və s. qüvvələrdən ibarətdir. Onların çoxu açıq şəkildə, bir qismi isə gizli formada erməniləri dəstəkləyir, qondarma “Dağlıq Qarabağ respublikası”nın yaşaması və tandılmasına səy göstərir, dünyada antiazərbaycan təbliğatı aparır. Dünyada antiazərbaycan təbliğatını qidalandıran başqa bir mənbə son illərdə bəzi ölkələrdə vüsət almış islamofobiya meyilləri hesab oluna bilər. Bu işdə də informasiya təxribatlarından istifadə edilir. Mötəbər, dünya səviyyəli mətbu orqanlarında bu istiqamətdə çirkin yalanlar dərc edilir. Sonra bu yalanları təsir altında olan digər mətbu orqanlar yayır. Beləliklə, olmayan hadisələr, proseslər haqqında yalan rəy formalaşdırmağa çalışırlar.
 Ölkə başçısının dəfələrlə söylədiyi kimi, indi dünyada elə qüvvələr vardır ki, onlar bölgədə vəziyyəti qarışdırmaq, Azərbaycanı öz qonşuları ilə üz-üzə qoymaq istəyirlər. Müasir informasiya təhlükəsizliyi sahəsində ölkənin milli maraqlarından irəli gələn bir çox vəzifələrə toxunan Azərbaycan Prezidenti, bütün ölkə rəsmilərini və vətəndaşlarını, dünya azərbaycanlılarını belə mərkəzlərlə və xüsusilə, ölkəmizə qarşı informasiya təxribatının baş təşkilatçısı olan erməni lobbisi ilə adekvat mübarizəyə daim hazır olmağa səsləmişdir. 
 Göründüyü kimi, Azərbaycanın informasiya təhlükəsizliyi siyasətinin əsas vəzifələrindən biri həm özünün, həm də tərəfdaş region dövlətlərinin, transmilli informasiya vasitələrinin imkanlarından maksimum bəhrələnərək, beynəlxalq ictimaiyyətə çıxış kanalları və təsir mexanizmləri yaratmaqdan ibarətdir. 
 Bu gün demokratik medianın hərtərəfli inkişafı naminə dövlətin yüksək diqqət və qayğı ilə əhatə olunan, cəmiyyətin böyük ümidlər bəslədiyi Azərbaycan mediası da müasir informasiya cəmiyyəti quruculuğunda, sosial ədalət və şəffaflığın təmin edilməsində, milli həmrəyliyin və tolerantlığın möhkəmləndirilməsində, demokratik özünüdərkin, siyasi mədəniyyətin inkişafında, milli-mənəvi və ümumbəşəri dəyərlərin qorunub-saxlanmasında və təbliğində, bütün bunlrala yanaşı, dövlətin informasiya təhlükəsizliyi siyasətinin ardıcıl gerçəkləşdirilməsində ona ayrılmış rolu qətiyyət və məsuliyyətlə yerinə yetirməlidir.
 Bu yazını Prezident ­İlham Əliyevin bu münasibətlə söylədiyi və jurnalistlər üçün xüsusi “yol xəritəsinə çevrilmiş” sözləri ilə bitiririk: “Jurnalistlərin vətənpərvərliyi çox böyük əhəmiyyətə malik olan bir məsələdir. Dövlətçilik prinsipləri üstünlük təşkil etməlidir. İlk növbədə, dövlət maraqları müdafiə edilməlidir. Dövlətə zərər vura biləcək hər hansı bir addıma yol verilməməlidir. Eyni zamanda, cəmiyyətdə mövcud olan problemlər ölkə daxilində həllini tapmalıdır. Azərbaycanın reallıqları dünya birliyinin diqqətinə çatdırılmalıdır, istər ictimai sahədə, milli, dini dözümlülük sahəsində, istərsə də iqtisadi və xarici siyasət sahəsində”.

 

Tahir AYDINOĞLU,
“Xalq qəzeti”

 

4 2020 23:11 - XƏBƏRLƏR
XƏBƏRLƏR
8 İyul 2020 | 15:16
Çexiyada qatar qəzası

Köhnə versiyamızdan xəbərləri izlə