Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bizim Cəbiş müəllim

Süleyman Ələsgərov-105

Həlim xasiyyətli insan idi, onu sevirdilər, ətrafındakılar həmişə ondan razılıq edirdilər. Bu xasiyyəti onun rollarına da sirayət etmişdi. Ələlxüsus da, “Bizim Cəbiş müəllim” filmindəki baş qəhrəman Cəbiş müəllim kimi. Həmin filmə bu gün də tamaşaçılar böyük maraqla baxırlar.

Xalq artisti, tanınmış teatr və kino aktyoru Süleyman Ələsgərovun anadan olmasından 105 il ötür. Aktyorun ömür yolu doğulduğu Bakı şəhəri ilə bağlı olub. O, 1915-ci ildə dünyaya göz açıb. Yeddiillik təhsilini başa vuraraq Maliyyə Texnikumuna daxil olub. Orada üç il oxuyub və iqtisadçı diplomu alandan sonra Azərbaycan Dövlət Tibb İnstitutuna imtahan verib və üç il də orada oxuyub. Səhnəyə 1933-cü ildə Dənizçilər mədəniyyət evinin dram dərnəyində çıxıb. Teatr sənətinə bağlandığına görə təhsilini yarımçıq qoyub. 1936-cı ilin sentyabrında Süleyman Ələsgərov Gənc Tamaşaçılar Teatrında müsabiqə yolu ilə aktyor kimi işə götürülüb.
Süleyman Ələsgərov bu teatrda fasiləsiz olaraq altmış üç il səhnəyə çıxıb. Dramlarda, komediyalarda, faciələrdə, nağıllarda, nağıl-dastan süjetli pyeslərdə bir-birindən əlvan rollar yaradıb. Səksən üç yaşında da səhnədə canlı, dinamik və təravətli görünürdü. Səhnə məntiqini həmişə həssaslıqla gözləyib. 1961-ci ildə oynadığı Səməd Vurğun ("Komsomol poeması") roluna görə Respublika Lenin komsomolu mükafatı laureatı olub.
Süleyman Ələsgərov “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan bir çox filmlərdə müxtəlif rollarda çəkilib. “Yenilməz batalyon”, “Babamızın babasının babası” “Bakıda küləklər əsir”, “Bəxtiyar”, “Bir ailəlik bağ evi”, “Bir cənub şəhərində”, “Xatirələr sahili” “İnsan məskən salır” “İstintaq davam edir ”, “Torpaq. Dəniz. Od. Səma” və digər filmlərdə epizodik rollar yaratsa da, onları sevdirə bilmişdi.
1969-cu ildə “Bizim Cəbiş müəllim” filmi ekranlara çıxanda onun arıq, bir qədər xəstəhal, yaşlı qəhrəmanını yaradan aktyorun oyun tərzi hamını heyran etmişdi. Filmdə hadisələr II Dünya müharibəsi illərində Bakıda cərəyan edir. Burada müharibə illərində qələbə naminə hər cür maddi çətinliklərə dözüb, ailəsini halal zəhmətlə dolandırmağa çalışan, Vətənin azadlığını hər şeydən yüksək tutan sadə adamların mənəvi ucalığından söhbət açılır. Film Maqsud İbrahimbəyovun “Müharibənin 1001-ci gecəsi” ssenarisi əsasında çəkilib. Onun əsas qəhrəmanı Cəbiş müəllim çətin, məsuliyyət tələb edən bir obrazdır. Müharibənin bütün ağrılarını qəlbən yaşayan bu sadə müəllim ətrafındakı insanların laqeydliyi ilə heç cür barışa bilmir. Cəbiş müəllim prinsipial insandır. O, sona kimi “Mən sabun bişirməyəcəyəm”, – deyir. Vətənpərvər insandır. Yaşının çox olmasına baxmayaraq cəbhəyə, döyüşə getməyə can atır. O, öz ailəsindən çox ətrafdakıların taleyini düşünür. Xalq artisti öz aktyor məharəti ilə bu rolu tamaşaçılara sevdirə bildi.
Xalq artisti, kinorejissor Həsən Seyidbəyli çox uğurlu aktyor seçimi edərək onu bu rola dəvət etmişdi. Çox qəribədir ki, Cəbiş müəllim roluna ilk sınaq çəkilişlərindən başlayaraq məhz Süleyman Ələsgərovu nəzərdə tutmuşdu, bir növ gözü onun üstündə idi. Aktyor o vaxta qədər Azərbaycan televiziyasında uşaq verilişində “Huşsuz”u oynayırdı. 
Aktyor Süleyman Ələsgərov rejissorun bütün ümidlərini doğrultmuşdu. Maraqlıdır ki, filmin sonuna kimi tamaşaçı onun hərəkətlərini diqqətlə izləyir və aktyorun ifa tərzi obrazı tamaşaçıya daha da yaxınlaşdırır. Bir sözlə, Cəbiş müəllim aktyorun seçilən, hörmət və məhəbbətlə yad edilən ekran qəhrəmanıdır.
Kinoda, televiziya tamaşalarında tez-tez çəkilsə də, Gənc Tamaşaçılar Teatrı onun bir növ ömür yolunun bələdçisi idi. Bu teatrdakı fəaliyyəti aktyoru xalqa sevdirib, burada fəxri adlara, mükafatlara layiq görülüb. Onun maraqla baxılan rolları sırasında Eldostu (“Çiçəkii dağ”, Məmmədhüseyn Təhmasib), Hacı Nuru və Molla Salman (“Molla İbrahimxəlil kimyagər”, Mirzə Fətəli Axundzadə), Valentin və Pontolone (“İki ağanın bir nökəri”, Karlo Haldoni), Molla Səfi və Hacı Qəmbər (“Hacı Qəmbər”, Nəcəf bəy Vəzirov), Lorenso (“Romeo və Cülyetta”, Vilyam Şekspir), Yaşar (“Yaşar”, Cəfər Cabbarlı) və s. qəhrəmanları da var idi. 
Bu məşhur aktyorun yaradıcılığının özəyi, mayası əsasən realist aktyor məktəbinin estetik prinsipləri ilə yoğrulmuşdu. Personajların ifası psixoloji dramatizmi, komik və satirik rolları təbiliyi, koloritli gülüşü, estetik zərifliyi ilə səciyyəvi idi.
Süleyman Ələsgəov bir neçə televiziya tamaşasında, televiziyanın müxtəlif əyləncə proqramlarında özünəməxsus obrazlar yaratmışdır.
Aktyor Gənc Tamaşaçılar Teatrının inkişafındakı xidmətlərinə görə 27 fevral 1954-cü ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 1 dekabr 1982-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb. 
Süleyman Ələsgərov 1998-ci il dekabrın 10-da Bakıda vəfat edib. Onun əziz xatirəsini xalqımız həmişə böyük hörmət və məhəbbətlə yad edir.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

4 2020 23:04 - XƏBƏRLƏR
XƏBƏRLƏR
8 İyul 2020 | 15:16
Çexiyada qatar qəzası

Köhnə versiyamızdan xəbərləri izlə