Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Liviya hökuməti Tripoli aeroportunu qiyamçılardan azad edib

Liviya Milli Razılıq Hökumətinə sadiq qüvvələr Tripoli beynəlxalq aeroportu üzərində nəzarəti tamamilə bərpa etdiklərini bildiriblər. Bu barədə məlumatı “Əl-Cəzirə” telekanalına istinadən TASS yayıb.

Hökumət qüvvələrini təmsil edən hərbi nümayəndə deyib: “Bizim qüvvələr Tripoli aeroportunu qiyamçılardan tamamilə azad edib”. Onun sözlərinə görə, bu günlərdə feldmarşal Xəlifə Həftərin başçılıq etdiyi Liviya Milli Ordusuna qarşı uğurlu hərbi əməliyyat həyata keçiriblər. Nəticədə aeroportu azad etmək mümkün olub. 
Dünən sosial şəbəkələrdə silahlı hərbçilərin avtomobillərdə hava limanının ərazisində var-gəl etdiyini əks etdirən video-roliklər paylaşılıb. Roliklərdə dağıdılmış uçuş-enmə zolağı, sıradan çıxarılmış sərnişin təyyarələri aydın görünür. 
Dünən aeroportun ərazisində təmizlik işləri görülüb. Bu işlərin həyata keçirildiyi müddətdə hökumət qüvvələri qiyamçıların mövqelərini minaatanlardan atəşə tutub. 
İyunun 4-ü səhər saatlarından etibarən döyüş əməliyyatları aeroportdan kənarda, Liviya paytaxtından 27 kilometr cənubda yerləşən Qəsr ibn-Həşir rayonunda aparılır. 
Qeyd edək ki, Tripoli Beynəlxalq Aeroportu 1934-cü ildə İtaliya mütəxəssisləri tərəfindən tikilib və əvvəlcə aviabaza kimi istifadə olunub. İlk illərdə hava limanının adı “Regia Aeronautica” olub. 1938-ci ildən isə aeroportun ərazisi genişləndirilib və “Tripoli-Castel Benito” adlandırılıb. 
Hava limanı 2014-cü ildən işini dayandırıb. Keçən il Xəlifə Həftərin ordusu tərəfindən işğal olunub. Hazırda Tripolinin beynəlxalq aeroportu kimi Mitiqa aerodromundan istifadə olunur. 
Uzun müddətdir ki, Liviyada ikihakimiyyətlik hökm sürür. Ölkənin müəyyən bir hissəsinə nəzarət edən Xəlifə Həftər çox cəhd etsə də, Tripolini ələ keçirə bilməyib. İndi isə bir-birinin ardınca mövqelərini itirir. 

 

Paşa ƏMİRCANOV, 
“Xalq qəzeti”

4 2020 22:59 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə