Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Polşa prezident seçkilərinə hazırlaşır

Bu il iyunun 28-də Polşada növbəti prezident seçkiləri keçiriləcək. Bu barədə Polşa Seyminin (parlamentin aşağı palatası) spikeri Eljbeta Vitek açılqama verib. Xəbəri “Euronews” agentliyi yayıb.
Qeyd edək ki, əvvəlcə Polşada prezident seçkilərinin bu il mayın 10-da keçirilməsi nəzərdə tutulmuşdu. Lakin yeni koronavirus infeksiyasının kütləvi yayılması təhlükəsi ilə bağlı seçkilər qeyri-müəyyən müddətə təxirə salındı.
Hazırkı dövlət başçısının səlahiyyətləri bu il avqustun 6-da başa çatır. Ölkənin bir sıra siyasətçiləri pandemiya ilə əlaqədar həmin vaxtadək seçkiləri keçirməyin mümkün ola bilməyəcəyindən narahat olurdular.
Lakin yuxarıda qeyd etdiyimiz kimi, Polşa Seymi dünən qızğın müzakirələrdən sonra, seçkilərin bu ayın sonunda keçirilməsi barədə qərar qəbul edib. E.Vitek bununla bağlı deyib: “Mən çox istərdim ki, biz, nəhayət, prezidenti seçə bilək. Polşa dövlətçiliyinin fasiləsizliyinin təmin edilməsi vacibdir. Bu, bizim ölkənin milli maraqlarına xidmət edir. Biz konstitusiya tələblərini qorumalıyıq”.
Yeri gəlmişkən, pandemiya şəraitini nəzərə alaraq, Polşada səsvermə proseduruna bir sıra dəyişikliklər edilib. Belə ki, seçicilər seçki məntəqlərində səs verməklə bərabər, onlayn rejimdə də səs verə biləcəklər. Bu düzəliş, ilk növbədə səsvermə hüququna sahib olan, lakin COVİD-19 ilə bağlı karantin rejiminə alınan vətəndaşlar üçün nəzərdə tutulub.
Artıq prezidentliyə 10 namizəd qeydə alınıb. Hazırkı dövlət başçısı Andjey Duda ikinci müddətə seçilmək niyyətindədir. Xatırladaq ki, A.Duda keçmiş baş nazir Yaroslav Kaçinskinin rəhbərlik etdiyi “Qanun və Ədalət” partiyasını təmsil edir. Y.Kaçinski 2010-cu ilin aprelində Rusiyada təyyarə qəzasında həlak olmuş Prezident Lex Kaçinskinin qardaşıdır.
A.Dudanın əsas rəqibi Varşavanın hazırkı meri Rafal Tşaskovski sayılır. O, bundan əvvəl Polşa və Avropa parlamentlərində çalışıb. Hazırda ana müxalifətin aparıcı simalarından biridir. R.Tşaskovski keçmiş Baş nazir Donald Tuskun kabinetində bir müddət nazir postunu da tutub.
Polşa qanunvericiliyinə görə, birinci turda namizədlərdən heç biri 50 faizdən çox səs toplaya bilməzsə, o zaman səsvermənin nəticələrinə görə, ilk iki yeri tutan iddiaçılar arasında seçkilərin ikinci turu keçiriləcək.

 

M.HACIXANLI, 
“Xalq qəzeti”

4 2020 22:59 - XƏBƏRLƏR
XƏBƏRLƏR
8 İyul 2020 | 15:16
Çexiyada qatar qəzası

Köhnə versiyamızdan xəbərləri izlə