Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Pekin ABŞ-ın Çin aviaşirkətlərinə qoyduğu qadağanı pisləyib

“Sinxua” agentliyinin məlumatına görə, rəsmi Pekin Çinin mülki aviasiya şirkətlərinin ABŞ-a uçuşlar həyata keçirməsinə qoyulan qadağanı pisləyib.

Çin Xarici İşlər Nazirliyinin rəsmisi Cao Lisien ölkəsinin bu qərardan böyük təəssüf hissi keçirdiyini bildirərək, Vaşinqtonu iki dövlət arasında sərnişin daşınmasına əngəl yaratmamağa çağırıb. O, Çin tərəfinin ABŞ aviasiya şirkətlərinə məhdudiyyətlər tətbiq etməsi ilə bağlı məsələyə aydınlıq gətirərək deyib ki, Çin Mülki Aviasiya Administrasiyası xaricdən COVİD-19 infeksiyasının ölkəyə axınının qarşısını almaq üçün mart ayından etibarən xarici aviaşirkətlərin Çinə uçuşlarını əhəmiyyətli dərəcədə azaldıb. Hazırda xarici aviaşirkətlərin hər biri öz ölkəsindəki yalnız bir hava limanından Çində yalnız bir təyinat nöqtəsinə həftədə bir sərnişin təyyarəsi uçuşu həyata keçirə bilir. Bu məhdudiyyət ABŞ mülki aviasiya şirkətlərinə də aiddir. Xarici şirkətlərin 3 həftə ərzində Çinə gətirdiyi sərnişinlərin heç birində yeni növ koronavirusa yoluxma aşkarlanmazsa, administrasiya iyunun 8-dən sonra həmin şirkətə həftədə 2 uçuş həyata keçirməyə icazə verəcək.

Qeyd edək ki, Tramp administrasiyası Çinin ABŞ şirkətlərinə uçuş icazəsi verməməsinə cavab olaraq, Çin mülki aviasiya daşıyıcılarının Birləşmiş Ştatlara uçuşlarına iyunun 16-dan etibarən qadağa tətbiq etməyə başlayacaq. Bu qərar Çinin ABŞ-a uçuşlar həyata keçirən 3 böyük aviaşirkəti olan "Air China", "China Eastern" və "China Southern"ə, habelə "Xiamen Airlines"ə tətbiq ediləcək.

E.ABBASOV,
“Xalq qəzeti”

4 2020 17:25 -

Köhnə versiyamızdan xəbərləri izlə