Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türkiyədəki azərbaycanlı gənclərin birliyi daha da möhkəmlənir

Azərbaycan Gənclərinin Ankara Həmrəyliyi İctimai Birliyinin (AGAH) təşəbbüsü və təşkilatçılığı ilə “Türkiyədəki Azərbaycanlı Gənclərin I Forumu” keçirilib.

Onlayn təşkil olunmuş tədbirdə Diasporla iş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev, Azərbaycanın Türkiyədəki səfirliyinin birinci katibi Elçin Allahverdiyev, Azərbaycanın Qarsdakı Baş konsulu Nuru Quliyev, Xaricdə Yaşayan Türklər və Əqraba İcmalar Baş İdarəsi (YTB) sədrinin müavini Sayit Yusuf, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, millət vəkili Şamil Ayrım, Azərbaycan Təhsil Nazirliyinin şöbə müdiri Nicat Məmmədli, Azərbaycan Milli Məclisinin deputatı Bəhruz Məhərrəmov və Parlament Jurnalistləri İctimai Birliyinin rəhbəri Elşad Eyvazlı, Türkiyənin müxtəlif vilayətlərindən tələbə birliklərinin rəhbərləri ri iştirak ediblər.

AGAH sədri Təbriz Raufoğlu bildirib ki, tədbirin keçirilməsində əsas məqsəd Türkiyədə təhsil alan və yaşayan azərbaycanlı gənclərlə Türkiyə və Azərbaycanın müvafiq qurumlarının rəhbərliyini bir araya gətirmək, AGAH tərəfindən hazırlanan vahid əlaqələndirməyə dair strategiyanın icrası istiqamətində müzakirələr aparmaqdan ibarətdir.

Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev çıxışı zamanı AGAH-ın təklif etdiyi əlaqələndirmə strategiyasına müsbət baxdıqlarını və irəli sürülən təşəbbüsü dəstəkləməyə hazır olduqlarını bəyan edib.

Sonra forumda YTB sədr müavini Sait Yusuf, millət vəkili Şamil Ayrım, MM üzvü Bəhruz Məhərrəmov, TN şöbə müdiri Nicat Məmmədli, azərbaycanlı diplomatlar Nuru Quliyev və Elçin Allahverdiyev çıxış ediblər.

Daha sonra onlayn Forum başqa bir paneldə Konya Azərbaycanlı Tələbələr Birliyinin rəhbəri Qoşqar Bəylərov, Erzurum Azərbaycanlı Tələbələr Birliyinin rəhbəri Həsrət Səfərov, Bursa Uludağ Universiteti Azərbaycan Mədəniyyət və İncəsənət Birliyinin təsisçisi Solmaz İsmayılova, Kayseri Azərbaycanlı Tələbələr Birliyinin rəhbəri Əlixan Məhərrəmli, Eskişehir Azərbaycanlılar Dərnəyinin Gənçlər bölməsinin rəhbəri Cavid Əmirov, Kastamonu Üniversiteti Azərbaycan Mədəniyyət və Həmrəylik Topluluğunun rəhbəri Tural İsabəylinin iştirakı ilə “Azərbaycanlı gənclərin təşkilatlanmasının hazırki vəziyyəti və vahid əlaqələndirmə” mövzusunda davam etdirilib.

Yekunda vahid koordinasiyaya dair birlik modelinin bütün vilayətlərlə müvafiq memorandumun imzalanması ilə gerçəkləşdirilməsinə qərar verilib.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

4 2020 11:55 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə