Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Prezident İlham Əliyev Tərtərdə Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 3-də Tərtərdə Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak edib.

Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov dövlətimizin başçısına muzeydə nümayiş etdirilən eksponatlar barədə məlumat verdi.

Bildirildi ki, inşasına 2019-cu ilin aprel ayında başlanmış və noyabr ayında başa çatdırılmış muzey binasının ümumi sahəsi 720 kvad­ratmetrdir. Muzeyin sərgi zalında ümumilikdə 8 bölmə yaradılıb. Burada Azərbaycanın müxtəlif dövrlərə aid xəritələri sərgilənir.

Prezident İlham Əliyev: Bizim tarixi adlarımız burada gərək öz tarixi adları ilə əks olunsun. Sisyanın əsl adı Qarakilsədir. Sonradan ermənilər buna Sisyan adı veriblər. Ona görə bunu pozun və Qarakilsə yazın.

Müstəqim Məmmədov: Baş üstə.

Prezident İlham Əliyev: İndiki Ermənistan Respublikasının toponimlərinin mütləq əksəriyyəti Azərbaycan mənşəlidir. Onlar müxtəlif vaxtlarda bu toponimləri dəyişdiriblər.

* * *

Muzeydə xanlıqlar dövrünün xəritəsi, orta əsrlərə aid döyüşçüləri əks etdirən manekenlər, orta əsrlərdə xanlıqların istifadə etdi­yi bayraqlar, XIX əsr Azərbaycan şəhərlərinin gerbləri, qədim metal sikkələr, kağız pullar, Azərbaycan Xalq Cümhuriyyəti, Azərbaycan SSR və müstəqillik dövrlərində qəbul edilmiş konstitu­siyalar, gerblər, bayraqlar, Silahlı Qüvvələrin geyim formaları, ümum­milli lider Heydər Əliyevin andiçmə mərasiminə dair fotoşəkillər, dövlət rəmzləri haqqında kəlamları nüma­yiş etdirilir. Burada, həmçinin tarixi fotoşəkillər, poçt markaları, orden və medallar sərgilənir. Dövlət Rəmzləri Muzeyinin yerləşdiyi ərazidə hün­dürlüyü 72 metr olan dövlət bayrağı ucaldılıb, ətrafındakı fəvvarə komp­leksi yenidən qurulub.

Xatırladaq ki, xal­qımızın qədim tarixinin öyrənilməsində, gənclərdə vətənpərvərlik ruhunun formalaşmasında və inki­şafında muzeylərin mühüm əhəmiyyəti var. Onların sırasında mədəni dəyərləri və milli rəmzləri əks etdirən dövlət atributlarının bir arada ictimaiyyətə təqdim olunma­sında son vaxtlar bölgələrdə rəmzlər muzeylərinin yaradıl­ması ölkəmizin mədəni həyatı üçün çox mühüm yenilikdir. Belə muzeylərin yaradılma­sı ideyası Prezident İlham Əliyevə məxsusdur. Çünki dövlətimizin başçısı bu ide­yanı reallaşdırmaqla dövlət atributlarının tariximizdəki əhəmiyyətinə diqqət çəkib. Dövlət Rəmzləri Muzeylərinin əhəmiyyətini artıran və onları dünyada mövcud olan muzeylərdən fərqləndirən əsas cəhət də buradakı eksponatların Azərbaycanın dövlətçilik tarixini tam əhatə etməsidir. Müxtəlif dövrlərə aid dövlətlərin bayraqla­rı, sikkələr, tarixi keçmişə dair bir çox materiallar bu muzeylərin qiymətli ekspo­natları sırasına daxildir. Bu baxımdan Tərtər rayonunda yaradılan Dövlət Rəmzləri Muzeyi də eksponatlarla zəngindir.

AZƏRTAC

4 2020 02:47 - RƏSMİ XRONİKA
RƏSMİ XRONİKA

Köhnə versiyamızdan xəbərləri izlə