Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Azərxalça” ASC-nin Tərtər filialı açılıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 3-də “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Tərtər filialının açılışında iştirak edib. Dövlətimizin başçısı filialın açılışını bildirən rəmzi lenti kəsdi.

“Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Vidadi Mura­dov dövlətimizin başçısına müəssisədə yaradılan şərait barədə məlumat verdi.

Bildirildi ki, burada müxtəlif ölçülü 43 dəzgahda Azərbaycan xalçaları toxuna­caq və əsas üstünlük orijinal Qarabağ xalça çeşnilərinə veriləcəkdir. Bu çeşnilər dünya muzeylərində, şəxsi kolleksiyalarda mühafizə olunan, həmçinin respublika­mızın ayrı-ayrı bölgələrindən toplanılan qədim və ori­jinal xalçalar əsasında “Azərxalça”nın rəssamları tərəfindən hazırlanıb.

Diqqətə çatdırıldı ki, bina toxuculuq emalatxanası, konfrans zalı, tibb otağı, anbar, yeməkxana, xalça və xalça məmulatlarının sərgilənməsi və satışı üçün xalça-satış salonu və sair bölmələrdən ibarətdir. Ema­latxana zəruri xammal və ləvazimatlarla təmin edilib. Filialda 150 nəfər toxucunun və 14 nəfər inzibati-təsərrüfat işçisinin çalışması nəzərdə tutulub və hazırda 85 nəfər, o cümlədən 71 nəfər toxucu və 14 nəfər inzibati-təsərrüfat işçisi işlə təmin edilib.

Toxucular bir neçə ay ərzində “Azərxalça”nın bu­rada təşkil olunmuş hazırlıq-tədris kurslarında iştirak edib, xalçaçılıq üzrə bacarıq və vərdişlərini təkmilləşdiriblər. Tədris-hazırlıq kursu filial fəaliyyətə başladıqdan sonra da öz işini davam etdirəcək. Bu kursun məzunları “Azərxalça” ASC-nin tədris sertifikatı ilə təmin olunacaq. Cəmiyyətin digər filialların­da olduğu kimi, Tərtər filialı da işçilərin daşınması üçün avtobusla təmin edilib.

* * *

Qeyd edək ki, Azərbaycanda xalçaçılıq tətbiqi sənət növünün ən qədim sahələrindən biri­dir. Ölkəmizin ərazisində aparılan arxeoloji qazın­tılara və yazılı mənbələrə görə, Azərbaycanda xalça toxuculuğu tunc dövründə, yəni 5 min il bundan əvvəl meydana gəlib. Azərbaycan xalçası boyalarının tükənməz zənginliyi, naxış­larının bənzərsizliyi, yara­dıcılıq təxəyyülünün gücü və yüksək sənətkarlığı ilə fərqlənir. Xalçalarımız dün­yanın ən məşhur muzeylərini bəzəyir. Quba-Şirvan, Gəncə-Qazax, Qarabağ, Təbriz xalçaçılıq məktəbləri bütün dünyada məşhurdur. Bu zonalarda toxunan xal­çalar ilmələrinin sıxlığına, rəng çalarlarına, üz ipliyinin xovuna, toxunuşuna və ornamentlərinə görə seçilir. Hazırda Azərbaycan xalça sənəti özünün əsl dirçəliş dövrünü yaşayır. Prezi­dent İlham Əliyevin həmin sahənin inkişafı ilə bağlı ver­diyi tapşırıqlar və imzaladığı sərəncamlar bu baxımdan xüsusi əhəmiyyətə malikdir.

Dövlətimizin başçı­sının sərəncamlarına uyğun olaraq, yaradılma­sı nəzərdə tutulmuş 31 xalça müəssisəsindən 13-ü istifadəyə verilib, 8-i istifadəyə hazırdır. Daha 10 fabrikin tikintisi layihələndirilir. Bundan başqa yunəyirici-boyaq fabrikinin, hazır xalçaların emalı mərkəzinin, yun və boyaq tədarükü məntəqələrinin yaradılması istiqamətində mühüm işlər görülür.

AZƏRTAC

4 2020 02:37 - RƏSMİ XRONİKA
RƏSMİ XRONİKA

Köhnə versiyamızdan xəbərləri izlə