Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə tədbirlər davam etdirilir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qəti siyasi iradəsi ilə ölkəmizdə korrupsiyaya qarşı ciddi mübarizə aparılır, dövlətimizin başçısının tövsiyə və tapşırıqlarına uyğun olaraq ictimai həyatın bütün sahələrində, o cümlədən məhkəmələrin fəaliyyətində şəffaflığın təmin edilməsi, korrupsiyaya şərait yaradan halların qarşısının alınması üzrə ardıcıl tədbirlər görülür.

Bu məqsədlə son dövrlər həyata keçirilən institusional və qanunverici­lik tədbirləri, hakimlərin təminatının əhəmiyyətli dərəcədə yaxşılaşdırılması, inf­rastrukturun müasirləşdirilməsi, hakim ştat­larının üç dəfəyə yaxın, o cümlədən sonuncu dəfə dövlətimizin başçısının 2019-cu il 3 ap­rel tarixli Fərmanı ilə 200 vahid artırılması məhkəmə fəaliyyətinin səmərəliliyinə əsaslı təsir göstərib. Ötən ay hakimlərin təyinatı ilə bağlı 60-dan çox mühüm qərarın qəbulu, o cümlədən Azərbaycan Prezidentinin sərəncamları ilə Ali Məhkəmənin sədr mü­avini və kollegiya sədrləri, apellyasiya ins­tansiyası məhkəmələrinin 11 kollegiya sədri, 16 məhkəmə sədrlərinin təyin edilməsi, bəzi hakimlərin iş yerinin intizam qaydasında dəyişdirilməsi, habelə Ali Məhkəmənin 5 hakiminin aşağı işə keçirilməsi və 20-dək yeni nəsil gənc hakimin ali və apellyasiya məhkəmələrinə irəli çəkilməsi mühüm əhəmiyyət kəsb edib.

Mətbuatda xəbər verildiyi kimi, ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə qarşıda duran vəzifələrə dair ötən ay Məhkəmə-Hüquq Şurasının sədri, Ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi və Ali Məhkəmənin sədri Ramiz Rzayevin iştirakı ilə videokonfrans formatında müşavirə keçirilib. Ölkənin bütün məhkəmə sədr və müavinlərinin, kollegiya sədrlərinin iştirakı ilə keçirilən müşavirədə qanunun aliliyinin və qərarların ədalətliliyinin təmin edilməsi ilə bağlı dövlətimizin başçısının tövsiyələri diqqətə çatdırılmaqla, qanun pozuntularına ciddi reaksiya verilməsi, korrupsiyaya və digər neqativ hallara qarşı barışmaz münasibət göstərilməsinin vacibliyi, hakim adına və nüfuzuna xələl gətirən halların qarşısının alınması üzrə qəti tədbirlər vurğulanıb.

Məhkəmə-Hüquq Şurasından AZƏRTAC-a bildiriblər ki, həmin məsələlərin hər bir hakimin və məhkəmə işçisinin nəzərinə çatdırılması məqsədilə bu ərəfədə Məhkəmə-Hüquq Şurasının, Ədliyyə Nazirliyinin məsul şəxsləri və apellyasiya məhkəmələrinin rəhbərliyinin iştirakı ilə bütün məhkəmələrdə hakimlər və məhkəmə aparatı əməkdaşları ilə birgə müşavirələr keçirilib. Məhkəmə sistemində şəffaflığın təmin olunması, süründürməçilik, sui-istifadə hallarının, qeyri-prosessual münasibətlərin yolverilməzliyi, bununla bağlı qarşıda duran vəzifələr diqqətə çatdı­rılıb, yol verilən nöqsanlar və onların səbəbi müzakirə edilib.

“Məhkəmə-hüquq sistemində islahatla­rın dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 aprel tarixli Fərmanına uyğun olaraq, 60-dan çox məhkəmədə keçirilən monitorinqlər zamanı insanların haqlı narazılığını doğuran 150-dən artıq halın aşkarlanaraq hakim və məhkəmə sədrlərinin diqqətinə çatdırılması, daha kobud pozuntularla bağlı isə intizam icraatlarının başlanıldığı vurğulanıb. Ötən il 48 hakimin intizam məsuliyyətinə cəlb edilməsi, 2 nəfərin səlahiyyətlərinə xitam verilməsi, 7 nəfərin işdən azad olunması, 2 hakim barədə isə materialların korrupsiya əməllərinə görə istintaqa verilməsi və artıq onlardan birinin, həmçinin vasitəçilik etmiş məhkəmə aparatı işçisi və vəkilin cinayət məsuliyyətinə cəlb edilməklə, məhkum edildiyi qeyd olunub.

Vətəndaşların haqlı narazılığına səbəb olan, məhkəmə sisteminə ictimai etimadı azaldan və öz yarıtmaz fəaliyyəti ilə ədalət mühakiməsinin nüfuzuna xələl gətirən hallara yol verən hakimlər barədə ən sərt tədbirlərin görüləcəyi hər bir hakimin diqqətinə çatdırılıb.

Dövlətimizin başçısının tövsiyələrinə uyğun olaraq Şura tərəfindən cari ildə iki yeni mühüm sənədin – hakimlərin fəaliyyətinin qiymətləndirilməsi və məhkəmələrin fəaliyyətinin monitorinqinin aparılması Qaydalarının qəbul edildiyi, bu sahədə elektron proqram təminatının hazırlandığı bildirilib. Həmin sənədlərin tətbiqinin hakimlərin məsuliyyət hissinin artırılmasında, sistem xarakteri daşıyan nöqsanların aşkar edilməsində daha işlək mexanizmlər yaratdığı vurğulanıb.

Məhkəmə sistemində hüquq pozuntu­larının qarşısının alınması və onlara qarşı dözülməz münasibətin təşviqi üzrə tədbirlər davam etdirilir.

4 2020 02:33 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə