Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Fəxr edirik ki, Sizin kimi humanist, qayğıkeş və mübariz Prezidentimiz var”

Azərbaycan Prezidentinin ünvanına ölkə daxilindən və xaricdən göndərilən minnətdarlıq məktublarının ardı-arası kəsilmir. Şübhəsiz, bu məktubların böyük əksəriyyəti cari ilin əvvəlindən bəri bütün bəşəriyyət üçün bir nömrəli problemə çevrilmiş koronavirus pandemiyasına qarşı mübarizədə Azərbaycan Prezidentinin uğurla həyata keçirdiyi tədbirlərin səmərəli nəticələri ilə bağlı­dır. Məhz vaxtında görülmüş belə məhdudlaşdırıcı tədbirlər sayəsində digər ölkələrdən fərqli olaraq, Azərbaycanda pandemiya geniş vüsət almamış, bu ağır sınaqdan indiyədək minimum itki ilə çıxa bilmi­şik. Məlum olduğu kimi, COVID-19 pandemiyasından ağır itki görən 150-dən çox ölkə maliyyə dəstəyi almaq üçün beynəlxalq təşkilatlara müraciət edib. Azərbaycanın adı nəinki həmin ölkələrin arasında yoxdur, əksinə, donor dövlət kimi biz ehtiyacı olanlara kömək göstəririk. Respublikamız indiyədək Ümum­dünya Səhiyyə Təşkilatına 10 milyon dollar ianə vermiş, 14 ölkəyə humanitar dəstək göndərmişdir. Bu, həm maliyyə, həm avadanlıq, həm də tibbi ləvazimatlar dəstəyi olmuşdur.

Prezident İlham Əliyev bildirmişdir ki, Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə biz yardıma ən çox ehti­yacı olan 15 ölkəyə dəstək göstərəcəyik. Ümumdünya Səhiyyə Təşkilatı ilə razılaşmada bu 15 ölkə müəyyən olunub. Ona görə də bu müddət ərzində Azərbaycan, demək olar ki, 30 ölkəyə dəstək verib. Düşünürəm ki, bu, bizim üzərimizə düşən məsuliyyətdir. Çün­ki bu çətin zamanda ölkələr və insanlar bir-birini dəstəkləməlidirlər.

Azərbaycan digər dövlətlərə nümunə olaraq bu müddətdə başqa ölkələrdə yaşayan, təhsil alan soydaşlarımızın da qayğısına qalmış, onlara maddi-mənəvi dəstək göstərmiş, bir çoxunun Vətənə qayıt­malarını təmin etmişdir. Dövlət başçımıza göndərilən minnətdarlıq məktublarında da bunlar öz ifadəsini tapmışdır.

 

Parisdən gələn məktub

Hörmətli cənab Prezident!

Mən, Fransanın paytaxtın­da yerləşən Paris Ali Musiqi Məktəbinin tələbəsi olaraq Sizə səmimi qəlbdən təşəkkürümü bildirmək istəyirəm. Siz və ailəniz artıq bir neçə ildir ki, Parisdə təhsilimlə bağlı və öz sənətimdə peşəkarlaşmağımda mənə dəstək olursunuz. Sizin dəstəyə mən həmişə böyük dəyər verərək Azərbaycanın adını və bizim zəngin mədəniyyətimizi ölkədən xaricdə böyük fəxarət hissi ilə təmsil edir və bununla qürur duyuram. Bu dəstək tədbirlərinin reallaşmasına görə Sizə və birinci xanım Mehriban Əliyevaya dərin minnətdarlığımı bildirirəm. Son dörd il ərzində ümummilli lideri­miz Heydər Əliyevin ildönümləri ilə əlaqədar burada yerləşən Mədəniyyət Mərkəzində keçirilən tədbirlərdə çox fəal iştirak edirəm. Ötən ay yenidən, ənənəyə sadiq qalaraq ulu öndərimizin doğum günündə onun sevdiyi Azərbaycan xalq mahnıları və digər milli bəstəkarların əsərlərini ifa edərək ruhunu yad etdik.

Sizə bu çətin günlərdə xalqı­mızın koronavirus pandemiyasın­dan qorunmasında göstərdiyiniz fədakarlığa, habelə, şəxsən mənə ayırdığınız xüsusi diqqətə görə təşəkkürümü bildirir, Sizə və ailənizə sağlamlıq arzu edirəm!

Dərin hörmətlə,

Vurğun Vəkilov, Prezident təqaüdçüsü və mükafatçısı, pianoçu, Fransa Respublikası, Paris şəhəri

“Göstərdiyiniz dəstəyə görə Sizə “çox sağ olun!” deyirik”

Möhtərəm Prezidentimiz!

Dünyada COVID-19 pande­miyasının yayılması səbəbindən sərhədlərin bağlanması nəticəsində Vətənə dönə bilməyən Ukraynada təhsil alan azərbaycanlı tələbələr adından bizə göstərdiyiniz dəstək və yardıma görə Sizə “çox sağ olun!” deyirik.

Sizin uzaqgörən və çevik qərarlarınız sayəsində ölkəmizdə COVID-19 pandemiyasının yayıl­masının qarşısını almaq məqsədilə atdığınız addımları, xalqımızın sağlamlığının qorunması və rifahı­nın daha da yaxşılaşdırılması uçun qəbul etdiyiniz mühüm qərarları, hazırda ölkə xaricində qalan biz azərbaycanlıları diqqət mərkəzində saxlayaraq hər cür yardımla­rın göstərilməsinə dair göstəriş verməyinizi yüksək qiymətləndiririk. Bu çətin vaxtda atdığınız məqsədyönlü addımlar bir daha sübut edir ki. Siz daim xalqın ya­nındasınız. Qərib ölkədə qaldığımız müddətdə bizə göstərdiyiniz maddi və mənəvi dəstəyə, əzmkarlığa, qətiyyətə və qayğıkeşliyə görə hər birimizin adından Sizə və Mehriban xanım Əliyevaya öz minnətdarlığımızı bildiririk.

Hörmətlə,

Ukraynada təhsil alan azərbaycanlı tələbələr: Murad Əlövsət oğlu Məmmədov, Elnur Namiq oğlu Manafov, Nicat Rasim oğlu Zeynalov, Sərxan Sarıbala oğlu Qasımov və başqaları, Ukrayna, Kiyev şəhəri

Bizi darda qoymadınız

Hörmətli Prezident!

Biz, ADA universitetinin Biz­nesin idarə edilməsi fakültəsinin 2-ci və 3-cü kurs tələbələriyik, “Erasmus+” proqramında işti­rak edərək 2020-ci ilin yanvar ayından Fransada təhsil al­mağa başlamışıq. Aprel ayının 30-da təhsilimiz başa çatmalı və biz Azərbaycana qayıtmalı idik. Dünya ölkələri üçün böyük təhlükə hesab olunan COVID-19 virusunun yayılması nəticəsində planlarımızda dəyişiklik etmək məcburiyyətində qaldıq. Təhsilimizin qalan hissəsini evdə qalmaqla onlayn davam etdirdik. Fransada qalma müddətimiz başa çatanda ölkəmizə qayıda bilmədiyimiz və maddi sıxıntımız olduğu üçün çox ciddi nara­hatlıq keçirirdik. Xaricdə yaşa­yan Azərbaycan vətəndaşları Sizin sayənizdə hər zaman dövlətimizin qayğısını hiss edir, ən çətin şəraitdə belə dövlət tərəfindən müdafiə olunurlar. Biz də öz növbəmizdə, dövlətimizin qayğısını hiss etdik. Sizin tapşırı­ğınıza əsasən, mütəmadi olaraq problemlərimizlə maraqlanır, bizə həm maddi, həm də mənəvi dəstək göstərirlər.

Cənab Prezident, bizə göstərilən dövlət qayğısına görə Sizə təşəkkür edirik. Güclü Azərbaycanımızla, güclü dövlətimizlə qürur duyuruq. Bizə göstərdiyiniz diqqətə görə təhsil aldığımız sahə üzrə peşəkar mütəxəssis olmağa, dövlətimizə fayda verməyə və etimadınızı doğrultmağa çalışacağıq. Bir daha Sizə dərin təşəkkürümüzü bildiririk.

Hörmətlə,

ICD Biznes Məktəbində təhsil alan azərbaycanlı tələbələr: Xəzər Ayaz oğlu Allahverdiyev, Elvin Vəli oğlu Zeynallı, Ceyhun Gəray oğlu Sadibəyli, Fransa Respublikası, Paris şəhəri

“Sizinlə fəxr edirik”

Möhtərəm Prezidentimiz!

Bütün xalqımız kimi, mən də bu ağır COVID-19 pandemiyası günlərində xalqımızın yanında ol­duğunuz, bizim qayğımıza qaldı­ğınız, əhalinin maddi rifah halının yaxşılaşdırılması üçün hər cür tədbirlər gördüyünüz üçün Sizə dərin minnətdarlığımı bildirirəm. Allah Sizi qorusun, Azərbaycan xalqının gözünə çıraq etsin!

Eyni zamanda, respub­likamızın inkişafı, dünyada nüfuzunun artması, sayılıb-seçilməsi istiqamətində apardı­ğınız işlərə, aztəminatlı ailələrə göstərdiyiniz diqqət və qayğıya, müharibə veteranlarına və şəhid ailələrinə, həmçinin xalqımıza göstərdiyiniz dəstəyə görə Sizə minnətdarlığımı bildirirəm. Hazır­ki ağır dövrdə ölkəmizin inkişafı­na əngəl yaradan mənfi hallara, korrupsiya və rüşvətxorluğa qarşı apardığınız amansız mübarizə bütün xalqımız kimi, məni də, bizim ailəmizi də sevindirir, qürurlandırır. Biz Sizinlə fəxr edirik. Fəxr edirik ki, bizim belə humanist, qayğıkeş və mübariz Prezidentimiz var.

Mən də, yaşlı valideynlərim də daim Sizin daxili və xari­ci siyasətinizi izləyir, ürəkdən bəyənir, dəstəkləyir və Sizinlə qürur duyuruq. Biz, xüsusilə də valideynlərim ulu öndər Heydər Əliyevin də siyasi xəttini həmişə bəyənib dəstəkləmişik. Biz Sizinlə fəxr edirik. Yaxşı ki, varsı­nız, yaxşı ki, bizim Prezidentimiz­siniz. Allahdan Sizə cansağlığı, ailə səadəti və işlərinizdə daha böyük müvəffəqiyyətlər arzula­yırıq.

Hörmətlə,

Əlizamin Hümbət oğlu Mirişov, Laçın rayonunun Ələkçi kəndindən məcburi köçkün, Gəncə şəhəri, Gülüstan qəsəbəsi

“Siz hər bir azərbaycanlının sevimli liderisiniz”

Hörmətli cənab Prezident!

Mən, İsmayılova Sevda Fran­sanın Monpelye şəhərində ma­gistratura təhsili alıram. COVID-19 ilə bağlı Fransada elan edilən karantin rejiminə uyğun olaraq iş yerlərinin bağlanması işləyərək öz tələbatını ödəyən tələbələri maddi cəhətdən çətin vəziyyətə saldı. Yaşadığım evin kirayə haq­qının ödənilməsində üzləşdiyim çətinliklə əlaqədar ölkəmizin Fransadakı səfirliyinə müraciət etdim. Dərhal səfirlikdən mənimlə əlaqə saxlanıldı və müraciətimin qeydə alındığı bildirildi. Bir neçə gün sonra bank rekvizitlərini tələb edən səfirlik əməkdaşı dövlətimiz tərəfindən tələbələrə yardım ediləcəyi barədə xoş xəbəri çatdır­dı. Dövlətimizin dəstəyi ilə kirayə yaşadığım evdən çıxarılmaq təhlükəsini dəf elədik. Sonradan tələbə yoldaşlarımdan öyrəndim ki, onlara da maddi yardım edilib.

Hörmətli cənab Prezident, bir daha sübut etdiniz ki, harada yaşamasından asılı olmaya­raq, Siz hər bir azərbaycanlının sevimli liderisiniz. Çətin anlarda bizi köməksiz qoymadığınıza görə Sizə öz dərin təşəkkürümüzü çatdırırıq.

Hörmətlə,

Sevda Hafiz qızı İsmayılova, Fransa Respublikası, Monpelye şəhəri

Təqdim etdi: Qüdrət PİRİYEV, “Xalq qəzeti”

4 2020 02:26 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə