Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Biz Sizi ürəkdən sevir və daim dəstəkləyirik!”

Vətəndaşlar Prezident İlham Əliyevə dəstəklərini bildirirlər

Bu gün dünyanın gündəmi hələ də koronavirusa qarşı mübarizəyə köklənib. Hər bir ölkənin itkilərlə üzləşməsi, bu bəlaya qarşı mübarizədə böyük əmək və maliyyə vəsaitləri sərf etməsi günün mənzərəsini təşkil edir. Koronavirus pandemiyasının zərərlərini minimuma endirmək üçün Azərbaycan dövləti də çox vacib və sistemli tədbirlər həyata keçirir. Məqsəd əhalinin sağlamlığını qorumaqdan və iqtisa­diyyatın normal axarda inkişafını təmin etməkdən ibarətdir. Məhz Prezident İlham Əliyevin rəhbərliyi ilə hökumətin həyata keçirdiyi məqsədyönlü geniş tədbirlər xəstəliyin dərinləşməsinin qarşısını almağa və sanitar-epidemioloji vəziyyəti nəzarətə götürməyə imkan yaratdı. Dövlət başçı­sına göndərilən məktublarında vətəndaşlar Prezident İlham Əliyevin koronavirusla apardığı uğurlu mübarizəyə görə minnətdarlığını bildirir, Azərbaycan liderinin ölkənin daha da güclənməsinə xidmət edən hər bir addımını dəstəklədiklərini vurğulayırlar.

Prezident İlham Əliyev çı­xışlarında daim vurğulayır ki, hökumətin koronavirusla mübarizədə həyata keçirdiyi siyasətin əsas məqsədi insanla­rın sağlamlığını təmin etməkdir. Buna görədir ki, pandemiyanın elan olunduğu ilk günlərdən Azərbaycan dövləti insanların infeksiyaya yoluxmaması və sağlamlığının təmin edilməsi üçün bütün ciddi addımları atdı və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi nəticəsində koronavi­rus xəstəliyinin yayılması geniş vüsət almadı. Prezident İlham Əliyevə göndərilən minnətdarlıq məktublarında da vətəndaşlar dövlət başçısının çevik və vax­tında həyata keçirdiyi tədbirlər sayəsində Azərbaycanın virusla mübarizədə nümunəvi ölkə kimi göstərilməsini dövlət başçsı­nın uzaqgörənliyinin və yüksək idarəçilik qabiliyyətinin, habelə insanlara olan diqqət və qayğı­sının bariz nümunəsi olduğunu vurğulayırlar.

Bakı şəhər sakini Əhmədağa Rəşidov yazır: “Mənim 71 yaşım var, təqaüdçüyəm. COVID-19 virusunun bütün dünyaya ya­yılaraq kütləvi insan tələfatına gətirib çıxardığı bir zamanda Sizin xalqımızı bu təhlükədən qorumaq məqsədilə uzaqgörənliklə gördü­yünüz bütün tədbirləri bəyənirik”. Əmək veteranı, təcrübəli bir geofizika mütəxəssisi olan Ə.Rəşidov məktubunda şəxsən öz adından və ailə üzvlərinin adından Prezidentə və Birinci vitse-prezi­dent Mehriban xanım Əliyevaya ürəkdən təşəkkür etdiyini vurğula­yır. Ə.Rəşidov ölkə başçısının yeni növ koronavirusla bağlı verdiyi qərarlardan birini xüsusi qeyd edərək yazır ki, COVID-19 infeksi­yasına yoluxan xəstələrin sağal­ması üçün istirahət bilmədən, ailələrini görmədən gecə-gündüz çalışan tibb işçilərinin məvaciblərinin 3-5 dəfə artırılma­sını çox yüksək qiymətləndirir: “Həm Sizə, həm də tibb işçilərinə təşəkkürümü çatdırıram və Sizi ürəkdən alqışlayıram”.

Azərbaycan hökuməti pande­miya ilə mübarizə çərçivəsində təkcə insanların sağlamlığı­nın qeydinə qalmadı, həm də aztəminatlı təbəqəyə, eləcə də iq­tisadiyyatın müxtəlif subyektlərinə də maddi yardım etdi. Məcburi köçkünlərə və qaçqınlara, həmişə olduğu kimi, karantin dövründə də böyük diqqət göstərildi. Abşeron rayonu, Xırdalan şəhər sakini Lətafət Əhədzadə yazır: “Bu çətin dövrdə verdiyiniz doğru qərarlar və apardığınız uzaqgörən siyasətiniz bizi bu çətin bəladan qorudu. Pandemiya dövründə iş yerlərinin müvəqqəti bağlanma­sı ilə əlaqədar insanlara sosial yardımın göstərilməsi, aztəminatlı ailələrdən olan tələbələrin təhsil haqlarının ödənilməsi Sizin xalqımıza olan sonsuz sevgini­zin sübutudur”. L.Əhədzadə ağır pandemiya dövrünün təhsilə də təsirsiz ötüşmədiyini və Prezi­dentin bu ağır dönəmdə yaratdığı şəraitin təhsilə böyük faydalarının olduğunu vurğulayır, buna görə də, Azərbaycan Dövlət Pedoqoji Kollecinin tələbələri adından ölkə başçısına dərin minnətdarlığını bildirir: “Təşkil olunan distant təhsilin tələbələrimizə çox böyük köməyi oldu və bizim təhsildən geri qalmamağımıza imkan verdi. Mən də sosial cəhətdən həssas ailə qrupuna aid olan bir tələbə kimi Sizə təşəkkürümü bildirirəm. Ailə vəziyyətim təhsil haqqımı ödəməyə imkan vermir­di. Sizin bu gözəl təşəbbüsünüz vasitəsilə mən və mənim timsa­lımda bir çox tələbə öz xəyallarını gerçəkləşdirmiş olacaq. Buna görə bir tələbə olaraq şəxsən öz adımdan, ailəmin adından və Azərbaycan Dövlət Pedaqoji Kollecinin tələbələri adından Sizə dərin təşəkkürlərimi bildirirəm”.

Astara rayonu, Seləkəran kənd sakini Bədi Məmmədova ölkə başçısına ünvanladığı məktubunda Prezident İlham Əliyevin yürütdüyü siyasəti ürəkdən bəyəndiyini və dəstəklədiklərini vurğulayır: “Dün­yanı çənginə alan koronavirus pandemiyasının Azərbaycanda yayılmasının qarşısının alınması üçün bir çox tədbirlər görürsü­nüz. Bu tədbirlərin sayəsində qorxulu xəstəlikdən itkilərimiz başqa ölkələrlə müqayisədə daha azdır. Uzaqgörən siyasətinizə, aztəminatlı ailələrə edilən yardım­lara görə Sizə minnətdarlığımı bildirir, “Çox sağ olun!” deyirik. Allah Sizi qorusun!”.

Goranboy rayonu, Məşədiqaralar kənd sakini Pərvanə Süleymanova ölkə başçısına göndərdiyi məktubunda yazır: “Fəxrlə deyə bilərəm ki, bütün dünya üçün təhlükə yara­dan koronavirus pandemiyasının ölkəmizdə yayılmasına qarşı mübarizə Sizin rəhbərliyinizlə çox yüksək səviyyədə təşkil olundu və müsbət nəticələr artıq göz qabağındadır. Mən də bir məktəbli olaraq bizə yaradılan şəraitə görə Sizə, dərslərimizdən geri qalma­maq üçün tətbiq edilmiş onlayn dərs sisteminin təşkilatçılarına, müəllimlərimizə öz adımdan, sinif yoldaşlarım adından dərin təşəkkürümü bildirirəm”. XI sinif şagirdi P.Süleymanova məktubunu “Biz Sizə daim güvənirik, Sizinlə qürur duyuruq. Allah Sizi və ailənizi qorusun!” sözləri ilə bitirir.

Bakı şəhəri, Səbail rayon sakini Pənah Qasımzadə isə ölkə başçısına məktubunda yazır ki, mən həyatım boyu Sizi idealım müəyyən etmişəm. Dərslərimi daim yaxşı oxumağa çalışıram, çünki Sizin şagirdlərə sevginiz məni daha çox çalışmağa sövq edir.

P.Qasımzadə məktubunda, həmçinin Prezidentə söz verir ki, o, daim Azərbaycan xalqı üçün çalışacaq.

Məlumdur ki, pandemiya dövründə dövlət sahibkarlara bir sıra güzəştlər etdi, müəyyən maliyyə yardımları göstərdi. Cəlilabad rayonu, Privolnoye kənd sakinləri Vahid Azadxanov, Mehriban Ağayeva, Mehman Məmmədov, Fəxrəddin Ab­dullayev yazırlar: “Bizim kəndin əhalisinin əsas məşğuliyyətindən biri də kartofçuluqdur. Biz ulu öndərimizin bəxş etdiyi torpaqla­rımızı əkərək məhsul bolluğu yara­dırıq. Bununla da həm əhalinin tələbatını, həm də güzəranımızı yaxşılaşdırırıq”.

Məktub müəllifləri karantin rejimi ilə əlaqədar sərhədlərin bağlanmasının narahatçılığa səbəb olduğunu, lakin Prezident İlham Əliyevin tapşırığına əsasən Rusiyadan yük maşınlarının Azərbaycana gəlməsinə icazə verilməsi sayəsində problemlərinin həll edildiyini vurğulayırlar. Məktub müəllifləri istehsal etdikləri kartofu Rusiya bazarına çıxara bildiklərini də yazırlar: “Yaxşı qazanc əldə et­dik. Hələ də məhsulumuz boldur və hər gün xaricə məhsul göndəririk. Bütün bunlara görə Sizə “çox sağ olun!” deyirik. Yaxşı ki, Siz bizim Prezidentimizsiniz. Biz Sizi sevir və daim dəstəkləyirik!”.

Tərtər rayonundan, Lətafət Məmmədova, Vəsilə Süley­manova, Gülnar Abdullayeva, Elşən Mirzəyev və Zakir İmanov yazırlar: “Bu günlərdə Qaynaq kəndinin sakinlərinin sevinci sonsuzdur. Çünki 10 cəbhəyanı kəndi birləşdirən Səhləbad–Əksipara–Qaradağlı–Qapanlı–Qaynaq–Yuxarı Qapanlı–Qaz­yan–Təzəkənd–Hüsənli avtomobil yolunun Qaynaq kəndindən keçən hissəsi artıq hazırdır. Çəkilən yol gediş-gəlişimizi rahatlaşdı­rıb, vaxt itkisinin qarşısını alıb, rayon mərkəzi və qonşu kəndlərlə əlaqəmiz asanlaşıb, bazara məhsulumuzu itkiyə yol vermədən çatdırırıq. Soydaşlarımız, xüsusilə vurğulayırlar ki, Prezident İlham Əliyevdən həmişə böyük diqqət və qayğı görmüşlər: “Göstərdiyiniz dəstəyə və qayğıya görə Sizə kəndimizin sakinləri adından minnətdarlığımızı bildiririk. İnşal­lah, Tərtərdə çəkilməyə başlayan yollar bizi tezliklə işğal altında olan torpaqlarımıza aparıb çıxarar, Azərbaycanın üçrəngli bayrağı işğaldan azad olunmuş torpaqla­rımızda dalğalanar. Sizinlə birgə həmin ərazilərdə qələbəmizi qeyd edərik!”

Hazırladı: Səbuhi MƏMMƏDOV, “Xalq qəzeti”

4 2020 02:24 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə