Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Regionların inkişafı daim diqqətdə saxlanılır

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın mayın 25-də Şamaxıya səfərləri çərçivəsində Pirsaat Baba və Pir Ömər Sultan ziyarətgahlarında olma­ları, şəhər təsərrüfatı, kommunal, səyyar tibbi sahələrdə xidmətin keyfiyyətini yaxşılaşdırmaq üçün rayona ayrılan çoxlu sayda nəqliyyat vasitələrinə və xüsusi texnikalara baxış keçirmələri, Heydər Əliyev Fondu tərəfindən şəhərdə inşa edilən 2 nömrəli, Meysəri kəndində isə əsaslı təmir olunan körpələr evi-uşaq bağçalarının açılı­şında iştirak etmələri, eyni zamanda, qaçqın və məcburi köçkünlərin, şəhid ailələrinin, müharibə veteranlarının sosial şəraitləri ilə dərindən maraqlanmaları regionların daha da müasirləşməsi, şəhər, qəsəbə və kəndlərdə rahat həyat şəraitinin yaradılması üçün aparılan sosial-iqtisadi siyasətin daha bir əyani göstəricisidir. Başqa sözlə, bu tədbirlər respublikamızda milli-mənəvi dəyərlərə qayğı ilə yanaşılması ilə bərabər, həm də sosial-iqtisadi sahələrin inkişafının diqqət mərkəzində saxlanılmasının parlaq ifadəsidir.

Ümumiyyətlə, dövlət başçımızın və birinci xanım Mehriban Əliyevanın Şamaxıya səfərləri deməyə əsas verir ki, son 17 ildə ölkəmizdə həyata keçirilən regional layihələr əsasən əlverişli sahibkarlıq və biznes mühitinin formalaşdırıl­ması, işsizlik probleminin həlli əhalinin həyat şəraitinin yaxşı­laşdırılması məsələlərini əhatə edir və Prezident İlham Əliyevin yeritdiyi iqtisadi siyasətin prio­ritet istiqamətlərindən biri kimi diqqət çəkir. Dövlət başçımız hökumətin həyata keçirdiyi tədbirlərin, eləcə də hazırda reallaşdırılan regional proqramın icra prosesini daim nəzarətdə saxlayır, habelə ölkənin strateji resurslarını mühüm layihələrin gerçəkləşdirilməsinə yönəldir.

Böyük uzaqgörənliklə müəyyənləşdirilən və uğurla yerinə yetirilən regional siyasət ötən müddətdə öz bariz təsdiqini tapıb, respublikamızın şəhər və kəndlərinin siması köklü şəkildə dəyişib, əhalinin paytaxta axını səngiyərək əks proses başlayıb, rayonlarda işləməyə və yaşa­mağa üstünlük verənlərin sayı isə artıb. Hazırda hər bir ailə, hər bir vətəndaş sözügedən strategiyanın real nəticələrini öz gündəlik həyatında hiss etməkdədir.

Azərbaycan Prezidentinin bölgələrə vaxtaşırı səfərləri çərçivəsində müxtəlif təyinatlı infrastruktur obyektlərinin, yeni müəssisələrin açılış və təməlqoyma mərasimlərində iştirakı, müəssisələrin fəaliyyəti ilə yaxından tanış olması, eləcə də keçirdiyi görüşlərdə qaldırı­lan məsələlərin həlli məqsədilə müəyyən vəsaitin ayrılması barədə imzaladığı çoxsaylı sərəncamlar da regionların inki­şafına göstərilən diqqətin bariz nümunəsidir.

İnfrastruktur layihələrinin icrasının davam etdirilməsi regional proqramın əsas məqsədlərindən biridir. Elektrik, qaz təchizatı, yolların çəkilməsi regionlardakı vəziyyəti ciddi surətdə dəyişib. Artıq kəndlərdə mövcud olan köhnə yolların böyük hissəsi təmir olunub və yüksək səviyyəyə qaldırılıb. Bu da həm əhalinin rifahının yaxşı­laşmasına, həm də iqtisadiyyatın inkişafına çox müsbət təsir göstərib.

Regionlarda sosial sahədə görülən işlər də diqqət çəkir. Bu, təsadüfi deyil. Çünki regionların sosial-iqtisadi inkişafı proq­ramlarının əsas məqsədlərindən biri də məhz sosial sahədə layihələrin həyata keçirilməsi idi. Bu sahədə də böyük həcmdə işlər görülüb, 3 mindən çox məktəb yenidən tikilib və ya əsaslı şəkildə təmir olunub. İki ildir ki, bu sahədə artıq yeni yanaşma da mövcuddur – modul tipli məktəblərin tikintisinə başlanılıb. Bu, ilk növbədə, kiçik kəndlərdə, ucqar regionlar­da yerləşən kənd məktəblərinə aiddir. Hazırda bu proqram uğurla icra olunur.

Ümumiyyətlə, regionların inkişafı ilə bağlı 2019-2023-cü illəri əhatə edən dördüncü dövlət proq ­ramı çərçivəsində bölgələrdə kommunal xidmətlərin səviyyəsinin yüksəldilməsi, sosial infrastrukturun yaxşılaşdırılması, kənd yerlərini də əhatə etməklə məşğulluğun təmin olunması istiqamətlərində ciddi ad­dımlar atılır. Eyni zamanda, hazırda regionlarda yaradılan biznes mühiti, kənd təsərrüfatı və sənayenin inkişafı üçün infrastruktur artıq öz bəhrəsini verir və bölgələrdə məşğulluğun təmin olunma­sında əsas rol oynayır.

Anar MƏMMƏDOV, Milli Məclisin deputatı

4 2020 02:21 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə