Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ölkənin meliorasiya və su təsərrüfatı dayanıqlı inkişaf yolundadır

5 iyun su təsərrüfatı və meliorasiya işçiləri günüdür

5 iyun – bu tarix ölkə melioratorları üçün olduqca əlamətdar bir gündür. Hər il həmin gün onlar böyük fərəh və sevinc hissi ilə öz peşə bayramlarını qeyd edirlər. Möhtərəm Prezidentimiz İlham Əliyev meliorasiya və su təsərrüfatının respublikamızın iqtisadiyyatında, regionların sosial-iq­tisadi inkişafında, ölkə əhalisinin ekoloji cəhətdən təmiz və dayanıqlı ərzaq məhsulları ilə eti­barlı təminatındakı rolunu nəzərə alaraq, Müstəqil Dövlətlər Birliyi ölkələri arasında ilk dəfə olaraq müstəqil Azərbaycanda 1996-cı ildə ulu öndərimiz Heydər Əliyev tərəfindən “Meliorasiya və İrriqasiya haqqında” Qanunun imzalandığı gün – 5 iyun münasibəti ilə «Meliorator günü» peşə bayramının təsis edilməsi barədə 24 may 2007-ci il tarixli Sərəncam imzalamışdır. Ölkə başçısı su təsərrüfatı və meliora­siya işçilərinin şərəfli əməyinə yüksək hörmət əlaməti olaraq onun miqyasını daha da genişləndirərək 5 iyun gününün «Su təsərrüfatı və meliorasiya işçiləri günü» peşə bayramı kimi qeyd olunması barədə 14 may 2014-cü il tarixli yeni Sərəncam imzalamışdır. Bu sərəncamın imzalanması su təsərrüfatı və meli­orasiya işçiləri tərəfindən böyük minnətdarlıqla qarşılanmış, onları öz gərgin və şərəfli işlərinə daha da həvəsləndirmişdir.

Qədim suvarma əkinçiliyi ölkəsi olan respublikamızda kənd təsərrüfatının yüksəlişində, məhsul bolluğunun yaradılmasın­da, əhalinin ərzaq məhsulları ilə etibarlı təminatının həllində mü­hüm rol oynayan meliorasiya və su təsərrüfatının inkişafı, bu sahədə aparılan islahatlar, böyük quruculuq işləri, geniş meliorasiya potensialının yaradılması və perspektiv proqramla­rın qəbul edilməsi dünya siyasətinin tanınmış lideri, müdrik siyasi xadim, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin yorulmaz fəaliyyəti, gərgin zəhməti və uzaqgörən siyasəti ilə bağlıdır.

Ölkənin əsas kənd təsərrüfatı bazası sayılan Kür–Araz düzənliyinin ərazisi quraq və arid zonada yerləşdiyinə görə burada suvar­ma aparılmadan, meliorasiya və su təsərrüfatını inkişaf etdirmədən kənd təsərrüfatı məhsullarının yetişdirilməsi mümkün deyildir. Bunu böyük uzaqgörənliklə qeyd edən, “Meliorasiya və su təsərrüfatı obyektləri bizim sərvətimizdir və bu sərvətdən səmərəli istifadə etməliyik” sözlərini tarixə yazmış ulu öndərimiz Heydər Əliyev meliorasiya və su təsərrüfatı sahəsini daim diqqət mərkəzində saxlamış, onun inkişafına xüsusi əhəmiyyət vermişdir.

Azərbaycanda meliorasiya və irriqasiya işləri keçən əsrin əvvəllərində təşəkkül tapsa da, onun genişmiqyaslı, intensiv inkişafına ulu öndər Heydər Əliyevin res­publikaya rəhbərlik etdiyi 1969-cu ildən başlanılmışdır. Bu vaxtdan etibarən ölkənin kənd təsərrüfatında, sənayesində, ümumiyyətlə iqtisa­diyyatın bütün sahələrində xüsusi bir yüksəliş dövrü başlandı. Ölkədə kənd təsərrüfatının inkişaf etdirilməsi haqqında bir neçə tarixi qərarlar qəbul edildi. Bu qərarlarda nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsini təmin etmək məqsədi ilə kompleks meliora­siya proqramları hazırlanmış və me­liorasiya olunmuş torpaqlarda kənd təsərrüfatı istehsalının sabit şəkildə artırılması üçün mühüm tədbirlər işlənib həyata keçirilmişdir.

Ulu öndərimiz keçmiş ittifaq rəhbərliyində olduğu illərdə də res­publika iqtisadiyyatının, o cümlədən, meliorasiya və su təsərrüfatının inkişafını daim diqqət mərkəzində saxlamışdır. Lakin böyük təəssüf hissi ilə qeyd etmək lazımdır ki, o, keçmiş İttifaq rəhbərliyindən getdikdən sonra kənd təsərrüfatının, xüsusi ilə də me­liorasiya və su təsərrüfatının inkişafı demək olar ki, tamamilə dayandı. Keçmiş respublika rəhbərliyinin səriştəsizliyi və bu sahəyə laqeyd münasibəti nəticəsində meliorasi­ya və su təsərrüfatı üzrə aparılan işlərin həcmi kəskin surətdə azaldı, kapital qoyuluşu heçə endirildi, sistemlərin istismarına ayrılan büdcə vəsaitinin həcmi xeyli aşağı düşdü. Nəticədə mühüm dövlət əhəmiyyətli obyektlərin saxlanılması, istismarı, təmir-bərpası son dərəcə çətinləşdi.

Belə bir şəraitdə 1993-cü ildə ulu öndər Heydər Əliyevin ikinci dəfə respublika rəhbərliyinə gəlişi melio­rasiya və su təsərrüfatı sahəsini məhv olmaqdan xilas etdi, sahə öz inkişa­fının yeni mərhələsinə qədəm qoydu, ona dövlətin diqqət və qayğısı bərpa olundu, mövcud meliorasiya potensia­lından daha səmərəli istifadə olunma­sı yolları və sahənin gələcək inkişaf istiqamətləri müəyyənləşdirildi. Ölkənin bazar iqtisadiyyatına keçməsi ilə əlaqədar aqrar sahə ilə paralel ola­raq meliorasiya və su təsərrüfatında da islahatlara başlanıldı, onların normativ-hüquqi bazası yaradıldı. Bu məqsədlə 40-dan artıq normativ-hü­quqi sənəd hazırlandı ki, bunlardan da ən mühümü 1996-cı ildə imzalanmış “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikasının Qanunu­dur. Qanun meliorasiya və irriqasi­ya sahəsində dövlət idarəçiliyinin əsaslarını, meliorasiya və irriqasiya tədbirlərinin aparılması qaydalarını müəyyən etdi.

Ulu öndərin göstərişlərini əsas tutaraq respublikaya qoyulan xarici investisiyalar ilk növbədə meliorasiya və su təsərrüfatı sahəsinə yönəldildi. Xarici investisiyaların səmərəliliyini təmin etmək məqsədilə tikintisi yarımçıq qalmış 150 obyektdən respublika üçün mühüm əhəmiyyət kəsb edən 11 obyekt seçildi və onlardan iqtisadiyyatımız üçün ən vacib olan üç obyektin – Baş Mil– Muğan kollektorunun tikintisinin, Samur–Abşeron suvarma sisteminin yenidən qurulmasının və Naxçıvan Muxtar Respublikasında Vayxır su anbarının tikintisinin birinci növbədə maliyyələşdirilməsi qərara alındı.

Ümummilli lider Heydər Əliyevə İslam dünyasının böyük hörmətinin və ehtiramının rəmzi olaraq, İslam İnkişaf Bankının rəhbərliyi Baş Mil– Muğan kollektorunun tikintisinin davam etdirilməsinə güzəştli kredit və Samur–Abşeron suvarma sisteminin yenidən qurulması sxeminin hazırlan­masına əvəzsiz olaraq vəsait ayırdı.

İslam İnkişaf Bankının krediti və respublika büdcəsindən ayrılan vəsait hesabına 1998-ci ildə kollektorun tikintisinin davam etdirilməsinə baş­lanıldı və 2000-ci ilin noyabr ayında kollektorun 52,7 kilometr uzunluğun­da 2-ci buraxılış kompleksinin tikinti­si yüksək keyfiyyətlə başa çatdırılaraq istismara verildi.

Heydər Əliyevin yaxından köməkliyi sayəsində Dünya Bankının krediti ilə 2003-cü ildə Baş Mil–Mu­ğan kollektorunun 28,5 kilometr uzunluğunda 3-cü buraxılış komplek­sinin tikintisinə başlanılmışdır.

Samur–Abşeron suvarma sistemi ölkəmizin şimal bölgəsinin, eləcə də Bakı, Sumqayıt şəhərlərinin və Abşeron yarımadasının yaşayış məntəqələrini, kənd təsərrüfatı və sənaye müəssisələrini içməli, suvarma və texniki su ilə təmin edən irimiq­yaslı kompleks su təsərrüfatı obyek­tidir.

Uzun müddət ərzində suya daim artan ehtiyacı ödəmək məqsədilə Sa­mur–Abşeron magistral kanalı əsaslı təmirə dayanmadan fasiləsiz olaraq istismar olunurdu. Bunun nəticəsində kanalın beton örtüyü dağılıb hissə-hissə sıradan çıxmış, qurğuların bir hissəsi funksiyasını itirmiş, su itkisi artmışdı.

Ulu öndərin tapşırığına əsasən bu problemin həlli yolları araşdırıldı və Samur–Abşeron suvarma siste­minin yenidən qurulması ilə bağlı təxirəsalınmaz tədbirlərin işlənib həyata keçirilməsi təklif olundu.

İslam İnkişaf Bankının texniki yardımı ilə beynəlxalq məsləhətçi şirkət tərəfindən hazırlanmış sxemin birinci mərhələsində Samur çayı üzərində baş sugötürücü qurğunun və Samur–Abşeron kanalının Vəlvələçay çayına qədər olan hissəsinin yenidən qurulması, Xanarx kanalının, Vəlvələçay–Taxtakörpü, Taxtakörpü– Ceyranbatan kanallarının və Taxta­körpü su anbarının tikintisi nəzərdə tutulurdu.

Vayxır su anbarının inşasına 1983-cü ildə başlanılmış, lakin maliyyə vəsaitinin olmamasına görə tikinti işləri yarımçıq dayandırılmışdı.

Ulu öndər Heydər Əliyev 2002-ci ildə Naxçıvan Muxtar Respublikasın­da olarkən, onun su anbarının istisma­ra verilməsi barədə göstərişindən son­ra dövlət büdcəsindən ayrılmış vəsait hesabına Türkiyənin tikinti şirkətləri tərəfindən bu obyektin tikintisi başa çatdırıldı.

Ümumiyyətlə, bu illərdə 200 min hektara yaxın yeni suvarılan torpaqlar kənd təsərrüfatı dövriyyəsinə cəlb edilmiş, 400 min hektara yaxın suva­rılan torpaqların meliorativ vəziyyəti yaxşılaşdırılmış, 825 min hektar sahədə suvarma sistemləri yenidən qurularaq onların su təminatı artı­rılmış, 460 min hektar sahədə əsaslı hamarlama və 150 min hektar sahədə əsaslı yuma işləri aparılmış, texniki cəhətdən mükəmməl irriqasiya və meliorasiya sistemləri yaradılmışdır.

Xalqımızın ümummilli lideri, mü­asir müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu Heydər Əliyevin müəyyən etdiyi siyasi kursa uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən məqsədyönlü dövlət siyasətinin həyata keçirilməsi, dövrün tələblərinə uyğun sistemli islahatların aparıl­ması, ictimai-siyasi, sosial-iqtisadi həyatda mütərəqqi dəyişikliklərin edilməsi, onun qətiyyətli addımla­rı, səriştəli idarəçiliyi nəticəsində ölkənin dayanıqlı inkişafına nail olunmuş, idarəetmə mexanizmi mütəmadi olaraq təkmilləşdirilmiş, ölkədə təhlükəsizliyinin, sabitliyin gücləndirilməsi ilə bağlı vaxtında görülən tədbirlər müstəqilliyimizin daha da möhkəmləndirilməsini, dövlətimizin qüdrətinin artmasını, xalqımızın əmin-amanlığının və rifah halının yüksəlməsini təmin etmişdir.

Möhtərəm Prezidentimizin rəhbərliyi altında qəbul edilmiş regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının və “Strateji yol xəritələri”nin dəqiq mexanizmlərlə icrası inkişafın dinamizmini artırır və əhatəsini daha da genişləndirir. Sürətli, yüksək templi bu irəliləyiş dövlətin yürütdüyü daxili və xari­ci siyasətin düzgünlüyü və müasir tələblərə cavab verməsi sayəsində mümkün olmuşdur. Təbii ki, qaza­nılan nailiyyətlərdə ölkə rəhbərinin güclü, prinsipial siyasi iradəsinin, vaxtında düzgün qərarlar qəbul etməsinin, xalqımızın da möhtərəm Prezidentimizin strateji kursunun dəstəkləməsində ona olan inamının böyük rolu olmuşdur.

Ölkəmizdə köklü iqtisadi islahatlar, bölgələrdə infrastruktur layihələri icra edilmişdir. İnfrastruk­tur layihələri həm ölkəmizin ümumi inkişafına böyük təkan vermiş, həm də bizim nəhəng transmilli infrastruk­tur layihələrimiz Avrasiyanın enerji və nəqliyyat xəritəsini dəyişmişdir. Bütün sahələrdə böyük uğurlara imza atılmışdır. Azərbaycanın beynəlxalq nüfuzu artmış, ölkəmizdə aparılan siyasi-iqtisadi islahatlar dünya birliyi tərəfindən yüksək qiymətləndirilir. Bütün beynəlxalq mötəbər qurumların reytinqlərində Azərbaycan qabaqcıl yerlərdədir. Ölkəmizdə təhlükəsizlik, sabitlik təmin edilir.

Hazırda meliorasiya və su təsərrüfatı sistemi də ölkə iqtisadiyya­tının mühüm və ayrılmaz bir parçası olaraq, qazanılmış nailiyyətlərdə öz payı olan sahəyə, eyni zamanda başlanılmış genişmiqyaslı islahatların ünvanına çevrilmişdir.

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən meliorasiya və irriqasiya sistemlərinin normal istismarının təşkili, tələb olunan həcmlərdə təmir-bərpa işlərinin görülməsi, suvarılan torpaqların su təminatının və melio­rativ vəziyyətinin yaxşılaşdırılması, sel və daşqın sularına qarşı mübarizə işlərinin davam etdirilməsi və digər sahələrdə müvafiq tədbirlər həyata keçirilmişdir.

Belə ki, bütün maliyyə mənbələri hesabına 2004-2019-cu illərdə 4,4 min kilometr uzunluğunda suvarma kanallarının, 3,0 min km uzunluğunda kollektor-drenaj şəbəkələrinin tikin­tisi, yenidən qurulması və bərpası, 443 min hektar sahədə torpaqların su təminatının və 286 min hektar sahədə meliorativ vəziyyətinin yaxşılaşdı­rılması işləri yerinə yetirilmiş, 194 min hektar yeni suvarılan torpaq sahələri əkin dövriyyəsinə daxil edilmişdir. Mövcud torpaq mühafizə bəndlərinin 800 km-dən artıq hissəsi əsaslı surətdə hündürləndirilmiş və möhkəmləndirilmiş, çaylarda sel və daşqınlara qarşı 190 km məsafədə mühafizə tədbirləri həyata keçirilmiş, əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün 2618 ədəd subartezi­an quyusu qazılaraq istifadəyə veril­mişdir. Ümumi sutututmu 456 milyon kubmetr olan 4 su anbarı (Taxtakör­pü, Şəmkirçay, Tovuzçay, Göytəpə) tikilmiş, eləcə də ümumi sutututmu 15,5 milyon kubmetr olan 3 su anbarı isə (Pirsaatçay, Zoğalavaçay, Ləvain) təmir-bərpa edilmişdir.

“Samur–Abşeron suvarma sisteminin yenidən qurulması” layihəsinə daxil olan Xanarx kanalı­nın tikintisi 2006-cı ildə, Samur çayı üzərində yerləşən Baş Suqəbuledici qurğunun bərpası, Samur çayı yaxınlığında Baş su durulducunun tikintisi, Samur–Abşeron kanalı­nın ilk 50 km-lik hissəsinin və bu hissədə yerləşən uzunluğu 185,7 km olan təsərrüfatlararası kanalların yenidənqurulması işləri 2007-ci ildə başa çatdırılmışdır. Respublikanın 500 min hektar suvarılan sahələrindən duzlu qrunt sularının Xəzər dənizinə axıdılmasını təmin edən Baş Mil–Mu­ğan kollektorunun 3-cü hissəsinin tikintisi 2006-cı ildə başa çatdırı­laraq Mil–Qarabağ kollektoru ilə birləşdirilmişdir.

Samur–Abşeron kanalının 50-ci km-dən suyun Taxtakörpü su anbarına verilməsi məqsədi ilə 2008-ci ildə tikintisinə başlanılmış uzunluğu 32 km olan Vəlvələçay–Taxtakörpü kanalının, ümumi sututumu 268,4 milyon kubmetr olan Taxtakörpü su anbarının (ümumi gücü 25 MVt olan Su Elektrik Stansiyası ilə birlikdə) və uzunluğu 108 km-ə yaxın olan Taxta­körpü–Ceyranbatan kanalının tikintisi işləri 2013-cü ildə başa çatdırılmışdır.

15 noyabr 2014-cü ildə Prezident İlham Əliyev cənablarının iştirakı ilə açılış mərasimi keçirilmiş Şəmkirçay su anbarı zonasında 2015-ci ildə əkin sahələrini suvarma suyu ilə təmin edəcək 60,5 km uzunluğunda ma­gistral kanalların tikintisi işləri başa çatdırılmışdır.

Keçmiş Sovetlər Birliyi dövründən tikintisi yarımçıq qalmış Tovuz və Şəmkir rayonlarının 20000 hektara yaxın əkin sahələrinin su təminatının yaxşılaşdırılmasına və yeni suvarılacaq torpaqların istifadəyə verilməsinə imkan yaradan və ümumi sututumu 20 milyon kbm olan Tovuz­çay su anbarının inşası 2016-cı ildə başa çatdırılmışdır.

Azərbaycan Respublikası Prezi­dentinin ölkədə taxılçılığın, pambıq­çılığın, tütünçülüyün, baramaçılığın və digər sahələrin inkişafı, eləcə də aqroparkların və iri təsərrüfatların ya­radılması ilə əlaqədar verdiyi tapşırıq­ların icrası olaraq Səhmdar Cəmiyyəti meliorasiya və irriqasiya sistemlərinin normal istismarının təşkili, suvarılan torpaqların su təminatının və melio­rativ vəziyyətinin yaxşılaşdırılması, sahələrin genişləndirilməsi, sel və daşqın sularına qarşı mübarizə və digər istiqamətlərdə əvvəlki illərdə ol­duğu kimi, 2019-cu ildə də öz uğurlu fəaliyyətini davam etdirmişdir.

Dünya Bankının krediti və Azərbaycan tərəfinin payı hesabına həyata keçirilən «Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri üzrə İkin­ci Layihə” çərçivəsində respublikanın 2 rayonunda (Şabran və Siyəzən) içməli su təchizatı və kanalizasiya sistemləri infrastrukturunun bərpası və tikintisi işləri davam etdirilmiş­dir. Layihə çərçivəsində Şabran rayonunda təmizləmə gücü gündə 10000 kbm və Siyəzən rayonunda təmizləmə gücü gündə 8700 kbm olan çirkab su təmizləmə qurğularında bütün mexaniki və elektromexaniki avadanlıqlar quraşdırılmış və hər iki qurğuda tikinti işləri tamamlanmışdır. Layihə ü zrə tikinti işləri tam başa çatdırılmış və hal-hazırda obyektlərin “Azərsu” ASC-yə təhvil verilməsi üçün sənədləşdirmə işləri yekunlaş­maq üzrədir.

Azərbaycan Respublikası Pre­zidentinin müvafiq sərəncamları ilə dövlət büdcəsindən dövlət əsaslı vəsait qoyuluşu üçün ayrılmış vəsaitlər hesabına “Samur–Abşeron suvarma sisteminin yenidən qurul­ması” layihəsinə daxil olan «Şabran, Siyəzən və Xızı rayonları ərazisində mövcud suvarılan torpaqların su təminatının yaxşılaşdırılması və yeni suvarılan torpaqların istifadəyə verilməsi” layihəsi üzrə Şabran rayonu ərazisində «Şabran Aqro­park” MMC-yə məxsus 1738 ha yeni suvarılan torpaq sahəsinə əlavə su verilməsi üçün 9,060 km (diametri 900-700 mm) uzunluğunda boru kəmərinin çəkilməsi üzrə işlər yerinə yetirilmişdir.

İri taxılçılıq, pambıqçılıq və digər təsərrüfatların yaradılması məqsədi ilə Goranboy rayonunun 11682 ha (ondan 6661 ha yeni suvarılacaq torpaqlardır) torpaq sahəsinə suvar­ma suyunun verilməsi üçün tikin­tisi nəzərdə tutulan Şəmkir maşın kanalının 2-ci növbəsinin son 8,5 km-lik hissəsində tikinti işləri və 21 km uzunluğunda kanalın 3-cü növbəsinin layihə-smeta sənədlərinin hazırlanması başa çatdırılmışdır. Sa­mux və Goranboy rayonlarının 8958 ha (ondan 980 ha yeni suvarılacaq torpaqlardır) torpaq sahəsinə suvarma suyunun paylanması üçün Şəmkir ma­şın kanalının II növbəsinin zonasında təsərrüfatlararası paylayıcı kanal­ların 49 km hissəsində tikinti işləri tamamlanmışdır. Şəmkir rayonunun 1450 ha (ondan 150 ha yeni suvarı­lacaq torpaqlardır) torpaq sahəsinə suyun verilməsi üçün Şəmkirçay təsərrüfatlararası paylayıcı kanalla­rın tikintisi üzrə 4,24 km paylayıcı boru kəmərləri çəkilmişdir. Şəmkir maşın kanalının nasos stansiyasının suvermə qabiliyyətinin artırılması və onun I növbəsinin təmir-bərpası üzrə layihə-smeta sənədləri hazırlanmış, nasos aqreqatlarının quraşdırılması üzrə hidromexaniki və elektrik ava­danlıqları alınmış, svay işləri yerinə yetirilmiş və 1,35 km uzunluğunda kompozit boruların tikintisi üzrə işlər yerinə yetrilmişdir. Eyni zamanda Sabirabad rayonunun 5000 ha qış otlaq sahəsinə suvarma suyunun verilməsi və torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması üçün 30,79 km paylayıcı kanalların, 3,27 km sutullayıcı kanalın, 52,86 km uzunluğunda açıq və 43,87 km qapalı suyığıcıların və drenaj nasos stansi­yasının tikintisi aparılmış, eləcə də Salyan rayonunda yerləşən 12589 hektar qış otlaq sahələrində torpaqla­rın meliorativ vəziyyətinin yaxşılaş­dırılması üçün layihə-smeta sənədləri hazırlanmışdır. Xəzər və Pirallahı rayonları ərazisində 1419 hektar yeni torpaq sahələrində salınacaq zeytun və badam bağlarına suvarma suyunun çatdırılması üçün II mərhələ üzrə 50, 35, 20 və 10 min kbm-lik su hovuz­ları, 11,19 km magistral təzyiqli və 8,33 km basqılı boru kəməri çəkilmiş, 2 ədəd suqəbuledici hovuz, 1 ədəd 3 aqreqatlı nasos stansiyası tikilib başa çatdırılmış, eləcə də III mərhələ üzrə 1350,43 ha yeni salınmış zeytun və badam bağlarının suvarma suyu ilə təmin olunması üçün layihə-smeta sənədləri hazırlammışdır.

Ağcabədi rayonunun 3783 hektar yeni suvarılacaq torpaq sahəsinə suvarma suyunun çatdırılması üçün tikintisi nəzərdə tutulan Yuxarı Mil kanalının 1,988 km hissəsi tikilmiş, uzunluğu 2,25 km olan sutullayıcı kanalın və Xanqızı kanalına keçid suburaxıcı qurğusunun tikintisi üzrə işlər görülmüşdür. Arazın yeni qol kanalının sağ sahilində yerləşən I-ci mərhələ üzrə 7250 ha və sol sahilində yerləşən II-ci mərhələ üzrə 13000 ha yeni suvarılacaq torpaq sahələrinə suvarma suyunun verilməsi, 4000 ha torpaq sahəsinin meliorativ vəziyyətinin yaxşılaşdırılması üçün 77,7 km uzunluğunda payla­yıcı kanalların qurğularla birlikdə tikintisi aparılmış, eləcə də I mərhələ ərazisində qrunt sularının aşağı salın­ması tədbirləri üzrə 64,0 km uzun­luğunda suyığıcı drenlərin tikintisi üzrə işlər yerinə yetrilmişdir. Qazax rayonunun İkinci Şıxlı kəndinin 400 hektar əkin sahəsinin su təminatının yaxşılaşdırılması layihəsi üzrə 3,30 km paylayıcı kanalların və 24,5 km uzunluğunda paylayıcı suvarma boru kəmərinin tikintisi üzrə işlər yerinə yetirilmişdir.

Bərdə rayonunun Məmmədli kəndinin 1000 ha (ondan 250 ha yeni suvarılan torpaqlardır) əkin sahəsini su ilə təmin etmək üçün Kür çayında 2 aqreqatlı üzən nasos stansiyasının və 5,2 km uzunluğuda magistral təzyiqli boru kəmərinin, Ağcabədi rayonunun Şənlik təsərrüfatının 11500 ha torpaq sahəsinin meliorativ vəziyyətinin yaxşılaşdırılması üçün drenaj nasos stansiyasının, 9,9 km uzunluğunda kollektor-drenaj şəbəkəsinin və 10 kv-luq EHX-nin, Balakən rayonunun Şərif, Yeni Şərif, Qaysa və Meşəşambul kəndlərinin 1000 ha əkin sahəsini suvarma suyu ilə təmin etmək üçün Mazımçay çayında sugötürücü qurğunun və 5,325 km magistral kanalın, Zərdab rayonunun Əlvənd və Otmanoba kəndlərinin 720 ha əkin sahəsini su ilə təmin etmək üçün 1,95 km şüşə lifli kompozit nov kanalın, 1 ədəd basqılı hovuzun tikintisi üzrə işlər görülmüş və 2,17 km kanal boyu istismar yolu çəkilmişdir.

Şəki rayonunun 3020 ha əkin sahəsinin və yaşayış məntəqələrinin su təminatının yaxşılaşdırılması üçün sututumu 1,23 mln.kbm olan su anbarının qurğularla birlikdə yenidənqurulması, Yevlax rayo­nunun Yuxarı Qarxun və Aşağı Qarxun kəndlərinə məxsus 700 ha torpaq sahəsini su ilə təmin etmək üçün 22 km uzunluğunda mövcud R-2a kanalının 7,8 km-lik hissəsinin yenidən qurulması üçün layihə sənədləri hazırlanmış və tikinti işləri aparılmışdır. Masallı rayonunun 3230 ha əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədi ilə 37 ədəd kiçik sututarın 13 ədədində zəruri təmir-bərpa işləri ilə əlaqədar onların bəndlərinin möhkəmləndirilməsi üçün torpaq işləri görülmüş, suburaxıcı və qəza sutullayıcı qurğular tikilmişdir.

Biləsuvar rayonunda «Azərsun- Holdinq” şirkətinə məxsus 810 ha torpaq sahəsinin meliorativ vəziyyətinin yaxşılaşdırılması üçün 28,14 km uzunluğunda kollektor-dre­naj şəbəkəsinin, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin 17 ha yeni həyətyanı sahələrinin su təminatı üçün 510 pm magistral və 4,37 km paylayıcı boru kəmərlərinin, Abşeron yarımada­sında kənd təsərrüfatına yararlı 4000 ha əkin sahəsinin su təminatının yax­şılaşdırılması üçün Abşeron magistral kanalının 12 km-lik hissəsi yenidən qurulmuş, 2 avtomobil və 30 piyada körpüsü tikilmiş, Mehdiabad və Nov­xanı qəsəbələrinin 590 ha (ondan 210 ha yeni suvarılan torpaqlardır) sahədə salınacaq zeytun və badam ağacla­rının suvarılması üçün 12471 pm uzunluğunda təzyiqli boru xəttinin və 4 aqreqatlı Novxanı nasos stansiyası­nın tikintisi tamamlanmışdır.

Şəki və Oğuz rayonları ərazisində yaradılacaq Aqroparkın 12300 hektar yeni suvarılacaq torpaq sahəsində salınacaq qoz-fındıq ağacı bağları­nın suvarma suyu ilə təmin edilməsi üçün Oğuz rayonu üzrə 2500 kbm həcmində su hovuzunun tikintisi tamamlanmış, 3,2 km uzunluğun­da təzyiqli boru kəməri çəkilmiş, Şəki rayonu üzrə baş suqəbuledici qurğunun, 5,0 km magistral basqılı boru kəmərinin, 1,24 km təzyiqli boru kəmərinin tikintisi üzrə işlər tamamlanmışdır. Xaçmaz rayo­nunda Aqroparkın 956 ha torpaq sahələrinin suvarma suyu ilə təmin edilməsi ilə bağlı 10,39 km uzunlu­ğunda kanalların qurğularla birlikdə yenidənqurulması və 2 ədəd 50 min kbm həcmində su hovuzunun tikintisi üzrə işlər aparılmışdır.

Ağcabədi rayonunda yaradılan aqroparkın 850 ha yeni suvarılan torpaq sahəsinə suvarma suyunun verilməsi üçün Yuxarı Qarabağ kanalı üzərində nasos stansiyasının və 2,0 km uzunluğunda basqılı boru kəmərinin, Goranboy rayonunun Erkəc kəndi ərazisində yaradılacaq aqroparkın 400 ha yeni suvarılan sahəsinin suvarma suyu ilə təmin edilməsi üçün Kürəkçay çayı üzərində sugötürən qurğunun, nasos stansiyasının, 1,88 km uzunluğunda basqılı boru kəmərinin, 5000 kbm həcmində basqılı hovuzun və 10 kv-luq EHX-nin tikintisi üzrə işlər görülmüşdür. Tovuz rayonunun Düz Qırıqlı kəndində yaradılan aqropar­kın 550 ha əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi üçün Kür çayı üzərində nasos stansiyasının, basqılı boru kəmərinin və Valley tipli yağışyağdırıcı qurğularının qurul­ması üzrə layihə-smeta sənədləri hazırlanaraq tikinti işlərinə başlanıl­mışdır. Eləcə də, Qobustan rayonu­nun Qaracüzlü kəndi yaxınlığında yaradılmış aqroparka məxsus 998 ha torpaq sahəsinin suvarma suyu ilə itəmin eldilməsi üçün Qozluçay çayı üzərində suqəbuledici qurğu­nun və 11 km uzunluğunda qapalı boru kəmərinin qurğularla birlikdə tikintisi üzrə layihə-smeta sənədləri hazırlanmışdır.

Ağsu rayonunun 1000 ha torpaq sahəsinin su təminatının yaxşılaşdı­rılması üçün Ağsuçayda suqəbuledici qurğunun və 12 km uzunluğunda Qazanarx kanalının, Yevlax və Goranboy rayonları ərazisində 3120 ha əkin sahəsi olan təsərrüfatın suvarma suyu ilə təmin edilməsi üçün Yuxarı Qarabağ kanalı üzərində nasos stansiyasıının, 16 km uzunlu­ğunda basqılı boru kəmərinin və 75 min kbm həcmində su hovuzunun, Ağcabədi rayonu ərazisində 2500 ha əkin sahəsi olan təsərrüfatın suvarma suyu ilə təmin edilməsi üçün Yuxarı Mil kanalından qidalanan 100 min kbm həcmində su hovuzunun, 476 pm suötürən və 452 pm sutullayıcı kanalın, Füzuli rayonu ərazisində 1200 ha əkin sahəsi olan təsərrüfatın suvarma suyu ilə təmin edilməsi üçün Yuxarı Mil kanalında nasos stansiya­sının, 3 km uzunluğunda basqılı boru kəmərinin, 50 min kbm həcmində su hovuzunun və Ağstafa rayonunun Köçəsgər kəndi yaxınlığında yerləşən hərbi hissənin ərazisində 36 ha torpaq sahəsində qrunt sularının səviyyəsinin aşağı salınması üçün 1680 pm qapalı drenin və 1180 pm açıq suyığıcı kol­lektorun tikintisi üzrə layihə sənədləri hazırlanaraq tikinti işləri həyata keçirilmişdir.

Ələt-Astara magistral avtomobil yolunun Salyan, Neftçala, Biləsuvar və Cəlilabad rayonlarından keçən hissələrində yerləşən 10000 ha-a yaxın qış otlaq və 8000 ha-a yaxın bataqlaşmış ərazilərdə meliorativ tədbirlərin aparılması, Biləsuvar rayonunda 1090 ha, Saatlı rayonunda 20000 ha, Ağstafa rayonunda 965 ha, Biləsuvar rayonunda 250 ha, Qusar rayonunda 380 ha, Kürdəmir rayonunda 2600 ha, Bərdə rayonun­da 3500 ha torpaq sahələrinin su təminatı tədbirlərinin layihə-smeta sənədlərinin hazırlanması işləri yerinə yetirilmişdir. Eyni zamanda, Şamaxı rayonunun 2500 ha əkin sahəsinin su təminatının yaxşılaşdı­rılması üçün 8 kiçik sututarda zəruri təmir-bərpa işlərinin aparılması məqsədi ilə layihə sənədləri hazırlan­mış və 1 ədəd sututarda tikinti işləri aparılmışdır.

Azərbaycan Respublikası Prezidentinin 12 fevral 2019-cu il tarixli 952 nömrəli Sərəncamı ilə respublikanın 41 şəhər və rayonu­nun 254 yaşayış məntəqəsində 8362 ha (ondan 871 ha yeni suvarılan torpaqlardır) əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün 300 ədəd subartezian quyusunun qazılması üçün layihə-smeta sənədləri hazırlanmış və qazma işləri tamamlanmışdır. Azərbaycan Respublikası Prezidentinin müvafq Sərəncamı ilə Ağdam rayonuda 20 yaşayış məntəqəsinin 1050 ha torpaq sahəsinin suvarılması üçün 35 ədəd subartezian quyusunun 14 ədədində qazma işləri 2018-ci ildə, 21 quyuda isə 2019-cu ildə başa çatdırılmışdır. Azərbaycan Respublikası Preziden­tinin 31 iyul 2019-cu il tarixli 1367 nömrəli Sərəncamı ilə Ağcabədi rayonunda 12 ədəd və Goranboy rayonunda 55 ədəd qazılması nəzərdə tutulmuş quyuların layihə sənədləri hazırlanmış, bu rayonların hər birində 12 ədəd subartezian quyularının qazıl­ması başa çatdırılmışdır.

Sel və daşqın təhlükəli çayların zərərli təsirinə qarşı mübarizə və qəza vəziyyətinin aradan qaldırılması tədbirləri üzrə respublikanın Qəbələ, Oğuz, Ağsu, Zaqatala, Balakən, Asta­ra, Lənkəran, Gədəbəy, Qax rayonla­rının ərazisindən keçən ən təhlükəli çaylarda 1798,8 pm uzunluğunda sahilbərkitmə işləri yerinə yetirilmiş­dir. Eləcə də Ağdaş rayonu ərazisində Yuxarı Şirvan kanalının Türyançay çayı ilə kəsişməsindəki dükerin yumaya qarşı mühafizəsi üçün barraj-fiksatorun, Göyçay rayonu ərazisində Göyçay çayında baş suqəbuledici qur­ğunun təmir-bərpası, Göyçay çayının 2122 pm məcrasının nizamlanması və 330 pm mühafizə bəndinin tikintisi üzrə işlər tamamlanmışdır.

2019-cu ilin mürəkkəb təbii-iqlim şəraitinə baxmayaraq, öz daxili imkanlarını səfərbər edərək cəmiyyət üzərinə düşən vəzifələri yerinə yetir­miş, suvarılan torpaqlarda şorlaşma­nın, qrunt sularının səviyyəsinin və minerallaşma dərəcəsinin dəyişməsi üzərində nəzarət işləri aparmış, suvarılan torpaqların meliorativ vəziyyətini qiymətləndirmiş, meli­orativ tədbirlər tələb edən torpaqlar müəyyənləşdirmiş, onların yaxşılaş­dırılması üzrə tədbirlər hazırlamış və ayrılan vəsait daxilində balan­sında olan irriqasiya və meliorasiya sistemlərinin, hidrotexniki qurğuların istismarını təmin etmiş, müvafiq təmir-bərpa işlərini həyata keçirmişdir.

Kür, Araz və onlara qovuşan dağ çayları boyunca salınmış torpaq mühafizə bəndlərinin 159,2 km-lik hissəsində möhkəmləndirmə işləri görülmüş və 33231,0 kbm həcmində daş və beton məmulatları ilə sahilbərkitmə işləri yerinə yetiril­mişdir.

Suvarma sistemlərində və kollek­tor-drenaj şəbəkələrində 70,0 mln.kbm həcmində lildən təmizləmə işləri aparılmış, 17500 km suvarma, 3350 km kollektor-dre­naj sistemləri təmizlənmiş, 41,1 km suvarma və 30,6 km kollektor-drenaj şəbəkələri, 5847 hidrotexniki qurğu, 5676 subartezian quyusu, 315 nasos stansiyası təmir edilmişdir.

Çay məcralarında 19,9 mln. kbm həcmində məcratəmizləmə işləri aparılmış, 7,4 min kbm şax-daş və faşın, 3,3 min kbm qabion bəndlər quraşdırılmış və daş-beton bəndlərdə 32,7 min kbm həcmində təmir işləri yerinə yetirilmişdir.

Əkin sahələrinin su təminatının və meliorativ vəziyyətinin daha da yaxşılaşdırılması məqsədi ilə cəmiyyət tərəfindən respublika üzrə sudan istifadə planı, maqistral kanal­lar üzrə su limitləri, respublikanin çayları üzrə suvarma dövründə rayonlararası su bölgüsü cədvəlləri hazırlanaraq təsdiq edilmişdir. Bütün istismar təşkilatlarında gecə-gündüz növbətçilik yaradıl­mış, vegetasiya suvarmalarının mütəşəkkil həyata keçirilməsi, sudan səmərəli və qənaətlə istifadənin təmin edilməsi və su limitlərinə nəzarətin gücləndirilməsi məqsədi ilə Cəmiyyətin mütəxəssisləri ayrı-ayrı obyektlərə təhkim edilmiş, çayların gursululuq dövründə su anbarlarının doldurulması və yarana biləcək sel və daşqın sularının maneəsiz axıdılması üçün təxirəsalınmaz tədbirlər həyata keçirilmişdir. Vegetasiya suvarması dövrünün əvvəlinə əsas su anbarla­rında 14,5 mlrd. kbm. həcmində su toplanmışdır.

Cari ildə 1415 min hektar sahədə kənd təsərrüfatı bitkilərinin suvarılması nəzərdə tutulmuşdur. 25.05.2020-ci il tarixə taxıl bitkiləri 522 min hektar sahədə 1,9 dəfə suvarılmış, 69 min hektar sahədə pambıq bitkisinin arat suvarılması aparılmışdır. Hazırda kənd təsərrüfatı bitkilərinin suvarılması davam etdi­rilir.

2020 -ci ildə səhmdar cəmiyyəti meliorasiya və su təsərrüfatı obyektlərinin tikintisi, yenidənqurulması işlərinin davam etdirilməsi üzrə təkliflərini aidiyyəti qurumlara təqdim etmişdir.

Respublikanın 39 şəhər və ra­yonunun 338 yaşayış məntəqəsində 10712 hektar əkin sahəsinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, yeni suvarılacaq torpaqların suvarma suyu­na, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi üçun cari ildə qazılması nəzərdə tutulmuş 443 ədəd subartezian quyusunun layihə-smeta sənədləri hazırlanmış və 45 ədəd subartezian quyusunda qazma işləri başa çatdırılmışdır.

Şəmkir su anbarı zonasında tikintisi başa çatmış Şəmkir–Samux–Goranboy magistral kanalının 2-ci növbəsinin zonasında 4000 hektar və su anbarın­dan su götürən magistral kanallardan 2000 hektar sahəyə suvarma suyunun səmərəli paylanılması və su itkilərinin qarşısının alınması məqsədilə beton üzlüklü və boru kəməri ilə payla­yıcı kanalların tikintiləri davam etdiriləcəkdir.

Sabirabad rayonunda qış otlaq sahələrində meliorativ tədbirlər və Araz çayının Yeni qol kanalı zona­sında kollektor-drenaj şəbəkəsinin və paylayıcı kanalların tikintisi işlərini davam etdirməklə Sabirabad və Biləsuvar rayonlarının 10950 hektar torpaq sahəsinin meliorativ vəziyyəti yaxşılaşdırılacaq, Saatlı və İmişli rayonlarının torpaq sahələrinə Araz çayının yeni qolundan suyun verilməsi üçün 21 min hektar sahədə paylayıcı kanallar və 10 min hektara yaxın sahədə suyığıcı kollektorların tikintisinin başa çatdırılması nəzərdə tutulur.

Uzunluğu 73 km olan Abşe­ron magistral kanalının suburaxma qabiliyyətinin artırılması məqsədilə onun qalan son 11 km-lik hissəsinin yenidənqurulması ilə bu ərazilərdə zeytun, badam və digər kənd təsərrüfatı bitkilərinin becərilməsi üçün yeni yaradılmış istixanaların, aqroparklara və iri təsərrüfatlara məxsus torpaq sahələrinin suvarma suyu ilə təmin edilməsinə və mövcud əkin sahələrinin su təminatının yaxşı­laşdırılmasına imkan yaranacaqdır.

Taxtakörpü su anbarı zonasında Şabran rayonunun suvarılan torpaq sahələrinin əsas su mənbəyi olan Vəlvələçay-Taxtakörpü kanalından sugötürücü qurğunun tikintisi və sudurulducu tutarın yaradılması, həmçinin suyun suvarma sahələrinə çatdırılması üçün iki ədəd magistral boru xəttinin tikintisi işləri davam etdiriləcəkdir.

Ölkənin kənd təsərrüfatının inkişa­fında xüsusi rol oynayan Aqroparklara məxsus torpaq sahələrinin suvarma suyu ilə təmin edilməsi işləri davam etdiriləcəkdir. Belə ki, 2019-cu ildə ti­kinti işlərinə başlanılmış “Azərşəkər” MMC-yə məxsus Yevlax və Goran­boy rayonlarında 2960 hektar və Ağcabədi rayonunda 2500 hektar torpaq sahələrinin suvarma suyu ilə təmin edilməsi işləri başa çatdırıla­caqdır.

Ağsu, Biləsuvar, Qazax, Ağstafa rayonlarında 4000 hektara yaxın tor­paq sahəsinin su təminatının yaxşılaş­dırılması üçün suvarma kanallarının tikintisi işləri aparılacaqdır. Masallı rayonunda 24 və Şamaxı rayonun­da 7 sututarda zəruru təmir işlərini başa çatdırmaqla 4500 hektar əkin sahələrinin su təminatının yaxşılaşdı­rılması nəzərdə tutulur.

Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə suvarma suyundan səmərəli istifadə edilməsi və su itkilərinin qarşısının alınması məqsədilə mövcud torpaq məcralı ka­nalların modernləşdirilməsi məqsədilə onların yenidən qurulmasının layihə sənədlərinin hazırlanması və tikinti işlərinin yerinə yetirilməsi nəzərdə tutulur.

Möhtərəm Prezident İlham Əliyev cənablarının müvafiq fərman və sərəncamları ilə respublikamızda pambıqçılığın, taxılçılığın, barama­çılığın, tütünçülüyün, üzümçülüyün, sitrus meyvələrinin və digər kənd təsərrüfatı məhsulları istehsalının inkişaf etdirilməsi ilə əlaqədar təsdiq edilmiş dövlət proqramları və tədbirlər planlarında, regionla­rın sosial-iqtisadi inkişafı Dövlət Proqramında, Azərbaycan Respubli­kasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsində meliorasiya və su təsərrüfatı sahəsi üzrə geniş tədbirlər nəzərdə tutulmuşdur.

Bu tədbirlərin həyata keçirilməsi ilə suvarılan torpaqların su təminatının və meliorativ vəziyyətinin yaxşılaşdırılmasına, yeni suvarılan torpaqların istifadəyə verilməsi nəticəsində ölkə əhalisinin daxili istehsal hesabına çörək və ərzaq məhsulları ilə etibarlı təminatına, ya­şayış məntəqələrinin, əkin sahələrinin, hidrotexniki qurğuların və digər infrastruktur obyektlərin sel və daşqın sularının zərərli təsirlərindən mühafizəsinə, çayların su ehtiyatları­nın nizamlanması hesabına onlardan daha səmərəli istifadə edilməsinə geniş imkanlar yaranacaqdır.

ƏHMƏD ƏHMƏDZADƏ,
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri

4 2020 02:17 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə