Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanın atdığı addımlar Asiya İnkişaf Bankı tərəfindən də tam dəstəklənir

Azərbaycan dünyanın əksər ölkələri, eləcə də beynəlxalq təşkilatlar və iqtisadi qururmlarla sıx əlaqələr qurub. İstər Avropa, istərsə də Asiya ölkələri və təşkilatları ilə münasibətlərin yüksək səmimiyyət və qar­şılıqlı faydalı əməkdaşlıq şəraitində inkişaf etdirilməsində Azərbaycan Prezidenti İlham Əliyevin xidmətləri xüsusilə böyükdür. Bunu son zamanlar pandemiya dövründə Azərbaycan liderinin keçirdiyi videoformatlı görüşlər də təsdiq edir. Azərbaycan Prezidentinin təşəbbüsü ilə artıq Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və Qoşul­mama Hərəkatı çərçivəsində pandemiyaya qarşı səylərin əlaqələndirilməsi istiqamətində mühüm görüşlər baş tutub.

Dövlət başçısı başqa iqtisadi qurumların rəhbərləri ilə də belə görüşlər keçirərək Azərbaycanın beynəlxalq əməkdaşlığı üçün yeni perspektivlər açılmasını təmin edir. İyunun 1-də Asiya İnkişaf Bankının təşəbbüsü ilə Prezident İlham Əliyevlə bankın prezidenti Masatsuqu Asakava, vitse-prezidenti Şiksin Çen və bankın rəhbərliyinin digər nümayəndələri arasında baş tut­muş videokonfrans da, şübhəsiz, bu məqsədlərə xidmət edir.

Azərbaycan Prezidenti ölkəmizin Asiya İnkişaf Bankı ilə bir sıra mühüm layihələr üzərində işlədiyini bildirdi. Onun sözlərinə görə, bankın Azərbaycana ayırdığı kredit və zəmanətlərin ümumi məbləği 3 milyard ABŞ dollarından çox­dur. Bu vəsait bizə infrastruktura investisiya yatırmağa kömək edib: “Biz elektrik enerjisinin istehsalı, dəmir yolu tikintisi, yol tikintisi, su və kanalizasiya ilə bağlı çoxsaylı infrastruk­tur layihələrini dəstəklədiyinə görə Asiya İnkişaf Bankına çox minnətdarıq. Əlbəttə ki, biz Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsinə sadiqliyinizə və dəstəyinizə, maliyyə dəstəyinizə görə sizə çox minnətdarıq”.

Dövlət başçısı bankla yeni layihələr üzərində iş getdiyini, qarşıdakı illərdə əməkdaşlığın davam edəcəyini də bildirdi.

Masatsuqu Asakava isə qeyd etdi ki, Asiya İnkişaf Bankı COVID-19 pandemiyasının yayıldığı və neftin qiymətinin kəskin aşağı düşdüyü bir vaxtda Azərbaycanın atdığı addımları tam dəstəkləyir. Onun fikrincə, Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatına COVID- 19-la mübarizə məqsədilə ümumilikdə 10 milyon ABŞ dolları, o cümlədən bu sahədə ehtiyacı olan Qoşulmama Hərəkatına üzv dövlətlərə 5 milyon ABŞ dolları həcmində ianə ayırması təqdirəlayiq haldır. Azərbaycan həm də Çinə, Pakistan, Qırğızıstan, Tacikis­tan və Özbəkistana da yardım göstərib. Ölkədə pandemiya əleyhinə görülmüş qabaqlayıcı tədbirlər isə ölüm hallarının aşağı səviyyədə olmasını təmin edib: “Asiya İnkişaf Bankı Azərbaycanda geniş iqtisadi yardım paketinin qısa müddətdə qəbul edilməsini, pandemiyanın yayılmasının qarşısının alınması üçün səhiyyə sahəsində addım­ların atılmasını, sosial tədbirləri və biznesin dəstəklənməsini alqışlayır”.

Bu görüş də göstərdi ki, Azərbaycan Prezidentinin pandemiya dövründə atdığı bütün addımlar, həyata keçir­diyi qabaqlayıcı tədbirlər, icra olunan geniş sosial proqramlar təkcə ölkə daxilində deyil, bütün dünyada geniş rezonans doğurub. Asiya İnkişaf Bankının da Azərbaycan kimi etibarlı bir tərəfdaşla gələcəkdə əməkdaşlığı dərinləşdirmək niyyətini bəyan etməsi dövlət başçımızın həyata keçirdiyi siyasətin dünya­da dəstəkləndiyini bir daha təsdiqləyir.

Teymur ZEYNALOV, iqtisad elmləri üzrə fəlsəfə doktoru, dosent

4 2020 02:13 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə