Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ermənistanın ilhaqçı siyasətinə son verməsi və işğalçı qüvvələrini Azərbaycan ərazilərindən çıxarması bir zərurətdir

Ermənistanın ilhaqçı siyasətinə son verməsi və işğalçı qüvvələrini Azərbaycan ərazilərindən çıxar­ması bir zərurətdir. Bunu Azərbaycan Xarici işlər Nazirli­yinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Trend-in suallarını cavablandırarkən deyib.

– Son zamanlar beynəlxalq ictimaiyyət, xüsusilə də beynəlxalq münasibətlərin mü­hüm aktorları tərəfindən dünya düzəni, bu xüsusda, beynəlxalq hüququn sərhədlərin toxu­nulmazlığı, suverenlik və ərazi bütövlüyü prinsiplərinə dəstəyi ən yüksək platforma­lardan vurğulanır. Misal üçün, Avropa İttifaqının vitse-prezi­dentinin bu yaxınlarda BMT Təhlükəsizlik Şurasının icla­sında çıxışını göstərmək olar. Buna münasibətinizi, konkret olaraq Azərbaycanla bağlı bunun nə cür şərh edildiyini öyrənmək istərdik.

– Müasir dünyada baş verən hadisələr, o cümlədən qlobal pandemiya təhdidi, dövlətlərin beynəlxalq qaydalara əsaslanan, beynəlxalq hüququn norma və prinsiplərinin hörmət olundu­ğu, çoxtərəflilik amilinin ön sıraya çəkildiyi və əlbəttə ki, beynəlxalq əməkdaşlıq ruhunun inkişaf etdiyi bir dünyaya ehti­yac duyulduğunu açıq şəkildə nümayiş etdirir. Xüsusilə də, COVİD-19 böhranı dövlətlərin sərhədlərinin əhəmiyyətini, beynəlxalq tanınmış sərhədləri çərçivəsində hər dövlətin öz əhalisinin təhlükəsizliyini təmin etməsinin zəruriliyini açıq şəkildə göstərdi. Təsadüfi deyil ki, elə sizin də qeyd etdiyiniz misalda Aİ-nin yüksək səviyyəli rəsmisi BMT TŞ kimi ali plat­formada beynəlxalq qaydalara əsaslanan dünya düzənindən danışır və Şərq Tərəfdaşlığı ölkələri ilə münasibətlərinin əsasında suverenlik və ərazi bütövlüyü prinsiplərinin dayandığını qeyd edir. Həm də bu prinsiplərin əks olunduğu ATƏM-in 1975-ci il Helsinki Yekun Aktına istinad edir. Bun­dan qısa müddət öncə Aİ Şurası­nın ŞT üzrə yekun qərarında da eynilə bu prinsiplərə Helsinki Yekun Aktı və Paris Xartiya­sında əks olunduğu kimi istinad edilmiş və onlar Aİ-nin birgə öhdəlikləri sırasında sadalan­mışdır. Konkret olaraq, bu, Azərbaycanın hər zaman bəyan etdiyi dəyişməz mövqeyinin əksidir. Dövlət başçımızın yüksək səviyyəli beynəlxalq platformalardakı çıxışların­da hər zaman səsləndirdiyi mövqeyində birmənalı şəkildə beynəlxalq hüququn norma və prinsiplərinə, xüsusilə də dövlətlərin suverenliyi və ərazi bütövlüyünə dəstəyin əhəmiyyəti vurğulanır. Bu mövqeyi ölkəmiz eynilə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə və ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin vasitəçiliyi ilə aparılan danışıq­lar prosesində də sərgiləyir. Cari vəziyyət bizim üçün nəyi dəyişir sualı ilə maraqlanırsınız, əslində bizim üçün heç nə dəyişmir, mövqeyimiz prinsipial və dəyişilməzdir. Lakin beynəlxalq ictimaiyyətin formalaşmış bu qəti mövqeyi, beynəlxalq hüquqi öhdəlikləri pozan bəzi dövlətlər üçün əlbəttə, bir siqnal olmalıdır.

– Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sərgilədiyimiz mövqeyi qeyd etdiniz. İş­ğal olunmuş ərazilərimizdə Ermənistanın təxribatçı əməlləri, o cümlədən qondar­ma “seçkilər” münaqişənin həlli prosesinə xələl gətirir. Bununla bağlı və ümumiyyətlə münaqişənin həlli üzrə mövcud vəziyyətə dair XİN-in mövqeyi nədən ibarətdir?

– Təcavüzkar Ermənistanın təxribatçı əməlləri ilə bağlı XİN-in mövqeyi hər zaman açıqlanır, bu, istər qeyri-qanu­ni “seçkilər” olsun, istərsə də “andiçmə” adı altında oyuncaq mərasimin təşkili ilə bağlı olsun, eləcə də digər qanun­suz fəaliyyətlərə də aiddir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 28 may tarixində məcburi köçkünlər üçün salınmış “Qobu Park-3” yaşayış komp­leksinin açılışında söylədiyi nitqində aydın şəkildə bəyan etdi ki, dünyanın bütün aparıcı ölkələri də daxil olmaqla, bütün beynəlxalq təşkilatlar ölkəmizin ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir. Ölkəmizin işğal olunmuş Dağlıq Qarabağ bölgəsində keçirilən qondarma “prezident seçkiləri” də bunu bir daha nümayiş etdirdi. Dünyanın aparıcı ölkələri və beynəlxalq təşkilatlar açıq şəkildə bəyan etdilər ki, nə bu “seçkiləri”, nə də onların nəticələrini tanımır­lar, Dağlıq Qarabağ Azərbaycan torpağıdır. Prezidentimiz bu çıxışında Ermənistan– Azərbaycan münaqişəsinin həlli məsələsindən bəhs edərək danışıqlar masasında mərhələli həll üzrə müzakirələrin apa­rıldığını və mərhələli həlldən başqa heç bir həllin mümkün olmadığını vurğuladı. Dövlət başçısı münaqişənin həlli məqsədinin beynəlxalq tanınmış sərhədlərimiz çərçivəsində su­verenliyimizin tam və birdəfəlik təmin edilməsi olduğunu qeyd etdi. Hər zaman bildirmişik ki, münaqişənin həlli üzrə aparılan danışıqların məqsədi, məhz işğalın nəticələrinin aradan qaldırılması, işğal olunmuş ərazilərimizin işğaldan azad olunması və məcburi köçkünlərin öz torpaqlarına geri qayıtmasının, hüquqları­nın bərpa olunmasının təmin edilməsidir. Cənab Prezidentin bəyan etdiyi kimi, heç kim bu məqsədə nail olacağımızdan şübhə etməməlidir.

Münaqişənin həlli ilə bağlı danışıqlar prosesinə gəldikdə isə, ölkəmiz münaqişənin tezliklə həllində ən maraq­lı tərəfdir və münaqişənin danışıqlar yolu ilə mərhələli şəkildə həlli istiqamətində əsaslı və substantiv müzakirələrin aparılması mövqeyindən çıxış edir. Mövcud qlobal pande­miya vəziyyəti münaqişənin həllinə maneə olmamalı, əksinə, bölgədə sülh və təhlükəsizliyin tezliklə təmin olunması istiqamətindəki səyləri daha da sürətləndirməlidir. Çünki münaqişə nə qədər tez həll olunarsa və dövlətlər beynəlxalq hüququn da diktə etdiyi kimi bir-birlərinin beynəlxalq tanınmış sərhədlərinə hörmət edərlərsə, bir o qədər də qısa zamanda müstəqil və firavan bölgəmizin gələcək tərəqqisindən danışa bilərik. Beləliklə də, Ermənistanın il­haqçı siyasətinə son verməsi və işğalçı qüvvələrini Azərbaycan ərazilərindən çıxarması bir zərurətdir. Azərbaycanın dəfələrlə ən yüksək səviyyədə bəyan etdiyi kimi, bu münaqişə ancaq ölkəmizin ərazi bütövlü­yü çərçivəsində öz həllini tapa bilər. Çünki Dağlıq Qarabağ Azərbaycandır!

4 2020 02:10 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə