Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

4 iyun Gəncə hadisələri – səriştəsizliyin və naşılığın aqibəti

1993-cü il 4 İyun hadisələrindən 27 il ötür. Buna baxmayaraq, həmin vaxt ölkəyə rəhbərlik edən AXC-Müsavat cütlüyünün yaratdığı anarxiya, xaos, özbaşınalıq nəticəsində baş vermiş qardaş qırğını hələ də unudulmur. Həmin vaxt Gəncədə Azərbaycan Ordusunun keçmiş korpus komandiri Surət Hüseynovun başçılıq etdiyi hərbi hissələrlə hökumət qüvvələri arasında silahlı toqquş­ma baş vermişdi. AXC-Müsavat iqtidarının göstərişi ilə keç­miş korpus komandiri Surət Hüseynovun nəzarətində olan 709 saylı hərbi hissənin tərksilah edilməsi ilə bağlı həyata keçirilən əməliyyat uğursuz olmuşdu. Məlum hadisə nəticəsində hökumətə tabe olmayan hərbçilərlə hökumət qüvvələri arasındakı toqquşmada, ümumilikdə, 35 nəfər həlak olmuşdu.

“Gəncə hadisələri” kimi tarixə düşən 4 İyun olayı AXC-Müsavat hakimiyyətinin iflası ilə nəticələndi. Bu hadisələrlə əlaqədar müxtəlif fikirlər səslənsə də, Azərbaycanı uçuruma aparan xaosun “müəllifləri” günahı bir-birinin üzərinə atsalar da, tarixi faktlar dəyişmir: ölkəyə vurulan siyasi, iqtisadi, ən əsası isə mənəvi zərbə insanların gələcəyə olan ümidini itirdi, səriştəsizlik Azərbaycanı vətəndaş müharibəsi həddinə çatdırdı.

AXC-Müsavat cütlüyü hakimiyyəti ələ keçirən gündən ölkədə özbaşınalıq hökm sürür­dü. Müxtəlif şəxslərə tabe olan qeyri-qanuni silahlı qruplaşmalar istədiklərini edir, min bir oyun­dan çıxırdılar. Respublikada son dərəcə mürəkkəb ictimai-siyasi şərait mövcud idi. Siyasi ehtiraslar səngimək bilmirdi. Ölkəyə rəhbərlik edənlərin dövlət idarəçiliyindəki naşılığı, üstəlik, xarici himayədarlarının göstərişi ilə hərəkət etmələri vəziyyəti getdikcə gərginləşdirirdi. Hakimiyyət boşluğu, qanunların işləməməsi, torpaqlarımızın xeyli hissəsinin erməni işğalçıları tərəfindən zəbt edilməsi, əhalinin əsas kütləsinin yoxsulluq həddindən aşağı səviyyədə yaşaması, qorxu, xof altında saxlanılması, respublikanın milli sərvətlərinin cinayətkarcasına talanması xalqı getdikcə hiddətləndirirdi. Sosi­al, siyasi və mədəni həyatdakı özbaşınalıqlar, mənəm-mənəmlik, hərc-mərclik insanların səbrini son həddə çatdırmışdı.

Həmin vaxt respublikada vəziyyətin ağırlaşdırıcı faktorların­dan biri də iqtidarın kadr siyasəti idi. Bu siyasət ancaq Azərbaycan Xalq Cəbhəsinin potensialına söykənmişdi. Vəzifəyə təyinetmə zamanı savad, təhsil, dünyagörüşü əsas götürülmürdü. Rəhbərlik, bir qayda olaraq, ancaq Azərbaycan Xalq Cəbhəsinin nümayəndələrini irəli çəkirdi. İqtidar kadrları, əsasən, şəxsi sədaqət, dostbazlıq, yerlibaz­lıq, qohumbazlıq prinsiplərinə görə seçirdi. Kadr sahəsində yeganə meyar olan qabiliyyət, səriştə və səviyyə məsələlərinə baxan yox idi. Azərbaycanın intellektual potensi­alına məhəl qoyulmurdu. Respub­likanın müxtəlif bölgələrində etiraz dalğaları baş qaldırırdı.

Gəncə hadisələri məhz ölkədə son nöqtəyə çatmış böhranın, cəbhə bölgələrində bir-birinin ardınca baş vermiş uğursuzluqla­rın, hakimiyyətdə olanların pozucu fəaliyyətlərinin gücləndiyi və xüsusilə, AXC-Müsavat iqtidarına qarşı ümumxalq inamının heçə endiyi bir dövrdə baş verirdi. Digər tərəfdən, daxildə baş qaldırmış birincilik davası da vəziyyəti getdikcə gərginləşdirirdi.

Hələ 1993-cü ilin fevralında Prezident Əbülfəz Elçibəy Surət Hüseynovun rəhbəlik etdiyi 709 saylı hərbi hissənin ləğvi haq­qında sərəncam vermişdi. Ancaq həmin hissənin faktiki rəhbəri Surət Hüseynov bu sərəncamı icra etməkdən imtina etmişdi. AXC-Müsavat iqtidarı 709 say­lı hərbi hissənin rəhbərliyinin dəyişdirilməsi və onun Ağcabədi rayonuna köçürülməsi haq­qında yeni bir sərəncam verdi. Gəncədə bu sərəncamı da yerinə yetirməkdən imtina etdilər, üstəlik, ora gələn hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri girov götürüldülər. Bundan sonra hakimiyyət 709 saylı hərbi hissənin tərksilah edilməsi ilə bağlı daha bir ciddi səhv qərar qəbul etdi. Bu, artıq ölkədə qardaş qır­ğını demək idi və sonra baş verən hadisələr də bunu təsdiqlədi. 709 saylı hərbi hissənin tərksilah edilməsi ilə bağlı hökumətin həyata keçirdiyi əməliyyat uğur­suzluqla nəticələndi.

Müstəqilliyini yenicə bərpa etmiş Azərbaycan artıq parça­lanma təhlükəsi ilə üz-üzə qal­mışdı. Dövlətçiliyimizin varlığı şübhə altında idi. Başqa sözlə, Azərbaycanın gələcək taleyi naşı adamlara tapşırılmışdı. O dövrdə yaranan təhlükələrdən danışan Prezident İlham Əliyev çıxışlarının birində həmin dövrü xarakterizə edərək demişdi ki, rəhbərlikdə təmsil olunan insan­lar öz şəxsi maraqları haqqında düşünürdülər: “Ölkənin, xalqın ma­raqları onları heç düşündürmürdü. Bunun nəticəsi olaraq, 1993-cü ildə Azərbaycanda vətəndaş müharibəsi başlayanda xalq yenə də öz xilaskarına – ulu öndərə üz tutdu, onu siyasi hakimiyyətə dəvət etdi”.

Təəccüb doğuran faktlar­dan biri də odur ki, həmin vaxt Azərbaycan Xalq Cəbhəsi dövlət sistemində heç bir sta­tusa malik olmadığı halda, bu qurumun rəhhbərliyi həmin əməliyyatın keçirilməsi ilə əlaqədar tədbirlərin hazırlan­masında iştirak etmiş və hərbi əməliyyatın həyata keçirilməsində başqa hərbi hissələrlə birlikdə özünün sərəncamında olan xüsusi batalyonu Gəncə şəhərinə göndərmişdi.

İqtidar tərəfindən Gəncəyə göndərilmiş silahlı qüvvələrin ümumi sayı üç mindən artıq idi. Yuxarıda göstərilən tədbirlər Gəncə şəhərində, respublika­da silahlı qarşıdurma yaratmış, qardaş qanının tökülməsinə səbəb olmuşdur. Təəssüf ki, həmin vaxt ölkəyə rəhbərlik edənlərin heç biri hadisə yerinə getməmişdi. Bunu həmin vaxt Milli Məclisdə yaradıl­mış 1993-cü il iyunun 4-də Gəncə şəhərində baş vermiş hadisələri təhqiq edən deputat-istintaq komissiyası da öz rəyində əks et­dirmişdi. Komissiyanın hazırladığı arayışda qeyd edilirdi ki, 1993-cü ilin 4 iyununda Gəncə şəhərində qardaş qırğını baş verdiyi halda, Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəy, Ali So­vetin Sədri İsa Qəmbər, Baş nazir Pənah Hüseynov, Dövlət katibi Əli Kərimov və respublikanın digər rəhbər vəzifəli şəxsləri hadisə yerində olmamış və vəziyyətin sabitləşdirilməsi üçün heç bir əməli tədbir həyata keçirməmişlər.

Komissiyanın materialla­rı, rəylər və Milli Məclisdəki müzakirələr bir daha təsdiq edir ki, 1993-cü il iyunun 4-də Gəncə şəhərində baş vermiş qanlı hadisələr böyük faciə ilə nəticələnmiş, respublikadakı mövcud siyasi və hərbi vəziyyəti daha da gərginləşdirmiş, vətəndaş müharibəsi həddinə çatdırmışdır. Respublikada hakimiyyət böhra­nı baş vermiş, hərbi hissələrdə nizam-intizam xeyli zəifləmişdi. Bu şəraitdə Ermənistan silah­lı qüvvələri tərəfindən Ağdam, Füzuli, Cəbrayıl istiqamətlərində hücumlar şiddətlənmiş, külli miq­darda itkilərə səbəb olmuşdu.

Həmin dövrdə baş vermiş hadisələr respublikanın bir çox rayonlarında qanun pozuntularına yol verilməsinə şərait yaradırdı . Özbaşınalıq, hərc-mərclik, zora­kılıq halları mövcud olmuş, bəzi yerlərdə ayrı-ayrı şəxslər qeyri-qa­nuni yollarla dövlət orqanlarını öz əllərinə keçirmişlər. İqtisadiyyata, xüsusən, kənd təsərrüfatı işlərinin aparılmasına ziyan dəymişdi. Əhaliyə sosial xidmət və təminat xeyli pozulmuşdu.

Bu hadisələrin şahidi olmuş müxtəlif ölkələrin tanınmış ziyalıları da öz xatirələrində baş verənləri qələmə almışlar. Onlardan birində – Belarus yazıçısı Nikolay Zenko­viçin “Heydər Əliyev. Tale dolam­bacları” kitabında 4 iyun 1993-cü il Gəncə qiyamı ilə bağlı mənzərə belə təsvir edilir: “Bakı küçələrində avtomatla silahlanmış kamuflyaj geyimli yekəpər saqqallılardan ibarət dəstələr gəzirdi. Yuxarıda – Elçibəyin komandasında hər dəstənin öz himayədarı vardı. On­lar nüfuz dairələri üstündə bir-biri ilə rəqabət aparırdılar. Buna görə də tez-tez toqquşmalar, atışma­lar olurdu... 1993-cü ilin yazında ölkənin parçalanmasına real təhlükə yarandı... Bu isə Elçibəy və onun komandasının yol verdiyi kobud səhvlərin nəticəsi idi. Onlar milləti birləşdirməyi, ayrı-ayrı siyasi qüvvələr arasındakı qarşıdurmanı dayandırmağı, bəzi cinayətkar qruplaşmaların, separatçı qüvvələrin hərəkətlərinin qarşısını almağı bacarmamışdılar”.

1993-cü il iyunun 4-də Gəncədə baş vermiş faciə əvvəlcədən hazırlanmış, cinayət törətmiş hərbi əməliyyatların ağır nəticəsidir. Milli Məclisə təqdim olunmuş deputat-istin­taq komissiyasının materialla­rından və rəydən, parlamentin iclasındakı əksər çıxışlardan və ümumiyyətlə, müzakirələrdən aydın oldu ki, Gəncə hadisələri səbatsız siyasətin nəticələridir və axırıncı bir il iqtidarda olan şəxslərin fəaliyyətinin məntiqi yekunudur.

Xalq, eləcə də AXC-Müsavat iqtidarı həmin vaxt son ümid yeri kimi ulu öndər Heydər Əliyevə müraciət etdi. Nə yaxşı ki, müdrik şəxsiyyət xalqın səsinə səs verdi və Azərbaycanı parçalanmaqdan, vətəndaş müharibəsindən, məhv olmaqdan xilas etdi.

Əliqismət BƏDƏLOV, “Xalq qəzeti”

4 2020 02:09 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə