Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Gəncə şəhərində 855 kilometr içməli su, 813 kilometr kanalizasiya şəbəkəsi yaradılacaq

Qədim tarixə və böyük sənaye potensialına malik Gəncə şəhərində əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədilə həyata keçirilən layihə uğurla davam etdirilir. Şəhərdə yeni içməli su və kanalizasiya infrastrukturlarının yaradılması Azərbaycan hökumətinin Almaniya İnkişaf Bankı ilə birgə maliyyələşdirdiyi layihə çərçivəsində həyata keçirilir.

“Azərsu” ASC-dən AZƏRTAC-a bildirilib ki, Gəncə şəhərini dayanıqlı və keyfiyyətli içməli su ilə təmin etmək üçün Göygöl, Qızılqa­ya mənbələri və Şəmkirçay su anbarının ehtiyatlarından istifadə olunması qərara alınıb. Bu məqsədlə ötən müddətdə Göygöl su mənbəyində məhsuldarlığı saniyədə 200 litr olan yeni drenaj sistemi yara­dılıb. Gəncə şəhərində həcmi 4000 kubmetr olan su anbarı tikilib və mənbədən anbara qədər 24,3 kilometr uzunluğun­da magistral su kəməri çəkilib. Qızılqaya su mənbəyində bərpa-yenidənqurma işləri aparılıb, ümumi tutumu 12 min kubmetr olan 3 su anbarı, 11 kilometr magistral su xətti inşa edilib. Ötən müddətdə Göygöl və Qızılqaya mənbələrindən şəhərə suyun verilməsi təmin edilib. Gəncə şəhərinin içməli su tələbatının böyük hissəsi bu ilin martında istismara veril­miş Şəmkirçay sutəmizləyici qurğusu hesabına təmin olunur. Məhsuldarlığı sutkada 140 min kubmetr olan sutəmizləyici qur­ğudan şəhərə suyun verilməsi üçün ötən müddətdə 27,5 kilometr Şəmkirçay-Gəncə ma­gistral su kəməri tikilib. Gəncə şəhərinin böyüklüyü nəzərə alı­naraq içməli su və kanalizasiya şəbəkələrinin yenidən qurulması işləri mərhələli şəkildə həyata keçirilir. Hazırda icra olunan 4-cü mərhələ çərçivəsində içməli su və kanalizasiya şəbəkələrinin yenidən qurulması və sayğaclaşma işləri davam etdirilir. Bu mərhələdə inşası nəzərdə tutulan 307 kilometr su şəbəkəsinin 272 kilomet­ri, 185 kilometr kanalizasiya şəbəkəsinin 165 kilometri, 22 kilometr magistral su xəttinin 20 kilometri, 56 kilometr kanalizasiya kollektorunun 51 kilometri inşa edilib. Bu mərhələ çərçivəsində işlərin cari ilin sonuna qədər başa çatdırılması nəzərdə tutulur. Bununla da şəhər şəbəkəsinin 40 faizinin yenidən qurulması təmin ediləcək.

Ümumilikdə, Gəncə şəhərində 855 kilometr içməli su, 813 kilometr kanalizasi­ya şəbəkəsinin yaradılması nəzərdə tutulur. Şəbəkənin qalan hissəsinin tikintisi növbəti mərhələlərdə həyata keçiriləcək.

Gəncə şəhərində yaranacaq tullantı suları gələcəkdə Samux rayonu ərazisində inşa ediləcək və məhsuldarlığı sutkada 110 min kubmetr layihələndirilən təmizləyici qurğuda təmizlənib kənarlaşdırılacaq. Gəncə şəhərində icra olunan layihədən 2035-ci ilədək perspektiv inki­şaf nəzərə alınmaqla 450 min nəfər faydalanacaq.

4 2020 02:08 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə