Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

COVID–19-a qarşı mübarizədə həmrəylik qələbənin vacib şərtidir

Azərbaycan dövləti koronavirus (COVID – 19) infeksiyası ilə mübarizə sahəsində bütün zəruri tədbirləri həyata keçirdiyindən, ölkəmizdə pandemiya ilə əlaqədar məsələləri cid­di nəzarətdə saxlamaq, virusun geniş yayılmasının qarşısını almaq və insanların həyatını maksimum şəkildə qorumaq mümkün olub. Dövlət başçısının tapşırıq və tösiyələrinə uyğun olaraq, Nazirlər Kabineti yanında operativ qərargahın tələblərinə əsasən aparılan qabaqlayıcı tədbirlər nəticəsində xüsusi karantin rejimi dövründə yoluxma hal­larının sayı minimuma endirilmiş, ölkəmizdə ölüm halları çox aşağı səviyyədə olmuş, xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq sağalanların sayı yeni yoluxma hallarının sayını kəskin üstələmişdir.

Bununla yanaşı, xüsusi karan­tin rejimi yumşaldılandan və sərt qadağalar aradan qaldırılandan sonra, yeni yoluxma hallarının sayında artım müşahidə edilməyə başladı və əldə edilmiş pozitiv nəticəni qoruyub saxlamaq mümkün olmadı. Hazır­kı dövrdə pandemiya ilə səmərəli mübarizə bilavasitə vətəndaşların davranışı və məsələyə məsuliyyətlə yanaşmasından, eləcə də fəaliyyətinə icazə verilən sahələrdə rəhbər şəxslərin karantin rejimi qaydaları­na necə riayət etməsindən birbaşa asılıdır.

İctimai yerlərdə, iaşə obyektlərində xəstəlikdən qorun­maq üçün qaydalar işlənilib hazır­lanıb. Həmin obyektlərin sahibləri, vətəndaşlar bu qaydalara mütləq qaydada riayət etməlidirlər. Çün­ki nəzarət edilməklə, restoranlar, kafelər müəyyən saatlarda fəaliyyət göstərəcək. Stollar arasındakı məsafə, 10 nəfərdən artıq toplaşılmaması tələbinə əməl edilməlidir. Həmçinin restoranların, kafelərin havalandı­rılmasına, soyuducuların tempe­ratur rejiminə nəzarətə və soyuq zəncirin davamlılığına, tullantıla­rın vaxtında kənarlaşdırılmasına, xəstə işçilərin evdə qalması ilə bağlı maarifləndirmənin həyata keçirilməsinə, simptomlu şəxslərin müəssisəyə girişinə qadağa qoyul­masına, həmçinin müştərilər və masalar arasındakı məsafələrə diqqət yetirilməlidir.

Xüsusilə, virusun yoluxma mənbəyi kimi orqanizmə ağız və burun vasitəsilə keçdiyini nəzərə alsaq, onda əllərin gigiyenasına önəm verildiyi kimi, qəbul edilən qidalara, ərzağa da, onların satıldığı ticarət şəbəkələrinin sanitar qaydalara ciddi əməl edib-etmədiyinə də xüsusi diqqət yetirilməlidir. Vətəndaşlar kassaların qabağında 2 metrlik məsafəni gözləməlidirlər. Satışla məşğul olan müəssisələrdə çalışan işçilər birdəfəlik maska və əlcəklərlə təmin olunmalıdır. Həmçinin alıcılara qablaşdırılmayan mallar yalnız xüsusi gigiyenik vasitələrlə təchiz edilmiş işçi heyəti üzvləri tərəfindən təqdim edilməli, təmizlik və dezinfeksiya üçün istifadə olunan vasitələrin mühafizəsi xüsusi nəzarətdə saxlan­malıdır.

Göstərilən tövsiyə və qaydalara ciddi əməl olunmalı, bacardığımız qədər özümüzü qorumalıyıq. Nəinki özümüzü, başqalarını da... İnsanla­rın çox olduğu yerlərə getməkdən, təmaslardan maksimum çəkinməliyik. Əsas prinsip odur ki, məhdudiyyələrin çoxu aradan qaldırılsa da, virusa yo­luxma sürətinin qarşısını almaq üçün ölkədə kütləvi tədbirlər keçirilməsin, vətəndaşlar əvvəlki dövrdə olduğu kimi, məsafə tələbinə riayət etsinlər.

Hazırda ictimai nəzarət və icti­mai qınaq vacib şərtdir. Xəstəliklə mübarizə tədbirlərinə, karantin rejimi qaydalarını pozanlara qarşı hamı səfərbər olmalıdır. Sosial şəbəkələrdə yalanlara, şayiələrə əsas verənlər ictimailəşdirilməli, qınaq obyekti ol­malıdırlar. Pandemiya vəziyyəti hələ də davam etdiyindən və COVID – 19 infeksiyasının müalicəsi üçün zəruri dərman preparatı, eyni zamanda, bu xəstəliyə qarşı peyvənd tapılmadı­ğından virusla mübarizə hər kəsin gündəlik həyat tərzinə çevrilməlidir. Karantin rejiminin sərtləşdirildiyi dönəmdəki qaydada qorunmalı, tövsiyələrə əməl edilməlidir.

Uzun müddətdir ki, ayrı-ayrı ölkələrdə qaydaların pozulmasına, xüsusilə fərdi qoruyucu vasitələrdən istifadə etməməyə görə yüksək məbləğdə cərimələr, hətta həbs cəzasi da tətbiq olunur. Nazirlər Kabineti yanında operativ qərargahın mayın 31-dəki məlumatında da bildirilir ki, sanitar-epidemioloji vəziyyət və Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri təhlil edilərək, çox düz­gün olaraq ölkə ərazisində xüsusi karantin rejiminin müddəti 15 iyun 2020-ci il saat 00:00-dək uzadıldı. Məhdudiyyətlərin bir qisminin aradan qaldırılmasına qərar verildi. Ölkə ərazisində iri ticarət mərkəzlərinin fəaliyyəti, nəzdindəki uşaq və digər əyləncə mərkəzləri, kinoteatrlar, ictimai iaşə məkanlarının fəaliyyəti istisna olmaqla, bərpa edildi. Açıq havada keçirilən idman yarışları­nın tamaşaçıların iştirakı olmadan təşkilinə icazə verildi. Bütün ictimai iaşə məkanlarında müştərilərə yerində xidmətin saat 08:00-dan 22:00-dək həyata keçirilməsinə qoyulan qadağa götürüldü. Tibbi maskadan istifadə tələblərinin pozulmasına görə fiziki şəxslər 50 manat məbləğində, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər 200 manat məbləğində cərimə ediləcəklər. Bu xətanın təkrar törədilməsinə görə fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər 400 manat məbləğində cərimələnəcək.

Demək, xarici olkələrdə olduğu kimi, Azərbaycanda da epidemi­ya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozul­masına, habelə vəzifəli şəxslər tərəfindən həmin tələblərin pozulma­sının qarşısının alınmamasına görə cərimələr müəyyənləşdirildi. Qeyd etmək istəyirəm ki, bu gün rastlaşdı­ğım mənzərə əvvəlki günlərdən xeyli fərqli idi. Metroda, avtobuslarda, dayanacaqlarda da maskasız insan görmədim.

Hazırkı vəziyyət nəzərə alınaraq qarşıdan gələn dövrdə koronavi­rusdan qorunmanın vacibliyi ailədə də, cəmiyyətdə də əsas mövzu olmalı, bu sahədə maarifləndirmə gücləndirilməlidir. Bu maarifləndirmə yalnız insanlara bilgi vermək məqsədi daşımır, eyni zamanda, birbaşa vətəndaşıların sağlamlığının qorun­masına istiqamətlənib. Təhlükənin bir addımlıqda və real olması, məsələyə laqeyd və məsuliyyətsiz yanaşma, həm şəxsi həyatı, həm də ətrafdakıların sağlamlığını ciddi risk altına qoyur.

İrəvan Dövlət Azərbaycan Dram Teatrının baş rejissoru, Əməkdar artist Sərvər Əliyevin Televiziyada müsahibəsinə və xalqa müraciətinə baxdım. Rejissor pan­demiya başlayan ilk gündən virusa inanmadığını, heç bir təhlükəsizlık tədbirlərinə əməl etmədiyini, gigi­yenik vasitələrə laqeyd münasibət göstərdiyini deyirdi. Ürəyindəki problemlə bağlı stent daşıyan rejissor özündə narahatlıq hiss edəndə də soyuqdəymə zənn edib. Sonradan nəfəs almaqda çətinlik olduğunu, hərarətinin enməməsini görüb, təcili yardıma müraciət edib: “Qızdırma və öskürəyim olduğu üçün korona­virusdan test verdim.Testin nəticəsi açıqlanana qədər nəfəs darlığım olduğu üçün məni Əfəndiyev adına xəstəxanaya apardılar”. Xəstəxanada Sərvərin vəziyyəti kritikləşib, boğul­malar başlayıb və onu reanimasiyaya yerləşdiriblər. Süni tənəffüs aparatına qoşulub. Vəziyyət normallaşandan sonra onu reanimasiyadan palataya köçürüblər. “Virusa inamsızlığım məni bu həddə çatdırdı. Harada yoluxduğumu bilmirəm. Amma indi düşünürəm ki, kredit ödəmək üçün banka getmişdim və qapı ağzın­dakı növbədə yoluxmuş olaram. Ailə üzvlərim karantinə götürüldü, yoxlandılar. Şükürlər olsun, hamısın­da neqativ çıxıb. Hər kəsə müraciət edirəm: Koronavirus çox dəhşətli bəladır. Maska taxın, qorunun, insanlarla məsafə saxlayın. Ölüm bir addımlıqdadır, mən bunu gördüm. Bu günlərdə mənə əziyyət çəkən, qayğı göstərən, həyata qaytaran həkimlərə minnətdaram.”

Supersport.az-ın təsisçisi və baş redaktoru Anar Cəfərsoy Facebo­ok səhifəsində yazıb: “İki həftədir güclü öskürək və yüksək tempera­turdan əziyyət çəkirəm. İlk testin cavabı neqativ, ikincisi isə pozitiv oldu. Hazırda müalicə olunuram. Allaha güvənirəm, qorxulu nəsə yoxdur. Canınızın qədrini bilin, özü­nüzü qoruyun, koronavirusla zarafat etməyin”. Anar müalicə aldı və indi yaxşıdır. Amma onun virusa yolux­durduğu anasını xilas etmək mümkün olmadı. Üç həftədən çox koronavi­rusdan müalicə alan 69 yaşlı Zöhrə Cəfərova, mayın 28-də Mərkəzi Neftçilər Xəstəxanasında vəfat etdi. Anarın müalicəsi bitmədiyinə görə anasının dəfn mərasimində də iştirak edə bilmədi. Belə misalların sayını artırmaq olar.

ATU-nun Tədris Cərrahiyyə Klinikasının anestezioloqu Cavid Paşayev bugünədək hər yaş qru­punda – 27 yaşdan 94 yaşadək xəstələrinin olduğunu bildirib: “Bizim şöbəmizdə ən ağır, süni tənəffüs aparatına ehtiyacı olan xəstələr müalicə olunur. Bütün pro­sedur TƏBİB-in protokolu əsasında aparılır. Bəzi insanların xəstəliyin olmasına inanmaması nəticəsində artıq xəstəxanada yataqlar dolmaq üzrədir”. Tibb bacısı bildirib ki, virusun olduğuna inanmayanlara görə ailələrindən, evlərindən uzaq düşüblər: “Bütün insanlara demək istəyirəm ki, buna inanıb qaydalara əməl etsinlər ki, hamı evinə dönsün”.

ATU-nun Tədris Cərrahiyyə Klinikasının reanimotoloqu Kəmalə Namazova qeyd edib ki, son bir həftə ərzində xəstə sayı artıb: “Əksəriyyəti də ağır vəziyyətdədirlər. Burada müalicə olunmuş 45 xəstədən 30-a yaxını süni tənəffüs aparatına qoşulub və onlar sağalaraq evə buraxılıb. Ha­zırda 16 xəstənin vəziyyəti ağır olaraq qalır.” Xəstəxanalarda həkimlərin vəziyyəti, onların olduqca mürəkkəb şəraitdə fəaliyyət göstərməsi, həyatlarını təhlükə altına atması xüsu­si qeyd olunmalıdır. Amma unutmaq olmaz ki, onların da ailəsi var, evdə gözləyən övladı var. Nə qədər qo­runmasaq, o qədər yoluxma artacaq, xəstə sayı çoxalacaq və koronavirusla mübarizəyə qoşulan həkimlər ev üzü görməyəcəklər.

Hazırda parklara girişə qadağa ləğv edilib. Bu o demək deyil ki, uşaqlarınızı heç bir qaydaya əməl etmədən gen-bol gəzintilərə apara­sınız. Əksinə, insanların çox olduğu yerlərdən uzaq durun, uşaqları isə heç bir halda tünlüyə salmayın. Qorunun ki, sağ qalasınız. Əmin olun ki, virusa yoluxmanın artması məhz vətəndaşların özlərini necə aparma­sından asılıdır. Dövlət də lazımınca iş görüb, həkimlər də vəzifə borclarını ləyaqət və vicdanla yerinə yetiriblər, Daxili Qoşunların əməkdaşları da polislərlə birgə bu mübarizədə gecə-gündüz nəzarətdə olublar. Bircə qalır, vətəndaşın bu cəbhədə onlara qoşul­ması, həmrəylik göstərməsi. Gəlin, həmrəy olaq.

Zərifə BƏŞİRQIZI, “Xalq qəzeti”

4 2020 02:04 - XƏBƏRLƏR
XƏBƏRLƏR
8 İyul 2020 | 15:16
Çexiyada qatar qəzası

Köhnə versiyamızdan xəbərləri izlə