Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Əli Kərimli niyə yalan danışır?!

“Görkəmli hüquqşünas” , “fəal komsomolçu”, “mətin inqilabçı, “köhnə cəbhəkrat”, ermənipərəst, özünü ana müxalifət adlandıran, 2015-ci ildən qeydə alınmamış AXCP sədri Əli Kərimli və onun  trolları - məntiqsiz Natiq Ədilov, həmişə Azərbaycan haqqında pis fikirdə olan Qənimət Zahid, öz savadsızlığı və səviyyəsizliyi ilə seçilən “ möhtəşəm” Sevinc Osmanqızı  Azərbaycan  Respublikasının Prezidenti cənab İlham Əliyevə şər-böhtan  atmaqda davam edirlər. Onlar bildirirlər ki, möhtərəm Prezidentimiz İlham Əliyev Azərbaycan Xalq Cumhuriyyətinin ( AXC)  rəhbərlərinə hörmət etmir.

Gəlin faktlara nəzər salaq. Hələ SSRİ dağılmamış -1990-cı il noyabrın 9-da  ümummilli liderimiz Heydər Əliyev Naxçıvanda üçrəngli bayrağımızı dövlət bayrağı kimi qəbul etdi. Bununla yanaşı, ulu öndər cumhuriyyətin dövlət himnini də bərpa etdi. Yalnız SSRİ dağıldıqdan sonra -1991-ci ildə Azərbaycan üçrəngli bayrağı dövlət bayrağı elan etdi. Məgər  Əli Kərimli və onun silahdaşları bunu bilmirmi?! Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Xalq Cumhuriyyəti və onun rəhbərləri barədə kitablar, məqalələr yazıldı, verilişlər verildi.

Ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən İlham Əliyev Azərbaycan Xalq Cumhuriyyətinin tarixi, cumhuriyyətin rəhbərləri haqqında geniş məlumatlar toplanması, kitablar buraxılması, verilişlər hazırlanması barədə göstərişlər verdi. Bu işlər indi də davam etdirilir və gələcəkdə də olacaq.

Möhtərəm Prezidentimizin sərəncamı ilə 2018-ci il ölkəmizdə “Cumhuriyyət İli” elan edildi. Cumhuriyyətin qapalı saxlanılmış məsələləri ortaya çıxdı. Onlar xalqa çatdırıldı. Cumhuriyyətin 100 illiyi təntənə ilə qeyd edildi.

Əlbəttə, bu misallardan çox çəkə bilərik. Məsələ bundadır ki, “görkəmli cəbhəkrat”la birlikdə “görkəmli tarixçi”, Əli Kərimlinin müavini, qondarma “Milli Şura”nın  sədri Cəmil Həsənli, onların trolları - Natiq Ədilov, Qənimət Zahid, Sevinc Osmanqızı və digərləri xalqı aldatmağa çalışırlar.

Bu insanlar ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya da böhtan atırlar. Lakin yalan ayaq tutar, amma yeriməz.

Gəlin faktlara bir də nəzər salaq. İlham Əliyev kimdir? İlham Əliyev ümummilli lider Heydər Əliyevin oğlu və Azərbaycanın görkəmli dövlət və elm xadimi Əziz Əliyevin nəvəsidir. İstər Əziz Əliyevin, istər Heydər Əliyevin Azərbaycan üçün, xalq üçün gördükləri işlər misilsizdir. Əli Kərimli bu gün sağ olduğuna görə gündə azı min dəfə Heydər Əliyevə rəhmət oxumalıdır. Çünki Heydər Əliyev olmasaydı, Əli Kərimli və onun silahdaşları ya güllələnəcdi, ya da dar ağacından asılacaqdı. Azərbaycan isə dünya xəritəsindən silinəcəkdi. Məhz dünyaşöhrətli siyasətçi, ulu öndər Heydər Əliyevin güclü siyasəti, dəmir iradəsi, xalqa və Vətənə olan sonsuz məhəbbəti nəticəsində  yeni, müasir Azərbaycan quruldu. Ölkədə əmin-amanlıq, siyasi sabitlik və iqtisadi inkişaf yarandı. Azərbaycan geridə qalmış bir ölkədən inkişaf etmiş dövlətə çevrildi.

Möhtərəm Prezidentimiz İlham Əliyev isə Azərbaycanı daha da gücləndirir və çalışır ki, xalqımız firavan yaşasın.

Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın da xalq üçün, Vətən üçün gördüyü işlərin misli yoxdur.

Lakin “görkəmli cəbhəkrat” Əli Kərimli öz xain xofundan əl çəkmir. Çalışır ki, Azərbaycanda anarxiya, dərəbəylik hökm sürsün. Xalq isə bunu istəmir. Anti-Azərbaycan qüvvələrin qarşısında başı aşağı olan “görkəmli hüquqşünas” arzusunu yerinə yetirə bilmir və bilməyəcək də.

Çünki ölkəmizdə Xalq-İqtidar Birliyi güclüdür.

Nəhayət, seçki məsələsi. Niyə Əli Kərimli Milli Məclisə deputat seçiləndə demirdi ki, seçki haqqında qanun dəyişilməlidir. İndi isə “mətin inqilabçı” deyir ki, seçki haqqında yeni qanun qəbul edilməlidir. Nəyə görə? Çünki xalq Əli Kərimliyə inanmır. Onu daha parlamentə deputat seçmir.  AXC-Müsavat dövrünün dəhşətləri hələ xalqın yadından çıxmayıb və çıxmayacaq da. Əli Kərimlinin fəal trolu Natiq Ədilovun sözləri ilə desək, lap 100-150 Əli Kərimli olsa da, Azərbaycanda siyasi sabitlik, iqtisadi inkişaf hökm sürəcək. Xalq “köhnə cəbhəkrat”ın ucuz, mənasız və məntiqsiz danışığına çoxdan inanmır.

Qəzənfər QASIMOV,
“Xalq qəzeti”

3 2020 17:01 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə