Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr insanda qürur hissi yaradır

 Azərbaycan dövlətinin həssas təbəqədən olan vətəndaşlara qayğısı, o cümlədən məcburi köçkünlər üçün salınmış “Qobu Park-3” yaşayış kompleksinin açılışı və bu kompleksin inşasında bilavasitə rolu olan Heydər Əliyev Fondunun xeyirxah fəaliyyəti ilə bağlı fikirlərini siyasi elmlər doktoru Qənirə Paşayeva belə bildirib:     

– Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva mayın 28-də məcburi köçkünlər üçün inşa edilmiş “Qobu Park-3” yaşayış kompleksinin açılışında iştirak etdilər. “Qobu Park-1” və “Qobu Park-2” kompleksi kimi, bu növbəti layihə də məhz Heydər Əliyev Fondu və onun rəhbəri Mehriban xanım Əliyevanın təşəbbüsü əsasında həyata keçirilib. Yüksək keyfiyyəti ilə seçilən üç layihə əsasında Qobu qəsəbəsində inşa edilən yaşayış komplekslərində, ümumilikdə, 3700-ə yaxın məcburi köçkün ailəsi yerləşdiriləcək. Bu da 20 minə yaxın məcburi köçkünün mənzil-məişət şəraitinin yaxşılaşdırılması deməkdir. Bir deputat və vətəndaş kimi deyə bilərəm ki, Heydər Əliyev Fondu məsuliyyətli fəaliyyəti ilə fərqlənir. Fond tərəfindən əhalinin ən müxtəlif spektrli problemlərinə həssas yanaşması diqqət çəkir. Qurum öz fəaliyyətində ardıcıllıq, davamlılıq, əlçatanlıq, funksionallıq, peşəkarlıq prinsiplərini əsas götürərək, problemlərin dəqiq müəyyənləşdirilməsi və ən əlverişli variantların işlənməsinə üstünlük verir. Məsələn, peşəkarlıq məsələsinə gəlincə, qeyd etməliyəm ki, həm adi, həm də tənqidçi ruhu ilə yanaşdıqda Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrin mükəmməlliyini görməmək mümkün deyil. Bu da təbii ki, işin peşəkarlıqla və məsuliyyətli görüldüyünü və bir komanda işinin mövcudluğunu deməyə əsas verir. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən və ölkəmizin çiçəklənməsinə xidmət edən bütün layihələr insanda qürur hissi yaradır. Bu layihələr həm də Azərbaycan həqiqətlərinin beynəlxalq aləmdə yayılmasına, mədəni irsimizin qorunmasına xidmət edir. Bunları deməkdə məqsədim odur ki, çoxfunksiyalı, çoxşaxəli fəaliyyət Fondun artıq xarakterinə çevrilib və onun simasını müəyyənləşdirir. Ona görə də, bu işdə peşəkarlıqla yanaşı, sevgi ilə yanaşmanı görürük. Bunu “Qobu Park-3” yaşayış kompleksinin açılışı bir daha sübut etdi.

Azərbaycanda bir Fond bu cür irimiqyaslı layihənin icrasını qısa bir müddətdə yerinə yetirə bilirsə, bu, özü qeyri-adi hadisədir və önəmli dərəcədə, iqtisadi gücə əsaslanır. İqtisadi güc dedikdə, yalnız maddi imkanları nəzərdə tutmuram, o imkanların səmərəli istifadəsini, işin məqsədyönlü təşkilini, hansı problemə prioritetlik verilməsini və nəhayət, inşaatı keyfiyyət və sürətlə həyata keçirə bilən mütəxəssislərimizin, ixtisaslaşmış şirkətlərimizin mövcudluğunu da nəzərdə tuturam. Təsadüfi deyil ki, Prezident İlham Əliyev hər üç kompleksin eyni şirkət

–“Paşa Holdinq” tərəfindən inşa edildiyini xüsusi vurğuladı. Bu da etimadın, görülmüş işlərdən razılığın ifadəsidir. Həmin komplekslərdə yaşayış binalarından başqa, insanların asudə vaxtının təşkili, sağlamlığının qorunması, təhsili, məşğuliyyətini əhatə edən güclü infrastruktur qurulub. 20 minə yaxın vətəndaşımızı ağuşuna alan Qobu qəsəbəsi öz gözəlliyi ilə göz oxşayır. Halbuki buralar əvvəllər boş düzənlik idi. Bir sözlə, Heydər Əliyev Fondu qəsəbədə “dörd divar”dan ibarət deyil, vətənpərvərlikdən, sevgidən “yoğrulmuş” özünəməxsus “Qobu Park” mühiti yarada bilib. Təsəvvür edin, yeni mənzilin açarını məhz 28 May - Respublika Günündə almaq bayrama bayram qatmaq, könülləri şad etmək, ümidləri inama çevirmək deməkdir və dövlətimiz bunu etdi. Bu, Heydər Əliyev Fondunun dəstxətidir, bu, Fondun “qızıl” kollektivinin fədakarlığıdır. Əlbəttə, bu, həm də tikinti işlərində əməyi keçən hər kəsin Mehriban xanım Əliyevanın adına layiq iş ərsəyə gətirməsinin təcəssümüdür.

Heydər Əliyev Fondunun fəaliyyətindən ana xətt kimi keçən mühüm prinsip məhz əhalinin həssas təbəqəsinə olan diqqət və qayğıdır. Fond öz yurd-yuvalarından məcburi köçkün salınmış insanlarımızla bağlı məsələlərə həmişə təxirəsalınmaz vəzifə kimi yanaşıb. Mən “Qobu Park” kimi nəhəng layihənin mövcud keyfiyyət və sürətini də məhz bu amillə bağlayardım. Ən mühümü isə odur ki, “Qobu Park” yaşayış kompleksləri sabah, birisi gün işğaldan azad olunacaq şəhər və qəsəbələrimizdə tikinti-bərpa, abadlıq, geniş quruculuq işləri üçün bir başlanğıc və belə demək mümkünsə, baş məşqdir. İnşallah, torpaqlarımızı azad etdikdən sonra daha gözəl, daha rahat və daha miqyaslı yaşayış kompleksləri, abad məhəllələr, geniş küçələr salınacaq, yeni infrastruktur layihələri həyata keçiriləcək. Bütün bunlar vətəndaşlarımıza ötən illərin ağrı-acılarını unutmaqda, yaralarını sarımaqda mühüm rol oynayacaq. Çünki bu işlərin mayasına ana şəfqəti, rəhbər qətiyyəti qatılmış olacaq.

Hazırladı:
Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”

3 2020 11:00 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə