Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yoluxmanın artmasının səbəbi insanların məsuliyyətsizliyidir

“Hazırda koronavirusa yoluxma sayının artması ilk növbədə karantin rejiminin yumşaldılması ilə əlaqədardır. Çünki yumşalmalar nəticəsində insanlar arasında təmas riski də artır”.

Bunu APA-ya açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Yoluxucu xəstəliklər üzrə İşçi qrupunun rəhbəri, infeksionist Vasif Əliyev deyib. O bildirib ki, hər kəs evində qapalı şəraitdə qaldığı müddətdə yoluxma sayı az olub:

“İndi yumşalmalar var. Hər kəs şəhərə çıxır, rahat hərəkət edir. Gündən-günə karantin rejimi yumşaldılır, məhdudiyyətlər aradan qaldırılır. Yoluxmanın artmasının səbəbi həm də insanların məsuliyyətsiz davranışlarıdır. İnsanlar verilən tövsiyələrə, qadağalara məhəl qoymurlar. Təbii ki, məsuliyyətli olanlar da var. Amma məsuliyyətsiz olanlar yetəri qədər olduğuna görə qurunun oduna yaş da yanır. Şəhərə çıxanda müşahidə edin, görün nə qədər insan maska taxır, nə qədər insan sosial məsafəni qoruyur?

Bəzi qanunsuzluqlar baş verir. Əsasən də rayonlarda yas mərasimləri ilə bağlı qadağalara məhəl qoyulmur. Buna əhəmiyyət verməyən insanlar kütləvi şəkildə toplaşırlar. Kütləvi toplaşmalar virusun yayılması üçün ən yaxşı ortamdır, çünki insanlar burada bir-birinə çox yaxın məsafədə olurlar. Virusdan qorunmaq üçün ən azı iki metr məsafə saxlanmalıdır, bu qanunauyğunluq kütləvi yerlərdə pozulur. İnsanların gigiyenik qaydalara əməl etməməsi, maska taxmaması, məsafəni qorumaması - bu üç vacib, sadə tövsiyəyə riayət edilmədiyi halda yoluxma riski artır”.

V.Əliyev qeyd edib ki, maska taxılmaması ilə bağlı cərimələr tətbiq olunsa belə, qısa müddətdə yoluxma sayında azalma görə bilməyəcəyik:

“Bir müddət keçməsi lazımdır. Xəstəliyin inkubasiya dövrünü nəzərə alsaq, yoluxma sayının azalıb-azalmayacağını ən azı iki həftədən sonra görə bilərik

COVİD-19 yeni virus olduğuna görə hansı temperaturda, yay mövsümündə nə qədər davam edəcəyi də bəlli deyil. Hazırda ölkədə yoluxma sayını pik saymaq olmaz. Yoluxma yüksəlməyə doğru gedir. Düşünürəm ki, koronavirusa yoluxma iyunun ortalarında pik həddə çatacaq. Bir az gecikə də bilər. Düşünürəm ki, iyunun 15-20-si arası yoluxma sayı artacaq. Tətbiq olunan cərimələrin təsirini iki həftə sonra görəcəyik. O vaxta qədər pik həddi keçə bilərik. Çünki cərimələr tətbiq olunana qədər yoluxmalar olacaq. Artıq xeyli müddətdir ki, insanlar qaydalara əməl etmirlər. Cərimələr yoluxmanın sürətini azalda bilər, amma pik həddin qarşısını almaq olmaz”.

Hər gün virusa yoluxan insanları görürük. Onlarla hər gün təmasda oluruq. Onlar xəstəxanalarda müalicə alırlar. Ön cəbhədə vuruşan həkimlərdən biri olaraq demək istəyirəm ki, virus çoxdur və yayılmaqda davam edir. Bəzi insanlar bunu ağır formada keçirir. Heç kim o insanların yerində olmaq istəməz.

Hazırladı:
Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

3 2020 10:54 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə