Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sumqayıt şəhərində müasir işıqlandırma sistemlərinin quraşdırılması ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikasında regi­onların davamlı inkişafı ölkədə həyata keçirilən sosial-iqtisadi inkişaf konsep­siyasının prioritetlərindəndir. Son illərdə uğurla həyata keçirilən dövlət proqram­larının icrası nəticəsində paytaxtda və regionlarda, eləcə də Sumqayıt şəhərində mühüm infrastruktur layihələri həyata ke­çirilmiş, kommunal və sosial xidmətlərin həcmi və keyfiyyəti daha da yaxşılaşmış, abadlıq işləri geniş vüsət almışdır.

Bu tədbirlərin davamı olaraq, növbəti dövrlərdə də əhalinin elektrik enerjisi ilə təminatında, habelə küçə və prospektlərin işıqlandırılmasında idarəetmə, nəzarət, ölçmə və hesabatlılıq, habelə enerji sərfiyyatına və xidmət xərclərinə qənaət kimi üstünlükləri olan, işıqlandırma səviyyəsini proqramlaşdırmağa im­kan verən və intellektual idarəetməyə əsaslanan işıqlandırma sistemlərinin quraşdırılması diqqət mərkəzində saxla­nılacaq aktual məsələlərdəndir. Yeni və müasir işıqlandırma sistemləri funksio­nallığı ilə yanaşı, şəhərin estetik görünü­şünü də dəyişərək onun simasını müasir çalarlarla daha da zənginləşdirir.

Azərbaycan Respublikası Konstitusi­yasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Sumqayıt şəhərində ən mü­asir və qabaqcıl texnologiyaların imkan­larından istifadə etməklə enerjiyə qənaətə imkan verən və enerji səmərəliliyini artıran, fasiləsiz işıqlandırmanı təmin edən müasir işıqlandırma sistemlərinin quraşdı­rılması məqsədilə qərara alıram:

1. Sumqayıt şəhərində müasir işıqlan­dırma sistemlərinin quraşdırılması üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Sumqayıt Şəhər İcra Hakimiyyətinə 6,0 (altı) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 2 iyun 2020-ci il

3 2020 01:42 - SƏRƏNCAMLAR
SƏRƏNCAMLAR

Köhnə versiyamızdan xəbərləri izlə