Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Dar günün dostu, dayağı oldunuz”

Fəxr edirik ki, Sizin kimi humanist dövlət başçımız var

“Sizin rəhbərliyinizlə beynəlxalq platformalarda – Türk­dilli Dövlətlərin Əməkdaşlıq Şurası və Qoşulmama Hərəkatı çərçivəsində pandemiyaya qarşı səylərin əlaqələndirilməsi məndə dərin təəssürat yaratdı. Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatına COVID-19-la Mübarizə Fonduna top­lam 10 milyon ABŞ dolları, o cümlədən, bu sahədə ehti­yacı olan Qoşulmama Hərəkatına üzv dövlətlərə 5 milyon ABŞ dolları həcmində ianə ayırması da təqdirəlayiq haldır. Həmçinin bilirəm ki, pandemiyadan əziyyət çəkən 13 ölkəyə, o cümlədən, Çin Xalq Respublikası, Pakistan, Qırğızıstan, Tacikistan və Özbəkistana da Azərbaycan tərəfindən yardım göstərilib...” Asiya İnkişaf Bankının təşəbbüsü ilə Prezi­dent İlham Əliyevlə iyunun 1-də keçirilən videokonfransda həmin bankın prezidenti Masatsuku Asakava tərəfindən dövlət başçımıza xitabən səsləndirdiyi bu fikirlər hər bir vətəndaşımızım qəlbində təbii qürur və fəxarət hissi oyadır.

Bankın prezidenti fikrinin davamı olaraq bildirdi ki, fürsətdən istifadə edərək, hökumətinizin 13-cü Asiya İnki­şaf Fonduna töhfə vermək qərarına görə Sizə təşəkkürümü bildirmək istəyirəm. Dünyanın yoxsul və həssas vəziyyətdə olan ölkələri bu imkandan yararlanacaqdır.

Prezident İlham Əliyev bu məsələ ilə bağlı danışarkən dedi ki, biz Azərbaycan tərəfindən verilmiş humanitar dəstəklə artıq 14 ölkəni əhatə etmişik. Bu, həm maliyyə, həm avadanlıq, həm də tibbi ləvazimatlar dəstəyi olmuş­dur. Həmçinin Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə biz yardıma ən çox ehtiyacı olan 15 ölkəyə dəstək göstərəcəyik. Ümumdünya Səhiyyə Təşkilatı ilə razılaşma­da bu 15 ölkə müəyyən olunub. Ona görə də bu müddət ərzində Azərbaycan, demək olar ki, 30 ölkəyə dəstək verib. Düşünürəm ki, bu, bizim üzərimizə düşən məsuliyyətdir. Çünki bu çətin zamanda ölkələr və insanlar bir-birini dəstəkləməlidirlər.

Azərbaycan Prezidentinə göndərilən minnətdarlıq məktublarında da koronavirus pandemiyasına qarşı ölkə daxilində aparılan mübarizə və ehtiyacı olan dövlətlərə göstərdiyimiz dostluq və qardaşlıq yardımı da minnətdarlıq hissi ilə vurğulanır.

Çox hörmətli cənab Prezident!

Pandemiya dövründə ölkəmizdə aparılan dezinfeksi­ya və təmizlik işlərinə görə Sizə minnətdarlığımızı bildirməyi özümə borc bilirəm. Fəxr edirik ki, Sizin kimi qayğıkeş və humanist dövlət başçımız var.

Azərbaycanın uğurlarını gözü götürməyən insanlara, bu ölkəyə qara ləkə kimi yapışan ünsürlərə, həmçinin xalqın çətin günündə xəyanətkar mövqe tutan şəxslərə qarşı mübarizənizi də dəstəkləyirik. İnşallah, Vətənimizi belələrindən təmizləyib ağ günlərə çıxaracaqsınız. Bu yolda hər za­man Sizinləyik. Allah Sizi qorusun!

Hörmətlə,

Fazil Əziz oğlu Səfixanov, Gəncə şəhəri

Gördüyünüz tədbirlərlə dünyaya örnək oldunuz

Möhtərəm cənab Prezident!

Sadə, zəhmətkeş, ziyalı Azərbaycan vətəndaşlarının adından müraciət edərək Sizə təşəkkür etmək istəyirəm.

Biz bütün dünyanı kabus kimi dolaşan, insanlarda qorxu hissi yaradan koronavirus pan­demiyasına qarşı ölkəmizdə görülən tədbirləri dəstəkləyirik. Bütün xalqımız Sizin amansız düşmənə qarşı necə qətiyyətlə mübarizə apardığınızı görür və qiymətləndirir.

Biz Sizin kimi, uzaqgörən liderimizlə fəxr edirik. Siz xalqın, yaşlı, aztəminatlı insanlarının qayğısına qalır, vətəndaşlarımızı bu bəladan qorumaq üçün gecə-gündüz çalışırsınız. Verdiyiniz qərarlarla, gördüyünüz qabaq­layıcı tədbirlərlə dünyaya örnək oldunuz.

Allah Sizə, ailənizə, övladları­nıza uzun ömür, cansağlığı versin, xalqımızı bəlalardan qorusun!

Hörmətlə,

Heyran Ənvər qızı Vəkilova, Nəsimi rayonu

Allah Sizə yar olsun

Hörmətli Prezidentimiz!

Sizin uzaqgörən, müdrik siyasətinizin, vaxtında verilən sərəmcamlarınızın nəticəsi ola­raq, ölkəmiz COVID-19 virusuna qarşı az itki ilə mübarizə apar­maqdadır. Bu gözəgörünməz virusla mübarizədə vətəndaşların məlum qərarlarınızla dövlət tərəfindən hərtərəfli qayğı ilə əhatələnməsi, kasıb, imkansız, əlil və aztəminatlı ailələrə edilən maddi və mənəvi dəstək bir daha sübut edir ki, Siz hər bir azərbaycanlının Prezidentisiniz.

Azərbaycanın Birinci vit­se-prezidenti Mehriban xanım Əliyevanın xalqa müraciəti və eyni zamanda, Heydər Əliyev Fondu tərəfindən aztəminatlı, ka­sıb ailələrə, əlillərə edilən yardım­lar xalqını, millətini sevən, onun sağlamlığını hər şeydən üstün tu­tan rəhbərimizlə fəxr etməyimizə haqq qazandırır. Azərbaycanda qısa müddətdə koronavirusla mübarizə üçün tikilən klinika və modul tipli xəstəxanalar, innova­tiv sənaye əsasında yaradılmış tibbi resurslar, o cümlədən tibbi maska və tibbi geyimlər istehsal edən müəssisələrin işə başlama­sı Sizin uzaqgörən siyasətinizin nəticəsidir. COVID-19 pandemi­yası dövründə xalqın sosial, mad­di rifahı naminə göstərdiyiniz qay­ğıya görə Sizə minnətdarlığımı bildirirəm. Bu bəlaya az itki ilə qalib gəlməyiniz üçün Allahdan Sizə güc, qüvvət diləyirəm.

Hörmətlə,

Mirzəhüseyn Mirzəmməd oğlu Miriyev, müəllim. Lənkəran rayonu, Günəhir kəndi

Xalqın rəhbərə sevgisi sonsuzdur

Möhtərəm cənab Prezident!

Vətəndaşların rahatlığı və sağlamlığı üçün verdiyiniz hər bir qərara görə Sizə dərin minnətdarlığımı bildirirəm. Sizin rəhbərliyinizlə ölkəmizdə həyata keçirilən tədbirlər həm insan­ların koronavirus xəstəliyindən qorunmasına, həm də iqtisadiy­yatımızın böhrandan xilas olma­sına xidmət edir. Bu infeksiya dünyanın ən qüdrətli ölkələrində böyük tələfatlara səbəb olsa da, Azərbaycana ciddi ziyan vura bilməməsi bir daha göstərdi ki, respublikamızda dövlət – xalq birliyi güclüdür. Xalqın dövlətə, rəhbərə sevgisi və hörməti son­suzdur.

Ailəmiz adından bir daha Sizə minnətdarlıq edirəm. Allah Sizə uzun ömür, cansağlığı versin. Biz həmişə Sizi dəstəkləyirik.

Hörmətlə,

Qənbər Əhməd oğlu Hümbətov, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi

Çətin günlərdə xalqı öz arxanızca aparmağı bacardınız

Cənab Prezident!

Biz fəxr edirik ki, ulu öndər Heydər Əliyevin layiqli davamçısı olaraq, xalqımızın üzləşdiyi çətin günlərdə həmişə çıxış yolu tapıb xalqı öz arxanızca aparmağı bacardınız. Pandemiya dövründə çox ciddi tədbirlər gördünüz, Azərbaycan xalqını qorudu­nuz. Dünyanın bir çox ölkələri ilə müqayisədə Azərbaycan az itki verdi. Biz qocalara xüsu­si həssaslıqla yanaşılması da cəmiyyətdə böyük rəğbətlə qarşı­landı. Ona görə də, ailəm adından Sizə minnətdarlıq edirəm. Allah Sizə ailənizlə birlikdə möhkəm cansağlığı, uzun ömür versin! Amin!

Hörmətlə,

Xalidə Tapdıqova, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi

Siz ölkə gənclərinin bənzəmək istədiyi qəhrəmana çevrilmişsiniz

Əziz Prezidentimiz!

Dünyanı koronavirus adlı gözəgörünməz düşmənin silkələdiyi çətin bir zamanda xal­qımızın sağlamlığı naminə gördü­yünüz çox böyük işlər bu məktubu Sizə ünvanlamaq üçün mənə ruh və cəsarət verdi.

Bakı Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatında birləşən minlərlə gənc bu gün Sizin hər bir addımınızı diqqətlə izləyir, xalqımızın rifahı naminə verdiyiniz qərarları çox böyük məmnuniyyət hissi ilə bəyənir və dəstəkləyir. Siz uğurlu siyasətiniz, qətiyyətli addımlarınız, Vətənə və xalqa sonsuz sevginizlə ölkə gənclərinin bənzəmək istədiyi qəhrəmana çevrilmişsiniz.

Möhtərəm cənab Prezidentimiz! Sizin və çox sevdiyimiz hörmətli Mehriban xanımın xüsusi diqqəti, qayğısı sayəsində xalqımız ko­ronavirusla dünyanın ən nəhəng dövlətlərinin belə həsəd aparaca­ğı əzmkarlıqla mübarizə aparır. Azərbaycanda yaşayan, doğma ölkəmizin vətəndaşı olan hər bir insan üçün Siz dar günün dostu, dayağı oldunuz. “Biz birlikdə güc­lüyük!” deməklə xalqımızı səfərbər etdiniz. Hamı bu fikrin ətrafında sıx birləşərək həmrəylik göstərdi.

Eyni zamanda, qeyd etməliyik ki, insanların həyatının qorunması­na, təhlükəsizliyinin təmin olun­masına, rifahının yüksəldilməsinə xidmət edən mükəmməl daxili siyasətiniz ölkəmizin beynəlxalq imicinin möhkəmlənməsinə yönəlmiş xarici siyasətlə tamamla­nır. Türkdilli Dövlətlərin Əməkdaslıq Şurası və Qoşulmama Hərəkatına üzv olan ölkələrin dövlət başçıları ilə Sizin birbaşa təşkilatçılığınızla keçirilən videokonfranslar Azərbaycanın dünyada söz sahibi olduğunu bir daha sübut etdi.

Biz tələbə-gənclər bütün bunları görür, Sizinlə həmrəy olur və Sizinlə qürur duyuruq. Qoy hamı bilsin ki, biz hər zaman sevimli Prezidentimizləyik, Sizin qərarlarınızı ürəkdən bəyənir və dəstəkləyirik.

Bakı Dövlət Universitetinin tələbə-gəncləri adından: Nicat İsmayılov, BDU Tələbə-Gənclər Təşkilatının sədri, Bakı şəhəri

Bu istəyi Sizdə gördük

Cənab Prezident!

Sizə öz adımdan və qohum­larımın adından təşəkkürümüzü bildirirəm. Koronavirusun dünya­da yayıldığı bir vaxtda Siz qısa müddətdə xəstəxanalar inşa etdirərək tam hazır vəziyyətdə xalqımızın istifadəsinə verdiniz. Maska istehsalı fabrikinin açılma­sı, şəhər və rayonlarda mütəmadi olaraq dezinfeksiya işlərinin apa­rılması, işsiz vətəndaşlara yardım­ların verilməsi Sizin çevik və zəruri tədbirlərinizin nəticəsidir. Bütün bunların hesabına Azərbaycanda kütləvi yoluxmanın qarşısı alın­mışdır. Sevindirici haldır ki, digər ölkələr Sizin iş prinsipinizdən nümunə və örnək götürür. Biz Sizinlə fəxr edirik. Siz Azərbaycan xalqının dayağı olduğunuz üçün Allah Sizə hər zaman dayaq olsun. Sizin bu iş prinsipinizi gördükdə ulu öndər Heydər Əliyevin 1980-cı ildə Sabirabad rayonu zəhmətkeşləri qarşısında çıxış edərkən söylədiyi sözləri xatırladım. Ulu öndər de­mişdi ki, insanda istək olsa, iradə olsa qarşıda duran hər bir çətinliyi dəf etmək mümkündür.

Bəli, bu istəyi Sizdə gördük. O gün olsun ki, işğal olunmuş torpaq­larımız sülh yolu ilə azad olunsun, növbəti təşəkkür məktubunu da onda yazaq.

Hörmətli Prezident, Sizə möhkəm cansağlığı, gələcək işlərinizdə yeni-yeni uğurlar, ailə səadəti və xoşbəxtlik arzulayırıq!

Hörmət və ehtiramla,

Vaqif Ataxan oğlu İbrahimov, Saatlı rayonu, Çolpı kəndi

Təqdim etdi: Qüdrət PİRİYEV, “Xalq qəzeti”

3 2020 01:38 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə