Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Hər məktubda məmnunluq, hər sətirdə təşəkkür

Dövlət başçımıza ünvanlanan ürək sözlərinin hamısı bu hisslərlə doludur

“Cənab Prezident! Sizin diqqət və qayğınız sayəsində Tərtər rayonunda 10 cəbhəyanı kəndi birləşdirən, uzunluğu 33,5 kilometr olan Səhlabad—Əskipara –Qarağacı --Yuxarı Qaradağlı –Qa­panlı –Qaynaq --Yuxarı Qapanlı –Qazyan – Təzəkənd --Hüsənli avtomobil yolu əsaslı şəkildə yenidən qurulur. Ərazidə kommuni­kasiya xətləri qaydaya salınıb, su ötürücüləri qoyulub. Artıq yolun Səhlabad –Əskipara –Qarağacı --Yuxarı Qaradağlı –Qapanlı --Yuxarı Qapanlı --Qazyan kəndlərini birləşdirən hissəsinə asfalt döşənib. Avtomobil yolunun yenidən qurulması biz Yuxarı Qapanlı və Qazyan kəndlərinin sakinlərinin də böyük sevincinə səbəb olub. Çünki gediş-gəlişimiz rahatlaşıb, yük və sərnişin daşınması asanla­şıb, kənd təsərrüfatı məhsullarını mənzil başına vaxtında və itkisiz çatdırırıq.”

Azərbaycan Prezidentinin ünvanına göndərilmiş vətəndaş məktublarının növbəti xülasəsi kimi qələmə aldığımız sətirlərə məxsusi giriş verməzdən əvvəl cəbhə bölgəsində yaşayan soydaşlarımızın məktubundan bir abzası qabartma­ğımız təsadüfi olmadı. Çünki bizim verəcəyimiz istənilən giriş və ya təqdimat gündəlikdəki məsələnin məğzinə varmaq baxımından bu qədər aktual ola bilməzdi. Tərtər rayonunun Yuxarı Qapanlı və Qazyan kəndlərinin sakinləri adından Qədim Səfərov, Çingiz Cabbarov, Nəriman Əliyev və Altay Cəfərovun göndərdiyi bu məktubda həqiqətən, cəbhə bölgəsinin səsi - sədası eşidilir.

İşğalçı dövlətin, yağı düşmənin beş addımlığında yaşayan məktub müəllifləri yazırlar ki, biz cəbhə bölgəsinin sakinlərinə göstərdiyiniz diqqət və qayğıya görə Sizə minnətdarlığımızı bildiririk: “Nə yaxşı ki, Sizin kimi Prezidentimiz var. Tanrı Sizi qorusun. Biz tərtərlilər həmişə Sizinləyik!”.

Sumqayıt şəhərinin sakini Nərmin Hümbətlinin fikrincə, dün­yanı saran COVID-19 pandemiyası dövründə ölkəmizin əhalisinin sağ­lamlığının qorunması, xalqımızın bu bəladan daha az itkilərlə xilas olması üçün dövlət başçımızın gördüyü işlər göz önündədir. Qısa müddətdə yeni modul tipli xəstəxanaların tikilməsi, tibbi maska və geyim istehsalı müəssisəsinin istifadəyə verilməsi və bir sıra başqa tədbirlər Prezidentin xalqa olan sevgisinin və uzaqgörən siyasətinin nəticəsidir ki, dünyada geniş yayılan bu xəstəliyin ölkəmizdə də sürətlə yayılmasının qarşısına böyük sədd çəkdi: “Mən bir həkim qızı olaraq Sizin sərəncamlarınız, tap­şırıqlarınız və çağırışlarınıza diqqətlə qulaq asır və layiqincə yerinə yetirməyə çalışıram. Ümid edirəm ki, bu pandemiya tezliklə başa çatar və bütün çətinliklərdən olduğu kimi, bunun da öhdəsindən gələrik. Xalqı­mız Sizi çox sevir və Sizin xarici və daxili siyasətinizə güvənir. Hər çətin günümüzdə bizim -- Azərbaycan xalqının yanında olduğunuz üçün Sizə təşəkkür edir, işlərinizdə uğurlar, sağlam və işıqlı həyat yolu arzulayı­rıq!”

Sumqayıtın digər sakini – Aişə Səfərli isə inanır ki, Azərbaycan son dörd-beş ayda keçdiyi çətin yolu uğurla davam etdirəcək: “Bütün dünyanı çalxalayan koronavirus pandemiyasının ölkəmizə təsirləri Sizin sayənizdə minimum səviyyəyə endirildi. Yürütdüyünüz mükəmməl daxili və xarici siyasətin nəticəsidir ki, bu dövrdə digər ölkələrdə baş verən böhran vəziyyəti ilə üzləşmədik. Bu çətin sınaq göstərdi ki, Azərbaycanın maliyyə dayaqları və infrastukturu dayanıqlıdır. Biz buna Sizin rəhbərliyiniz altında uzun illər görülən məqsədyönlü işlərin, çəkilən zəhmətin sayəsində nail olmuşuq... Bütün bunlar üçün Sizə minnətdarıq!”

Bakı şəhəri, Sabunçu rayonu­nun sakini Sənubər Səfərovanın məktubunda da səmimi vətəndaş hisslərinin ən ali cizgiləri ilə tanış oluruq: “Mən xarici ölkələrdə olanda Vətənim haqqında fəxarət və qürur hissi ilə danışıram. Yaşadığım şəhərin gözəlliyindən, ölkəmin inkişafından bəhs edəndə bilirəm ki, bunlar Sizin sayənizdədir.

Yorulmaz fəaliyyətinizə, əzmkarlığınıza görə Sizə minnətdarlığımı bildirir, Allah­dan Sizə cansağlığı arzu edirəm. Ölkəmizin belə qətiyyətli rəhbəri olduğuna görə özümüzü rahat və güvənli hiss edirik. Sizin siyasətinizi dəstəkləyir və təbliğ edirik!”

Paytaxtın Yasamal rayonu­nun sakini Sima Xudaverdiye­va isə bu qənaətdədir ki, dövlət başçımızın son illərdə qazandığı möhtəşəm uğurları ölkənin Birinci vitse –prezidenti Mehriban xanım Əliyevanın həyata keçirdiyi tədbirlər daha da zənginləşdirir: “Bu gün bütün dünya koronavirus pande­miyası ilə mübarizə aparır. Sizin və Mehriban xanımın bu pande­miyaya qarşı mübarizədə həyata keçirdiyiniz tədbirlərə görə dərin minnətdarlığımı bildirirəm.

Mən karantin dövründə iki dəfə işsizlərə ayrılan birdəfəlik ödəmə, bundan əlavə ərzaq yardımı ilə təmin olundum. Xalqsevərliyiniz, alicənablığınız və xeyirxahlığınız qarşısında baş əyir, Sizə və ailənizə cansağlığı, şərəfli işinizdə yeni uğur­lar arzulayıram!”

Kifayət İbrahimova adlı soyda­şımızın Şəmkirin Düyərli kəndindən göndərdiyi məktubda da dövlət baş­çımıza xitabən “Allah Sizi və ailənizi pənahında saxlasın!” xeyir-duası ilə qələmə alınır: “Bu pandemiya dövründə gördüyünüz tədbirlərə görə Sizə dönə-dönə təşəkkür edirəm. Si­zin uzaqgörənliyiniz və müdrikliyiniz hesabına Azərbaycan xalqı həmişə bir addım öndə olmuş, böyük təhlükə ya­rada biləcək hadisələrə qarşı vaxtında və sanballı işlər görmüşdür. Hazırda dünyanın bəlasına çevrilən korona­virusla mübarizə dövrü də bunu bir daha göstərdi.

Cənab Prezident, biz hər bi­rimiz əminik ki, Sizin xalqımıza göstərdiyiniz qayğı, həyata keçirilən ciddi və ardıcıl tədbirlər ölkəmizi koronavirus bəlasından tezliklə qurtaracaq!”

Salyandan göndərilmiş məktublar çox olsa da bu yazıda onlardan ikisi barədə söz açmaq isəyirik. Rayonun Sarvan kəndinin sakini, Əməkdar mədəniyyət işçisi, şəhid atası Cahangir Qaraşov yazır ki, son illər ərzində Azərbaycanın bü­tün bölgələrində olduğu kimi, doğma Salyanın da hər yerində abadlıq və quruculuq işləri geniş vüsət almışdır. Kənd təsərrüfatının inkişafı, insan­lara qayğı və diqqət ürəyimizcədir: “Xüsusilə, qeyd etmək istəyirəm ki, aqrar sahənin inkişafına verilən dəstək sahəsində həm əkin sahələri genişlənir, həm də insanların güzəranı yaxşılaşır. Torpağa bağlanmaq və əkin-biçin işləri aparmaq istəyən vətəndaşlar üçün geniş imkanlar və əlverişli şərait yaradılmışdır.

Əziz Prezidentimiz, bütün bun­lara görə Sizə dərin minnətdarlığımı bildirirəm. Azərbaycanın milli bayra­mı – Respublika Günü münasibətilə yaşadığım Sarvan kəndinin ağsaqqal­ları, ziyalıları və şəhid ailələri adın­dan Sizi təbrik edir, Sizə və ailənizə Ulu Tanrıdan cansağlığı və işlərinizdə uğurlar arzulayıram!”

Xatırladaq ki, Salyan təkcə Mu­ğanın deyil, həm də respublikamı­zın sürətlə inkişaf edən rayonların­dan biridirsə, Kürsəngi də Salyanın əsas yaşayış məntəqələrindəndir. Həmin kəndin sakinləri Ağa Ağamaliyev, Nurlan Bürcəlizadə, Elşən Aydınov, İslam İmanov, Şamxal Məhərrəmov və başqaları­nın dövlət başçımıza ünvanladıqları məktubda deyilir: “Sizin Salyan rayonuna səfəriniz çərçivəsində Kürsəngi kəndində pambıqçılarla görüşünüz zamanı pambıqçılığın zəngin ənənələrinin bərpa edilməsi və bu sahənin əvvəlki şöhrətinin qaytarılması üçün müvafiq tapşırıq­lar verməyiniz bizim üçün əvəzsiz töhfə olmuşdur. Pambıqçılığın inkişaf etdirilməsi məqsədilə ardıcıl tədbirlər həyata keçirilir və bunun nəticəsi olaraq pambıqçılıqda çoxsaylı iş yerləri yaranmışdır. Bu, kəndimizin əhalisinin maddi vəziyyətini yaxşı­laşdıraraq, dövlətimizə və ümumi işimizə xeyir vermişdir.

Möhtərəm Prezident, pambıq­çılığa böyük yer verdiyiniz üçün kənd əhalisi işlə təmin olunub, hamı işləyir, qazanır, evinə çörəkpulu aparır. Kürsəngi kəndinin gənclərinin adından Sizə minnətdarlığımızı bildiririk. Çox sağ olun. Allah Sizə cansağlığı, uzun ömür versin!”

Bu sıraya Salyandan Aygün Salmanovanın, Yardımlıdan Rüfət Sarıyevin, Sumqayıtdan Kənan Mahmudlunun, Bakıdan Rəmzi Dədəkişiyevin, Betləqandan Mircəfər İsmayılov və başqaları­nın, İmişlidən Şəmsiyyə Rahma­novanın, payraxtdan Mehriban Mirzəyevanın, Şirvandan Fəridə Yahyayevanın, Qubadan Sahilə Ağasiyevanın və digər soydaşları­mızın məktublarını da əlavə edə bilərik. Çünki bütün məktublarda eyni məramdan, eyni məqsəddən, eyni məmnunluqla söz açılır.

Hazırladı: İttifaq MİRZƏBƏYLİ, “Xalq qəzeti”

3 2020 01:37 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə